"Azərbaycan HHQ Cənubi Qafqazda ən güclü potensiala malikdir" - HƏRBİ-EKSPERT BİLDİRİB

"Bu gün Azərbaycan Silahlı Hərbi Hava Qüvvələrinin 31-ci ildönümüdür. Əlbəttə ki, bunun yaranması və formalaşması Ulu Öndərin Azərbaycana qayıdışı dövrü ilə bağlıdır. Birinci Qarabağ müharibəsində də bizim pilotlarımız böyük hünər göstəriblər. Ulu Öndərin rəhbərliyi altında keçirilən Horadiz əməliyyatı zamanı döyüşlərin birində Azərbaycan pilotlarının hava hücumu nəticəsində düşmənin Füzuli istiqamətində 500 nəfərdən çox şəxsi heyətini itirdiyi barədə məlumatı komandanlığa çatdırmışdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, atəşkəs dövründən sonra Azərbaycanın digər sahələri və növləri kimi Hərbi Hava Qüvvələri də öz inkişaf dövrünü yaşamışdır: "Bu istiqamətdə böyük işlər aparan və Ulu Öndərin qoyduğu Azərbaycan ordusunun inkişafı ilə bağlı prinsiplərin davamçısı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Hərbi Hava Qüvvələrinin inkişafını daim öz diqqəti altında saxlayır. Mən deyərdim ki, postsovet məkanında bizim pilotlara digər respublikalar yaxşı mənada paxıllıq edirlər. Çünki iqtisadi problemləri olan postsovet məkanında əlbəttə ki, bahalı olduğu üçün uçuş hazırlığını bir çox yerlərdə ixtisara salırdılar. Yegane respublika Azərbaycan idi ki, pilotların uçuş saatları postsovet məkanındakı digər ölkələrə məxsus pilotların uçuş saatından çox idi. Belə olduğu halda qısa bir zamanda biz öz pilotlarımızı qardaş Türkiyə pilotları ilə birgə təlimlərdə və digər tədbirlərdə gördük".

Ekspert sözlərinə davam edərək bildirib ki, Türkiyə kimi güclü potensialı olan dövlətin pilotları ilə ayaqlaşa bilirsə, bu Azərbaycan pilotlarının yüksək hazırlığından xəbər verir: "Digər tərəfdən cənab Prezidentin səyləri nəticəsində Azərbaycan pilotları dünyada olan kurs və təlimlərdə tez-tez iştirak edir, burada qazandıqları təcrübədən istifadə edirlər. Azərbaycan pilotları öz bacarıqlarını İkinci Qarabağ müharibəsində də göstərdilər. Azərbaycanın Hərbi Hava Qüvvələri düşmənin hava hücumundan müdafiə sistemlərini qısa bir müddətdə sıradan çıxarmışdır.

Azərbaycanın Hərbi Hava Qüvvələrinin texniki imkanları gündən-günə genişlənir. Bugünkü gündə bizim IV və V nəsil təyyarələrin tələblərinə cavab verən təyyarələrimiz var. Düşünürəm ki, II Qarabağ müharibəsində qazanılan qələbənin nəticələri daim təhlil olunur. Həm texniki parkın yenilənməsində, həm də pilotların hazırlanmasında bu təcrübədən irəli gələn yanaşmalardan istifadə olunur. Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri demək olar ki, Cənubi Qafqazda ən güclü potensiala malikdir. Bunun da əsasını pilotlarımızın peşəkarlığı təşkil edir. Mən də 31-ci ildönümü ilə əlaqədar bu sahədə çalışan bütün peşəkarları təbrik edir və onlara Azərbaycan ərazi bütövlüyünün müdafiəsində uğurlar arzu edirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə