"Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu günü-gündən artır" - ŞƏRH EDİLDİ
"Aprelin 3-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində elektrik enerjisi və bərpa olunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu günü-gündən artır: "Ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 10 ölkəsinə qaz ixrac edir. Rumıniya da qazımızın alıcısıdır. Amma bu gün Azərbaycan yaşıl enerjini Avropaya ixracı layihəsinin üzərində işləyir. Ölkəmizdə bərpaolunan enerji sektoruna böyük investisiyalar yatırılır. Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında imzalanmış sənədlərə əsasən Qara dənizin dibi vasitəsilə Yaşıl Enerji Dəhlizi yaradılır. Ölkəmiz yaxın gələcəkdə neft-qazın olduğu kimi yaşıl hidrogen və bərpa olunan elektrik enerjisini də Avropaya ixra etməyə başlayacaqdır. Rumıniya ilə bağlanmış memorandum yaşıl hidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə imkan verəcəkdir. Azərbaycan Avropanın enerji xəritəsini dəyişmişdir. Bu baxımdan ayrı-ayrı ölkələrlə ikitərəfli şəkildə sənədlərin imzalanması və layihələrin icrası Azərbaycanın Avropada rolunu günü-gündən artırır və mövqelərini möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə