"Doqquz ayda əmtəə ixracı azalıb, idxalı artıb"

Bu ilin doqquz ayında əmtəə ixracı 11,7 faiz azalaraq 19,3 milyard dollar təşkil edib. SİA xəbər verir ki, hesabat dövründə əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 16,9 milyard dollar olub.

İxrac olunmuş neft-qaz məhsullarının (16,9 milyard dollar) 11,6 milyard dolları xam neftin, 4,9 milyard dolları təbii qazın, 0,4 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 9 ayı üzrə qeyri neft-qaz ixracı 0,3 faiz daralaraq 2,4 milyard dollar olub.

Cari ilin 9 ayı üzrə əmtəə idxalı 3,5 faiz artaraq 12,3 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4,9 milyard dollar olub, bunun da 1,6 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 16,2 faiz artaraq 10,5 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (2,7 dəfə); kərə yağının (72,4 faiz); kommutasiya qurğularının (40,5 faiz); kran, klapan, boru kəməri armaturlarının (34 faiz); yük avtomobillərinin (29 faiz); metalların (24,6 faiz); bitki yağlarının (23,6 faiz); mebel məhsullarının (21,9 faiz); elektrik maşınların və aparaturanın (21,6 faiz); dəmiryol nəqliyyat vasitələrinin (lokomotivlərin) (19,7 faiz); qazanlar, avadanlıq, mexaniki qurğuların (19,4 faiz); daxiliyanma mühərriklərinin (18,5 faiz); hesablama maşınlarının (14,7 faiz); mexaniki kürək və ekskavatorların (13 faiz); tərəvəz məhsullarının (7,3 faiz); daş və şüşə məmulatlarının (5,5 faiz); ətir və kosmetik vasitələrin (5,3 faiz); sabun və yuyucu vasitələrin (5,2 faiz); tütün məhsullarının (4,7 faiz); alkoqollu və alkoqolsuz içkilərin (4,4 faiz) və minik avtomobillərinin (1,3 faiz) idxalı artıb. Bu dövrdə, uçuş aparatlarının (90,4 faiz); gəmilər, qayıqlar və üzən konstruksiyaların (61,8 faiz); traktorların (32,9 faiz); əczaçılıq məhsullarının (12,4 faiz); dənli bitkilərin (11,2 faiz); kağız məmulatlarının (3,3 faiz) və şəkərin (0,8 faiz) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,3 faiz təşkil edərək 0,4 milyard dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə