18 il terminal 2F-də yaşayan iranlı öldü

13 Noyabr 2022 19:40 (UTC+04:00)

Gərək ki, bu iranlı ilə bağlı Hollivudda çəkilən filmə baxmamış olmazsınız.

Beləliklə, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu günlərdə iranlı Mahran Kərimi Nasseri Paris Şarl de Qoll hava limanında dünyasını dəyişib.

O, 1980-ci illərin sonundan 18 il terminal 2F-də yaşayıb və ölümündən bir neçə həftə əvvəl oraya qayıdıb.

Kimdir bu, Mahran Kərimi Nasseri?

Deməli, Naseri 1945-ci ildə İranda anadan olub. 1974-cü ildə daha əvvəl ayrılmış anasını axtarmaq üçün Londona uçub. Çünki yaxınları Naseriyə anasının İngiltərəyə getdiyini bildiriblər. 1977-ci ildən 1981-ci ilə qədər iranlı altı ölkədən sığınacaq almağa çalışıb və nəticədə Belçika ona sığınacaq verib. İranlı bu ölkədə kitabxanaların birində işləyib.

1988-ci ildə Nasseri Fransadan keçməklə Böyük Britaniyaya köçmək qərarına gəlib.

Amma sənədlərini itirdiyinə görə, onu Fransaya göndəriblər.

Amma iranlının ölkəyə daxil olmaq hüququ olmayıb və o, hava limanında məskunlaşıb.

Beləliklə, 2F terminalında məskunlaşan Naseri orada bir neçə stul götürüb və günlərini dəftərinə öz həyatını yazmaqla, qəzet və jurnal oxumaqla keçirib.

Qeyd edək ki, 1999-cu ildə Nasseri Fransada qaçqın statusu alsa da, lakin 2006-cı ilə qədər hava limanının terminalında qalıb.

Qeyd edək ki, media və Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkən iranlının hekayəsi əsasında 2004-cü ildə “Terminal” tragikomediyasını çəkilib. Filmdə baş rolları Tom Hanks və Ketrin Zeta-Cons canlandırıb.

Maraqlıdır ki, filmin premyerasından sonra Naseri gün ərzində bir neçə müsahibələr verirmiş. Və o da maraqlıdır ki, bundan sonra o özünü “Ser Alfred” adlandırmağa başlayıb.

2006-cı ildə xəstələnib xəstəxanaya aparılan iranlı bundan sonra Spilberqin filmindən aldığı pulla yataqxanada yaşayıb.

Amma yataqxana həyatı Nasseri qane etmədiyindən o yenidən 2F terminalına qayıdıb və noyabrın 12-də elə hava limanındakı “yatağında da” vəfat edib.

Ağasəf Babayev