Azərbaycançılıq ideyasının təbliği daim diqqət mərkəzindədir – TƏHLİL

11 Noyabr 2022 16:45 (UTC+04:00)

Vətən sevgisi ilə birləşən xalqımız məhz Azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Azərbaycan torpaqlarının işğalına son qoydu. Azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. İndi hər kəs əvvəlkindən də daha çox əmindir ki, Azərbaycançılıq ideyası xalqımızın birliyi, həmrəyliyi üçün ən vacib şərtdir və bu ideyanın təbliği də daim diqqət mərkəzində olmalıdır.

Şahidi olduq ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan mübarizədə hər bir azərbaycanlının öz töhfəsini vermək istəyi və niyyəti qürurverici məqamdır. Bütün dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsi gücümüzə güc qatdı desək, yanılmarıq. Məhz milli birliyimizin, həmrəyliyimizin, Azərbaycançılıq ideyasının təbliği bu baxımdan daim diqqət mərkəzindədir.

Bilirik ki, ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanda xaos hökm sürürdü və bizi parçalamaq istəyən qüvvələr məhz milli birliyimizin yaranmasına mane olmaq istəyirdilər, hansı ki, bunun üçün əllərindən gələni də əsirgəmirdilər və bu vəziyyətdən istifadə edən düşmən öz məkrli niyyəti, işğalçılıq siyasəti ilə torpaqlarımıza hücum etməyə cəsarət etdi. Həmin dövrdə səriştəsiz hakimiyyətin mövcud vəziyyəti dəyişməkdə, birliyimizi təmin etməkdə aciz olduğunu görən işğalçılar Azərbaycan ərazilərini işğal edə bildilər. Əks halda, yəni milli birliyimiz, həmrəyliyimiz təmin olunsaydı düşmən buna cəsarət belə edə bilməzdi. Əfsus ki, həmin dövrdə vəzifə hərisliyi ilə hakimiyyəti ələ keçirənlər Azərbaycançılıq ideyasının, həmrəyliyin, milli birliyin nə olduğunu düşünmək belə istəmirdilər və nəticəsi də xalqımız üçün arzuolunmaz oldu. Azərbaycanın çox çətin bir durumda olduğu vaxt xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə olan xaosun, hərcmərcliyin, parçalanmaların qarşısını aldı və xalq öz dahi rəhbərinin ətrafında birləşdi. Bir sözlə, Ulu Öndərin hakimiyyətə gəlişi ilə birliyimizin, həmrəyliyimizin təməli qoyuldu və düşmən bu vəziyyətə görə öz hesabını götürdü, bildi ki, artıq xalqımız bir ideya, Azərbaycançılıq ideyası ətrafında birləşib və vətənin müdafiəsi uğrunda birliyimiz təmin olunub. Təbii ki, işğalçılar bu reallıqla barışmaq məcburiyyətində idilər və ilk növbədə atəşkəsin təmin olunması da, düşmənin işğalı davam etdiməsinin dayandırılması da bu reallıqla bağlı idi.

Sözsüz ki, hakimiyyətə yenidən qayıdan Ulu Öndər milli maraqların təmin olunmasında birliyimizin, həmrəyliyimizin, Azərbaycançılıq ideyasının təbliğ olunmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə əlindən gələni əsirgəmədi. Ümummilli Lider ilk növbədə ölkəmizi parçalanmaqdan xilas etdi və xalqı bir ideya, Azərbaycançılıq ideyası ətrafında birləşdirdi. O zamandan etibarən də hansısa qüvvələrin maraqları deyil, milli maraqlarımız ön planda durdu, hansı ki, indi də həmin ənənəyə sadiq qalaraq, hər birimiz üçün milli maraqlarımız birinci yerdədir və biz bunun 44 günlük Vətən müharibəsində də şahidi olduq. Şahidi olduq ki, hər bir azərbaycanlı Vətən uğrunda canından, qanından keçməyə hazırdır və döyüşlər zamanı da bu həqiqət öz təsdiqini tapdı.

Azərbaycançılıq ideyasının, milli birliyimizin, həmrəyliyimizin vacibliyini nəzərə alan Ulu Öndər xarici ölkələrə səfərləri zamanı həmin ölkədə yaşayan azərbaycanlılarla görüşmək üçün də vaxt ayırırdı və görüş zamanı onları birliyə, həmrəyliyə səsləyirdi. Bir sözlə, xalqımızın Ümummilli Lideri təkcə ölkə daxilində deyil, sərhədlərimizdən kənarda da birliyimizin, həmrəyliyimizin olması üçün çalışırdı və buna nail oldu da. Xarici ölkələrdə Azərbaycan diasporlarının yaranmasının da əsası elə həmin dövrə təsadüf edir və bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycançılıq ideyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir, hansı ki, bu ideya onun siyasi varisi, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir, dəstəklənir.

Hal-hazırda vətənimiz özünün ən güclü, ən qüdrətli, ən uğurlu dövrünü yaşayır və torpaqlarımızı işğaldan azad etmək uğrunda 44 gün davam edən, ölkəmizin qələbəsi ilə nəticələnən mübarizəmiz, qazandığımız Zəfər Azərbaycanın gücünü, qüdrətini və potensialını bütün dünyaya sübut etdi. Sübut edildi ki, milli birliyimiz, həmrəyliyimiz sarsılmazdır və Azərbaycançılıq ideyası bizim üçün ən başlıcasıdır. Xalqımızın öz rəhbərinə, Ali Baş Komandanına, öz Prezidentinə inamı və birliyi dünyanın tanınmış, nüfuzlu beynəlxalq təşkilatlarının 30 il ərzində bacarmadığı işin öhdəsindən 44 gün ərzində gəlmək üçün yetərli oldu. Azərbaycançılıq ideyasının nəyə qadir olduğu, birliyimizin, həmrəyliyimizin güçü özünü göstərdi. Biz Azərbaycançılıq ideyası ətrafında bir yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq, birlikdə güclü olduğumuzu sübut etdik.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüş, müharibə bizim qələbəmizlə başa çatdıqdan sonra biz diplomatik müstəvidə də qələbələrə imza atmaqda davam edirik və beynəlxalq platformalarda görüşlər zamanı ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin uğurları hər birimiz üçün qürurvericidir və bizi sevindirir, ruhlandırır. Hər dəfə şahidi oluruq ki, Ali Baş Komandanımız diplomatik müstəvidə milli maraqlarımızdan çıxış edir, milli maraqlarımızı müdafiə edir və Azərbaycançılıq ideyası hər zaman, hər yerdə ön plandadır. Bu ideya isə bizə elə hər zaman və hər yerdə qələbələr, Zəfər bəxş edir və inanırıq ki, bundan sonra da bəxş edəcək. Deməli, Azərbaycançılıq ideyasının təbliğinin daim diqqət mərkəzində olması əbəs yerə deyil.

İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.