Maaş artımları inflyasiyanı kompensasiya edəcəkmi? - ANALİZ

11 Noyabr 2022 15:43 (UTC+04:00)

Qlobal iqtisadi böhranla bağlı bir çox məhsulların qiymətinin bahalaşması əməkhaqqı və pensiyaların artırılımasını şərtləndirir. Bununla bağlı artıq anons verilib və gələn ilin yanvrından maaş və pensiyalarda artımların olacağı gözlənilir.

Rəsmi məlumatlara görə, cari ildə inflyasiya 14 faiz, ərzaq inflyasiyası isə 21 faiz olub. Maaş və pensiya artımları isə 14 faiz olub, gələn ildən etibarən daha 20 faiz civarında artım gözlənilir. Bununla yanaşı minimum əməkhaqqının 300 manatdan 400 manata qaldırılması vacibdir. Artımlar inflyasiyanı indeksasiya etməlidir ki, əhalinin sosial vəziyyəti ağırlaşmasın. Hazırda ölkə üzrə orta aylıq əməkhaqqı 827 manata çatıb. Bakı da isə orta maaş 1000 manat civarındadır.

İndiyədək adambaşına yaşayış minimumu 200 manat idi, artımdan sonra 240 manat təşkil edəcək ki, bu 5 nəfərlik ailə üçün 1400 manat ümumi gəlirin olması deməkdir. Lakin əksər ailələrin gəliri bu məbləğdən aşağıdır. Üstəlik, bahalaşmanın davam etməsi ilə bağlı minimum istehlak səbətinin dəyəri də durmadan artır. Bu səbəbdən həm minimum əməkhaqqının və minimum pensiyaların, həm də yaşayış minimumunun artırılması aztəminatlı ailələrin sosial müdafiəsi üçün çox vacibdir.

Ölkədə maaş və pensiyaların artırılması əhalinin sosial vəziyyətinin yüksəlməsinə xidmət edir. Lakin ənənəvi olaraq bəzi işbazlar tərəfindən bu artımlardan sonra gündəlik məhsulların qiymətlərinin süni bahalaşdırılması tendensiyası müşahidə olunur ki, bu da son nəticədə inflyasiyanı artırır, edilən artımları səmərəsiz hala gətirir. Ölkə prezidenti bir neçə dəfə belə hallara qarşı sərt reaksiya verib və süni bahalaşma halları aradan qaldırılıb. Bəs bu il belə bir halın təkrar olunması nə dərəcədə realdır və ümumiyyətlə bunun qarşısının alınması istiqamətində hansı tədbirlər görülməlidir?

Hazırda bütün ölkələrdə olduğu kimi, bizim ölkədə də əksər məhsul və xidmətlərin qiymətində davamlı artım müşahidə olunur. Maaş və pensiya alanların gəlirləri artırılanda paralel olaraq qiymət artımları da baş verir ki, nəticədə artımların nəticəsində gələn gəlirlərin alıcılıq qabiliyyəti aşağı düşür. Bu prosesə, hər artımdan sonra yaranan süni bahalaşma da təsir göstərir ki, nəticədə artırılan məbləği inflyasiya “yemiş” olur.

Bir çox hallarda heç əsas olmadan bahalaşma yaradılır ki, bundan da əhali zərər çəkir. Bəzi hallarda ölkə rəhbəri səviyyəsində müdaxilə edilərək aradan qaldırılsa da, bir sıra hallarda vəziyyət dəyişmir.

Büdcədən maliyyəşənlərin maaş və pensiyaları qaldırılandan sonra baş verən bahalaşma meyilləri təkcə onlara deyil, özəl və ictimai sektorda çalışan və maaşları artmayan vətəndaşlara da zərər vurur. Çünki, maaşı artımları dövlət büdcəsindən əməkhaqqı alanlara aid olur, özəl şirkətlərdə işləyənlərin maaşları artmır.

Süni bahalaşmanın qarşısını almaq üçün inzibati metodların tətbiqi də mümkündür, lakin burada başqa faktorlar da var ki, ilk növbədə onlara toxunmalıyıq. Bazarda süni proseslərin qarşısını almaq üçün rəqabət mühiti təmin olunmalıdır.

Məhsulunu bazara çıxaran şəxs və ya şirkət bunun üçün verdiyi rüşvətləri məhsulun üzərinə əlavə edir və qiymətlər süni şəkildə artır. Qiymətlər bazar stabilləşdirməlidir, tələb-təklif münasibətləri əsas rol oynamalıdır. Ona görə də, dövlət başçısının dediyi kimi, inhisarçılıq, korrupsiya halları aradan qaldırılmalıdır.

İnzibati təzyiq vasitələri müvəqqətidir, amma bunun da təsiri ola bilər. İnzibati təzyiq ona yönəlməlidir ki, sahibkarların, məshul istehsalçılarının əlavə xərcləri yaranmasın. Əks halda, qiymətlər süni şəkildə artacaq. Ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, təzyiqlər aradan qaldırılmalıdır.

Qiymət və qiymətləndirmə məsələsini tamamilə bazarın öhdəsinə buraxmaq da düzgün deyil. Çünki burada təkcə iqtisadi problem deyil, ictimai, siyasi, sosial və mənəvi məsələlər də birləşir. Belə ki, bəzi qiymətlərin dövlət tərəfindən tənzimlənməsi həmin məhsulların və xidmətlərin ucuzlaşması ilə nəticələnə bilər ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinə müsbət təsir edər.

Dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə, qiymətlərin müəyyən sərbəstliyi və sahibkarın qiymət sahəsindəki sərbəstliyi ilə yanaşı, dövlətin tənzimləyici siyasəti də mühüm yer tutur. Məsələn, hətta ABŞ kimi klassik bazar iqtisadiyyatına malik olan ölkədə gündəlik tələbat məhsullarından tutmuş strateji məhsullara qədər 900-ə yaxın adda məhsul və xidmətin qiyməti dövlətin nəzarətindədir.

Bu o deməkdir ki, həmin qiymətlər müəyyən dəhliz daxilində tənzimlənir, yəni onun mümkün minimum və maksimum qiymətləri müəyyən edilir və qiymətlərin bu arada olması təmin edilir.

Buna baxmayaraq, prosesi təkcə inzibati metodlarla tənzimləmək mümkün olmayacaq. Bazarda daha çox bolluq yaratmaq üçün istehsalı stimullaşdırmaq, bazara çıxışları asanlaşdırmaq lazımdır. Fermerlərin məhsul istehsalı ilə daha fəal və səmərəli məşğul olması üçün dövlət dəstəyi gücləndirməlidir. Dünyadakı ərzaq qıtlığının Azərbaycana təsirini azaltmaq üçün müvafiq addımlar atılmalıdır.

Dünya ölkələrində kəskin qiymət artımı müşahidə olunmur. Adətən bir neçə faizlik artım qeydə alınır. Bu da iqtisadi amillərlə, tələb və təkliflə bağlı olur. Azərbaycanda qiymət artımı isə, əsasən, sahibkarların daha çox mənfəət əldə etmək istəyi ilə bağlıdır. Sahibkarlar tələbin daha çox olduğu və dövrüyyədə pulun artdığı dövrdə daha çox vəsait qazanmaq istəyirlər.

Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, hökumət elə bir optimal mexanizm tapmalıdır ki, həm bazar rəqabəti qaydaları pozulmasın, həm süni bahalaşmnın qarşısı alınsın ki, əməkhaqqı və oensiya artımları inflyasiyanın yeminə çevrilməsin. Qlobal böhranlar şəraitində daxili bazarı qorumaq, əhalinin sosial müdafiəsini gücləndirmək, iqtisadi artımı təmin etmək həyati dərəcədə vacibdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” çərçivəsində hazırlanıb.