Sənəti ucaldır əsl SƏNƏTKAR...

9 Noyabr 2022 23:40 (UTC+04:00)

Azərbaycan mədəniyyəti son illər özünün ən böyük inkişaf dövrünü yaşayır. Bu, mübaliğəsiz, heç bir tərifə ehtiyacı olmayan real faktdır. Xüsusilə Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün həyata keçirdiyi qlobal layihələr, keçirilən muğam müsabiqələri, əsasən də Azərbaycan mədəniyyətinin, muğam musiqisinin xarici ölkələrdə təbliğ oluması üçün görülən işlər dediklərimizi tam təsdiq edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə musiqi sənətimizin gənclər arasında daha da populyarlaşması, xüsusilə muğam sənətinin yeni əsrdə böyük inkişafına nail olmaq üçün geniş tədbirlər reallaşdırılıb. Musiqi sənətinə qazandırılan gənc, istedadlı xanəndələr dediklərimizi tam əminliklə təsdiq edir. Bölgələrimizdə də musiqi sənətinin inkişafı konsepsiyasından nəsibini alan xeyli gənclərimiz var. Xüsusilə xanəndəlik sənətində irəli çıxan, el-obanın hörmət və ehtiramla yanaşdığı gənc xanəndələrin sayının artması olduqca sevindirici haldır.

Musiqi mədəniyyətimizin gənc və istedadlı nəsilə etibar edilməsi, ilk növbədə musiqi xəzinəmizin gələcək nəsillərə etibarlı şəkildə çatdırılması baxımından çox önəmlidir. Bir xalqın milli-mənəvi varlığı həm də ilk olaraq musiqi mədəniyyətinin zənginliyi, qədimliyi, rəngarəngliyi ilə bağlıdır. Mədəniyyət bir xalqı əsrdən-əsrə keçirən TARİX KÖRPÜSÜDÜR!
Musiqimizi bölgələrdə təblig edən, xanəndəlik sirlərini insanlara sevdirməklə yanaşı, həm də gənc pedaqoq kimi milli musiqimizi yeni nəsillərə öyrədən daha bir istedad barədə danışacam sizə. Şabran rayonunda Natiq Əliyevi istedadlı xanəndə, yaxşı musiqi bilicisi kimi tanıyırlar. “Elin gözü tərəzidir” el misalı heç vaxt boşa səslənmir. Çünki sənətkara ən dəqiq qiyməti xalqın özü verir. Xanəndə N.Əliyev də Şabranda el-oba sevgisi qazanan sənətkarlardandır.
Şabran rayonunun Çuxurəzəmi kəndində doqulan N.Əliyev, 11 illik orta məktəbi bitirdikdən sonra, musiqi elminin dərinliklərini öyrənmək üçün 2001-ci ildə o zaman Asəf Zeynallının adını daşıyan, hazırkı Bakı Musiqi Kollecinə daxil olur. Xalq artisti Zabit Nəbizadənin tələbəsi olan N.Əliyev təhsil illərində çalışqan tələbə kimi tanınıb. Kolleci bitirdikdən sonra N.Əliyev bir il Müşfiqabad mədəniyyət evində çalışır. 2007-ci ildən isə, Şabran rayon musiqi məktəbində xanəndə müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Gənc xanəndə hazırda rayonda istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması üçün var əzmi ilə çalışır. Təsadüfi deyil ki, həm pedaqoji fəaliyyəti, həm də xanəndəlik ustalığına görə N.Əliyev dəfələrlə rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunub, 2007-ci ildən rayonda keçirilən bütün rəsmi tədbirlərə iştirak edib.
N,Əliyev, həmçinin 2019-cu ildə Dünya televiziyasında keçirilən “musiqi bir incidir” adlı musiqi yarışmasında qalib olub. Bölgələrimizdə el sənətkarları həmişə sevgi və rəğblətlə qarşılanıb. Bu gözəl ənənəni öz istedadı və musiqi savadı ilə yaşadığımız günlərdə də uğurla davam etdirən gənc xanəndələr gerçəkdən böyük alqışa layiqdirlər. İnanırıq ki, N.Əliyev kimi gənc xanəndə və musiqiçilərimiz musiqi sənətimizin daha böyük zirvələrə ucalması üçün, milli musiqimizn gələcək nəsillərə çatdırılması üçün onlara bəslənən etibar və ümidi doğruldacaq, özləri də gələcək illərdə elimizin böyük sənətkarları kimi gələcək nəsillərə örnək sənətkar olacaqlar. Çünki sənəti ucaldır əsl SƏNƏTKAR!.