"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Yunanıstanda yerləşən Azərbaycan Evi Saloniki şəhərində “Zəfər Günü və Bayrağım” adlı bayram tədbiri ilə Qarabağ Zəfərimizin ikinci ildönümü və Dövlət Bayrağı Gününü qeyd edib. SİA xəbər verir ki, tədbirə Salonikdə yaşayan soydaşlarımızla yanaşı, gürcü və türk diasporasının üzvləri də qatılıblar.
Tədbiri cəmiyyətin baş katibi Salatın Məmmədli açaraq qonaqları salamlayıb və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Cəmiyyətin sədri Rəşid Məmmədov 44 günlük döyüş Zəfərimiz və Dövlət Bayrağı Günü barədə tədbir iştirakçılarına məlumat verib.
O qeyd edib ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi.
Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması uğrunda səfərbər və həmrəy olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşa şəhərinin düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi, kapitulyasiyası ilə nəticələnib. 2020-ci il noyabrın 8-i Qarabağa qovuşduğumuz tarixi gündür. Bu, böyük Qələbə günüdür. Şanlı tariximizə daxil olan Zəfər Günüdür. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nida qoyduğu gündür. Üçrəngli bayrağımızın yenidən Şuşada, Laçında və başqa şəhərlərimizdə dalğalandığı gündür”.
Tədbir musiqi proqramı ilə davam edib.