Ağ bayraq gününüz mübarək! - KÖŞƏ

10 Noyabr 2022 16:11 (UTC+04:00)

44 günlük Vətən müharibəsinin sonuncu günü-10 noyabr xalqımız üçün nə qədər qürurverici gündürsə, erməni xalqı üçün əgər dərk edirlərsə, bir o qədər kədərli gündür. Onlar əsrlər sonra da 10 noyabrı ağ bayraq günü kimi xatırlayacaqlar. Beləliklə ağ bayraq gününüz mübarək, erməni xalqı!

Atalarımızın çox gözəl, düşünülmüş, yerində deyilmiş deyimləri var. Onlardan biri də “bu günün sabahı da var” deyimidir. Bəzi insanlar yalnız bu gün üçün yaşayırlar. Düşünürlər ki, bu gün hər gün olacaq. Ona görə də bir metr qarşını görmə qabiliyyətini itirir və öz aləmlərində yaşamağa başlayırlar. Məsələn, ermənilər kimi. 30 ildə nələr etmədilər? Düşündülər ki, bu gün hər gün olacaq. Lakin düşünmədilər ki, bu günün sabahı da var. Və o sabah necə açılacaq, onu Yaradandan başqa heç kim bilmir.

Bir zamanlar süfrəmizin artıq-urtuğuyla qarnı doyanlar bir azca dirçələn kimi başladılar özlərinə yer etməyə. Dedilər çəkilin o yana, ta bura bizimdir. Yenə də havadarları köməklərinə gəldi. Çünki onların bu fikri havadarlarına da olduqca sərf edirdi. Başladılar, öz də necə? Əlbir olub bir “ayı” bir “şir” ilə... Dovşan da oldu bizim o illərdə onlara torpaq satanlarımız. Hamısı dedilər ki, gün bu gündü, hər gün də bu gündü.

Başımıza açılmayan oyun qalmadı. Müharibə gördük, qan-qada gördük, gözlərimiz önündə öldürülən uşaq-böyüyü gördük. Evlərimizi tərk etdik, şiş burnunda. Yurdumuzdan qovulduq, silah ucunda. Qapılarımızı bağladıq öz əllərimizlə. Əzizlərimizi doğma torpaqlarımızda yadla bir yerdə qoyub gəldik. Gəlmədik, zorla qovulduq.

30 ildə həsrət, hicran, nisgil, göz yaşı, yurd dərdi dağ çəkdi sinəmizə. Qarabağ deyiləndə dodağımız yeddi yerdən çatladı. Neçə-neçə soydaşımız yurd deyə-deyə yanıb yaxıldı, məzara girdi. Nə arzular yarımçıq qaldı. Nə istəklər ürəklərdə məzarlaşdı. Biz burada, Qarabağ orada yandıq-yaxıldıq.

Erməni də bizim torpaqlarımızın sərvətini qonşularıyla birlikdə satdı-sovdu. Dedi, gün bu gündür, hər gün də bu gündür. Dartdılar, dağıtdılar, xarici bazarlara çıxartdılar sərvətlərimizi. Yerdə qalan nə vardısa, söküb taladılar. Camaatın bir ömürlük dişi-dırnağı ilə tikdiyi evlərinə belə tamah saldılar, söküb-dağıtdılar. Qapı-pəncərəsini, dam örtüyünü qonşuluğa daşıyıb orada satıb-sovdular.

Bu günün sabahı nəhayət ki, gəlib çatdı. 44 günlük Vətən Müharibəsi ermənilərə də, onların qonşularına da, havadarlarına da çox məqamları göstərdi. Ən birinci onu göstərdi ki, bəli, bu günün sabahı da var. Və onların düşündüyü kimi, eyni sabah deyil, fərqli sabahdır.

Bu fərqli sabah bizim üçün açıldı. Zəfərimiz, qələbəmiz, torpaqlarımızın 30 illik işğalına son qoymaq üçün açıldı. Birinci Vətən Müharibəsində olduğu kimi, yenə də 44 gündə minlərlə şəhid verdik, minlərlə qazimiz oldu, lakin erməni adlı murdarı qovub pak Qarabağımızdan çıxara bildik. Düşmənə torpağın şərəf, namus məsələsi olduğunu anlada bildik. Başlarına od yağdırmaqla, dəmir yumruq çırpmaqla torpağımızı geri aldıq.

Onlar nə etdilər? Yenə köhnə adətlərinə başladılar:

-Üz tutmadıqları qapı qalmadı,

-Zəng vurmadıqları adam qalmadı,

-Zəhləsini tökmədikləri ölkə qalmadı...

Sonda isə, bunların heç birindən xeyir yoxdur, məsələsini anlayanda, qandılar ki, artıq bu, 30 il əvvəl deyil, 30 il sonradır. Qarşılarında torpağı satanlar yox, torpağı qaytaranlar var. Torpağı satqı vasitəsi bilənlər yox, şərəf, namus məsələsi bilənlər var. Qarşılarında sınıq-sökük tar-tapança yox, müasir texnika var, dedilər yox, azərbaycanlıların süfrəsinin kənarında eşitdiyimiz məsəl-bu aş o aşdan deyil. Belə olanda 10 noyabrda ağ bayraq qaldırıb təslim olduqlarını bəyan etdilər, kapitulyasiya aktına imza atdılar.

10 noyabr- Qələbə günün mübarək, Azərbaycan!

10 noyabr-Ağ bayraq günün mübarək, Ermənistan! Sizdən fərqli olaraq biz humanistliyimizdə qalır və budur, sizi bayramınız münasibətilə təbrik edirik...

Mətanət Məmmədova