Paşinyan yenə sərsəmlədi – cavabı isə ağır olacaq! ANALİTİK+AKTUAL

10 Noyabr 2022 15:45 (UTC+04:00)

Və ya Ermənistanın baş naziri yenidən Qarabağa tərəfə gəc baxarsa...

Ermənistanın baş naziri Nikol Paşinyan çıxış etdiyi hökumət iclasında yenidən sərsəmlədi. O, Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Gününün 2-ci ildönümü ilə bağlı noyabrın 8-də Şuşaya səfəri zamanı irəli sürdüyü sərt, haqlı və ədalətli bəyanatlarına öz təbirincə “cavab” verib və erməni baş naziri bununla bir daha sübut edib ki, onun özü kapitulyasiya aktına imza atdıqdan, yəni 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra ölkəsi heç bir bəndə nəinki əməl etməyib, əksinə, təxribatlar hazırda da davam edir. Bəs Paşinyanın sərsəmləmələri hansılardır?

Ya giclikdən, ya biclikdən

Elə isə keçək mətləbə. Ermənistanın baş naziri bildirib ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti (RSK) sən demə qeyri-müəyyən vaxta qədər orada qalacaqmışlar. Daha dəqiq desək, Qarabağ erməniləri ilə bağlı hüquq və təhlükəsizlik məsələləri tam həllini tapmayana qədər və s. (?!)

Görünür, ya giclikdən, ya da biclikdən bu ifadələri önə sürən Paşinyan özünü unutqan olaraq göstərməyə çalışır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını dəfələrlə və müxtəlif beynəlxalq kürsülərdən vurğulayıb.

RSK-ya gəlincə isə, Paşinyan Üçtərəfli Bəyanatın 4-cü bəndində qeyd edilmiş müddəanın şərtlərini bir daha oxumalıdır. Belə ki, həmin bənddə bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq Qarabağa yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Əgər tərəflərdən biri 6 ay öncədən mövcud vəziyyətin davam etməsini istəmədiyi barədə bəyan etməzsə, həmin müddət növbəti 5 ilə qədər uzadılır. Bu baxımdan, Nikol nə qədər sərsəmləməyə iddialı olduğunu davam edəcəksə, bir o qədər həm özünü, həm də bütövlükdə Ermənistanı çıxılmaz və dözülməz duruma doğru sürükləyəcək.

Paşinyanın bu müstəvidəki görmə mənzərəsi başqa imiş...

Nikol Paşinyan sərsəmləməsinin növbəti mərhələsində onu da iddia edib ki, Azərbaycan rəhbəri bəyanatı vasitəsi ilə “güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinmə barədə Soçidə əldə edilmiş yazılı razılaşmaları pozub”.

Maraqlı interptetasiyadır, lakin Paşinyanın bu müstəvidəki görmə mənzərəsi başqa imiş... Onun dar düşüncəsinə görə, əgər müvafiq formalı bəyanat imzalanıbsa, bu zaman erməni baş naziri üzərinə götürdüyü daha əvvəlki öhdəliklərini icra etməyə bilərmiş. Görünür, Paşinyan bu məsələdə arxalana biləcəyi yer kimi məlum havadarlarına söykənir. Bununla da ömürlük “kart-blanş” qazandığını düşünür ki, heç kim, o cümlədən Azərbaycan onu üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməməsinə görə güldən ağır söz deməməliymiş və s. Amma Nikol burada da özünü “yandırıb” və reallığa qalanda daha pis vəziyyətə düşüb. Çünki Azərbaycan Prezidenti dünyanın siyasi arenasında sözünü, vədini yerinə yetirən dövlət başçısı kimi nəhəng nüfuza malikdir və bap-balaca “paşik” öz uğursuz komandası ilə birlikdə növbəti qapaz zərbələrinə məruz qalmayacağını hesab edirsə kökündən yanılır. Belə də ki, buyur üzərinə düşən öhdəlikləri yerinə yetir və xəbərdarlıq bəyanatlarına da məruz qalma!

Linç olunmamaq üçün isə ABŞ-ın Ermənistandakı səfirliyinin bunkerində gizlənmişdi və onda bu cür hikkəli danışmağa cürət belə etmirdi

Hələ bu da son deyil! Paşinyan bildirib ki, Ermənistan Qarabağ ətrafında, habelə Ermənistanın Azərbaycanla sərhədində delimitasiya olunmuş ərazi yaratmaq istəyirmiş və s...

Ermənistan öz ərazisində nə yaratmaq istəyirsə bu onun öz işidir. Qaldı ki, Azərbaycanın ərazilərinə, yəni Qarabağa və ətrafına – bu rəsmi Bakının öz işidir və nəyi, nə vaxt, necə edəcəyini də Azərbaycan Prezidenti İlham Əliyev qərar verir, bundan sonra da verəcək.

Daha yaxşı olardı ki, Nikol “Ermənistanın “artsaxda” ordusu yoxdur, “artsaxın” müdafiəsi ilə “müdafiə ordusu” məşğuldur”, yaxud “Bakı orada erməni həbrçilərinin olmamasına əmin olmaq üçün müşahidəçilər missiyasının “Dağlıq Qarabağa” göndərilməsindən imtina edib”, və ya “Artsax ordusu Bakının “genosidial” siyasətinə mane olur” tipli axmaq, səviyyəsiz və məntiqsiz fikirlərini hökumətin iclasında səsləndirməkdənsə artıq öz aqibəti barədə düşünsün. Məsələn, xatırlasın ki, 2 il əvvəl bu günlərdə o heç öz ölkəsində rahat gəzə bilmirdi, linç olunmamaq üçün isə ABŞ-ın Ermənistandakı səfirliyinin bunkerində gizlənmişdi və onda bu cür hikkəli danışmağa cürət belə etmirdi. İndi isə dilə gəlib...

Qaldı ki Paşikin bu iddiasına. Bir daha Üçtərəfli Bəyanatın bəndini xatırlatmaq pis olmazdı. Yenə də 4-cü bənddə bildirilir ki, söhbət yalnız Ermənistanın silahlı qüvvələrindən getmir, söhbət erməni silahlılarından gedir! Bu gün Nikolun sərsəm iddiasına görə “artsaxı” müdaifə ordusunun gücləri mühafizə edirsə” artıq həmin faktın özü birbaşa cinayətkarlıq, terrorçuluq amilini ortaya qoyur. Bu cinayətin qarşısının alınması üçün isə Azərbaycan öz suveren ərazisində hər an anti-terror əməliyyatlarını keçirə bilər və görünür, situasiya da buna doğru gedir!

Rövşən RƏSULOV

P.S. Şəxsi düşüncəmə və nəticələrimə görə Nikol Paşinyan bu sərsəm xarakterli fikir və düşüncələri ilə artıq növbəti dəfə sümüyə dirəmiş oldu. Günah isə onun özündədir...