İki gün öncə iki il əvvəl əldə etdiyimiz tarixi Zəfərimizin ikinci ildönümünü qeyd etdik. 2020-ci ildə yaşadığımız qanlı-qadalı, sevincli-kədərli 44 günlük müharibənin artıq iki ildir ki, Zəfərini qeyd edir, iki ildir ki, 27 sentyabr-10 noyabr tarixlərində həmin günlərə qayıdır, onları bir-bir yaşayaraq, yenidən qələbəyə gəlib çatırıq. Və hər iki ildə də Zəfərimizdən əvvəlki 30 ilə dönür, olanları-keçənləri göz önünə gətirir və bu bir qərinəyə qədər zaman kəsiyində başımıza gətirilən bəlaları xatırlayır, torpaqlarımızın işğal altında inlədiyini, soydaşlarımızın ev-eşyindən didərgin salındığını, ermənilərin bütün bu insanlığa sığmayan hərəkətlərinə dünyanın susduğunu ürək ağrısı ilə anır, torpaqlarımızın bu gün azad nəfəs alması ilə öyünür, qürur duyur, fəxr edirik.
30 il...
Düz 30 il torpaqlarımız erməni qəsbkarlarının tapdağı altında inlədi. Düz 30 il Qarabağsız qaldıq. 1980-ci illərin sonu, 90-cı illərin əvvəlində satıldı torpaqlarımız. Bunun üçün savaşdıq. Birinci Vətən müharibəsində minlərlə şəhid verdik, qazi qazandıq, lakin torpaqlarımızı geri qaytara bilmədik. Çünki onlar planlı şəkildə satılmışdı.
Düz 30 il göz yaşı axıtdıq. Hər Qarabağ adı gələndə ürəyimiz şan-şan oldu. 30 il o torpaqlardan məcburi şəkildə qovulanlar həsrət dolu bir həyat yaşadılar. Saray kimi evlərini qoyub didərgin həyat yaşayanlar sığınacaqlarda, çadırlarda olmazın əziyyəti ilə üzləşdilər. Əzizlərinin qəbrini o əzəli yurdlarda qoyub gələnlər 30 ildə bayramların nə olduğunu bilmədilər. Çünki bizdə bayram öncəsi qəbirlər ziyarət olunar, doğmalar yad edilər. Bu səbəbdən də bayramlar qaçqınlarımız üçün göz yaşına, nisgilə çevrildi. Əzizlərini yad edə bilmədikləri üçün bayrama bayram demədilər.
O gözəl torpaqlarımızdam qovulan yaşlı insanlarımızın ürəyi doğma yurd-yuvaları üçün dərd bağladı. Yaşlı insanların əksəriyyəti torpaq nisgili ilə dünyalarını dəyişdilər. “Torpaq-torpaq” söyləyə-söyləyə dünyaya əlvida dedilər.
30 ilin hər anında torpaqlarımızın işğaldan azad olunması üçün işlər görüldü. Ümummilli liderimiz Heydər Əliyev hər dəfə çıxışlarında Qarabağ məsələsinə toxunur, torpaqlarımızın bir gün azad ediləcəyini bildirirdi. Bunun üçün haqq səsimizin dünyaya yayılmasında misilsiz xidmətlər göstərirdi. Sonra isə dövlətimizin başçısı cənab İlham Əliyev Qarabağ məsələsini fəaliyyətinin əsas prioritetinə çevirdi. 2020-ci ilədək ötən 17 ilin hər anında, saatında bunu gördük. Ölkə rəhbərinin yüksək tribunalardan çıxışlarında, xalqa müraciətlərində, ikitərəfli danışıqlarında Qarabağ məsələsi əsas mövzu oldu.
Beləliklə iki il öncəki Zəfərimiz üçün düz 30 il hazırlıq getmişdi. Bunun üçün yollar axtarılmış, danışıqlar aparılmış, lakin çox təəssüf ki, dünya bütün bunların qarşısında susmuş, sanki deyilənləri eşitmirmiş kimi özünü aparmışdır. Çarə müharibə yolu ilə torpaqlarımızın azad edilməsinə qalmışdı ki, bunu ölkəmizin rəhbəri çıxışlarında dəfələrlə vurğulamışdı. Vurğulamışdı ki, torpaqlarımızı danışıqlar, sülh yolu ilə azad edə bilməsək, bunu hərb yolu ilə edəcəyik. Belə də oldu. Dünya susdu, ermənilərin arxasında duranlar yenə də durdu, onların yeni torpaq iddialarında olmalarına şərait yaratdılar. Biz isə onları yerlərində oturmaq üçün müharibəyə atıldıq.
2020-ci ilin 27 sentyabrında başlanan İkinci Vətən Müharibəsi bu səbəblərdən tarixin bir səhifəsinə çevrildi. O səhifə ki, orada Zəfər adlı bir qürur var. Bu Zəfəri xalqımıza bəxş edən müzəffər Ali Baş Komandanımız və milli ordumuzun qəhrəman zabit və əsgərlərindən bəhs edən şanlı bir dastan var. Bu dastan bütün dövrlərdə gənc nəsil üçün layiqli bir örnəkdir. Bu dastan hünər tarixi, şərəf tarixidir. Torpaqlarımızın-namus, şərəfimizin qurtuluş dastanıdır. Hər zaman qürur duyacağımız məqamdır.
30 ildən sonrakı 2 il
30 ilin sonrasındakı iki il bizim qələbəli illərimizdir. 30 il həsrətində olduğumuz Qarabağlı illərimizdir. Hicranın vüsallı illəridir. 30 il sonra doğmasının addımını duyan, hiss edən torpaqlarımızın bayram libası geyinən illəridir. Düşmənsiz, murdarlarsız illərdir. 30 il baharı qovub, payızı bağrına basan yurdlarımızın üzünün güldüyü, günəşini doğurduğu, yenidən gül-çiçəyini bitirdiyi illərdir.
Qarabağın doğmasının-anası Azərbaycanın yenidən qoynuna sığındığı, ana istiliyini, mehribanlığını, qayğısını hiss etdiyi illərdir. Düşmənin hər gün bir az da tar-mar etdiyi, köksünə balta çaldığı təbiətin dincliyi illəridir. Ötən 2 il daşı daş üstündə qalmayan Qarabağın novrağına qovuşduğu illərdir. Hüsnünün hər gün bir az gözəlləşdiyi, 30 ilki qara yaylığını başından atıb allı-güllü şalını başına saldığı illərdir. Bağrından dörd bir yana şırımlanan abad yollarına baxdıqca gözlərinə işıq gələn illərdir.
Ötən 2 il Qarabağ kimi, bütün xalqın qürur illəridir. Torpağını-namusunu, şərəfini müdafiə edib düşməndən alan xalqın başını dik tutub qürurla addımladığı illərdir. Otuz 365 günün kədərinin iki 365 gündə sevincə çevrilib bütün evlərin qapılarından içəriyə keçdiyi illərdir.
Bu iki il Azərbaycan tarixinin şanlı səhifələridir. Torpaqlarımızın düşməndən azad edilməsi ilə yanaşı, müzəffər Ali Baş Komandan, dövlətimizin başçısının Qarabağda dünyaya səs salan quruculuq işlərini həyata keçirdiyi illərdir. Müharibədən dərhal sonra köksü işıqlandırılan Qarabağın işıqlı günləridir. Sakinlərinin daha tez doğma yurdlarına qayıtması üçün bir-bir abadlaşdırılan rayonlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğu illərdir. Qürur dolu iki il tariximizin şanlı səhifəsidir...
Zəfər Günü, Bayraq Günü...
8 noyabr-Zəfər Gününün sonrakı gününü - 9 noyabrı Bayraq Günümüz kimi bayram edirik. Bayramlar bayrama qarışır. Bütün xalqın sevinci sevincinə qarışır. Təsadüfə bax ki, 8 noyabr gəlib 9 noyabrla qonşu oldu. Yəni Zəfərimiz Bayrağımızla qonşu oldu. Bunun böyük mənası var. 32 il öncə torpaqlarımız işğal olunanda hələ müstəqilliyimiz yenicə bərpa olunmuşdu. Biz sovet rejiminin zorla başımız üzərinə qaldırdığı o al qırmızı bayrağı yenicə endirib, illərlə ürəyimizdə yaşatdığımız, bir an belə fikrimizdən, xəyalımızdan, duyğularımızdan kənar tutmadığımız üçrəngli bayrağımızı yenicə başımız üzərində dalğalandırmışdıq. Qarabağın əksər yurdlarına bu üçrəngli bayrağımızın dalğası hələ gedib çatmamışdı. Onlar elə sovet bayrağı altında işğal olunmuşdu. Qarabağ həsrətində idi üçrəngli gözəlimizin. Sən demə hələ qarşıda düz 30 il bu bayrağa həsrət də qalacaqmış.
Atalarımızın gözəl bir deyimi var: Sən saydığını say, gör, Fələk nə sayır. Həqiqətən də çox maraqlıdır. Bu iki əlamətdar günün bir-birinin ardınca düşməsində böyük bir məna, ilahi bir qüvvə var. Sanki bu bayrağa həsrət Qarabağın acısı xətrinə, 30 il bu üç rəngin sorağı ilə gözləri yollara dikilən, onun dalğası üçün canını qurban verməyə hazır olan yurdlarımızın bu əzabına görə Ulu yaradan sıraladı bu bayramları. Sözün həqiqi mənasında, fələyin saydıqlarının şahidi olduq. Fələk Zəfərimizi 8 noyabra yazmaqla Qarabağın bundan sonrakı taleyini Zəfərli, Bayraqlı-bayramlı etdi. İllərin bayraq acısını Qarabağa unutdurmaq, 30 illik bayraq həsrətininə son qoymaq üçün Qarabağın ta ömürlük Zəfəri ilə Bayrağını birləşdirdi. Bəlkə bu bir-birinin ardınca iki bayram təntənəsi Qarabağa çəkdiyi əzabları unutdurar deyə...
Milli ordumuzun qəhrəman zabit və əsgərləri 2020-ci ilin 44 günlük müharibəsində bir-bir torpaqlarımızı azad etdikcə həmin yurdlara sancdığı bayraqla Qarabağın kədərinə, nisgilinə son qoydular. Hər dəfə başının üzərində bu bayrağı gördükcə qürurlandı Qarabağ. Onun rənglərindən ilham, dalğasından güç alıb illərlə qovduğu günəşi çağırdı. “Doğ, bu ellərə işığını, istiliyini ver”,- dedi. Bu işıq və istilik isə Qarabağın yenidən diçəlişi, özünə qayıdışı oldu. Əbədi işıq və qayıdış.
Odlar ölkəsindən odlu mesaj
Qələbəmizin ikinci ildönümündə ölkə başçısının Şuşadan-bu odlar ölkəsinin Qarabağının baş tacı olan diyarından ermənilərə verdiyi mesaj dəyərinə görə qiymətsizdir. Dəmir yumruqdan sonra düşmənin canına od salan ikici zərbə gücündədir. Cənab İlham Əliyev: İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.
Biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq.
Beləliklə iki ilin dünənində və bu günündə gördüklərimizin müqayisəsində eyni zamanda ölkəmizin gücünü, iqtisadi durumunu, xalq-iqtidar birliyini, həmrəyliyin, birliyin təzahürünü, vətəndaşların dövlətə, dövlətçiliyə məhəbbət və sədaqətini, torpağa sevgisini, gənclərimizin Vətən sevdasını, ən əsası isə dövlətimizin rəhbərinin liderlik bacarığını, dəyanətini, prinsipiallığını görür və bütün bunlar üçün qürur hissi keçiririk. Nə gözəl ki, Azərbaycanlıyıq!
Mətanət Məmmədova