“Cənab Prezident tez-tez işğaldan azad edilən ərazilərimizə səfər edir. Bu səfərlər zamanı dövlət başçısı görülən işlərlə tanış olur, gələcək planlar müəyyənləşdirilərək öz ata-baba yurdlarına köçən sakinlərlə görüşür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, Şuşaya səfər xüsusi əhəmiyyət kəsb edir: “Şuşa bizim kimliyimiz, müstəqilliyimizin simvollarımızdan biridir. Dövlət başçısı Şuşaya artıq 10-cu dəfədir səfər edir. Ölkə başçısı hərbiçilər qarşısında çıxış edərkən bir sıra vacib məqamlara toxundu. İlham Əliyev bir daha zəfərimizin əhəmiyyətini vurğulayaraq, Azərbaycanımızın öz ərazi bütövlüyünü və müstəqilliyini qorumaq əzmində olduğunu yenidən bütün dünyaya bəyan etdi. Həmçinin ölkə başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Azərbaycanın müstəqilliyini təhdid edən bəzi qüvvələr barədə də öz fikirlərini səsləndirib. Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu gün Cənubi Qafqazda daimi bir sülhün bərpa edilməsində əsas faktordur. Zəngəzur dəhlizinin indiyənə qədər açılmasına Ermənistanın şərait yaratmaması da bu qəbildən olan məsələdir. Şuşa səfəri zamanı ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir. Güclü ordumuz və dövlətimiz, ən əsası isə xalq-iqtidar birliyi aparılan siyasətin cəmiyyət tərəfindən dəstəklənməsi var.
Qeyd edim ki, İlham Əliyev həm də son zamanların ən aktual mövzusu olan rus sülhməramlıları ilə bağlı öz fikirlərini səsləndirərək, onların Azərbaycan ərazisində yerləşməsinin konkret müddətinin olduğunu, heç kəsin bu məsələyə hər hansı bir fikirlə ümidlənməməsini açıqladı. Cənab Prezidentin məhz Zəfər günümüzdə Şuşada çıxış etməsi Azərbaycanın qətiyyətinin, öz torpaqlarını bərpa etmə əzminin nümayişi idi. Azərbaycan xalqı öz rəhbərinin dili ilə bu gününün, sabahının istəyini ortaya qoydu. Dünya birliyi bir daha Azərbaycanın maraqlarını yüksək səviyyədə qorumağı bacaran və planlarının xalqın milli maraqları üstündə quraraq həyata keçirən bir lideri olduğunu gördü”.