"Azərbaycanın hər bir yerində çox möhtəşəm bayramlar təşkil etdik" - MÜNASİBƏT BİLDİRİLDİ

10 Noyabr 2022 11:19 (UTC+04:00)

“Sentyabrın 27-də başlayan Zəfər tariximiz 8 noyabrda Şuşanın alınması ilə nəticələndi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, biz bu “Zəfər Günü” münasibətilə Azərbaycanın hər bir yerində çox möhtəşəm bayramlar təşkil etdik: “Ali Baş Komandan İlham Əliyev də 8 noyabr tarixində Şuşaya səfər edərək, hərbiçilərimiz ilə görüşdü və bütün dünyaya çox mühüm mesajlar verdi. Dövlət başçısı istər Ermənistanla bağlı, istərsə də İranla bağlı öz fikirlərini səsləndirərək əhəmiyyətli məqamlara toxundu. Cənab Prezidentə sadiq olan ordumuz isə 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etdilər. Həmçinin Ali Baş Komandan Şuşa səfəri zamanı etdiyi çıxışlarda sentyabrın 13-14 tarixlərində baş verən əməliyyatlarımız barədə danışdı, Kəlbəcərdən Araz sərhədinə qədər olan ərazilərdə bütün yüksəkliklərin bizdə olduğunu vurğuladı.

Rusiya telekanalları 44 günlük Vətən müharibəmizdə hər zaman bizim əleyhimizə fikirlər səsləndirərək, daima Ermənistanın tərəfində oldular. Lakin onlar biz qələbə əldə edib torpaqlarımızı yenidən əldə etdikdən sonra tamamilə əks fikirlər səsləndirərək, sanki bizim tərəfimizdən çıxış edirlər. Təbii ki, bütün bunlar Ali Baş Komandanın güclü siyasəti, ordumuzun şücaəti, qorxmazlığı ilə baş verdi”.