Şuşanın 270 illiyinə həsr olunan film təqdim edilib

8 Noyabr 2022 19:43 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şuşanın 270 illiyinə həsr olunan film təqdim edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa şəhərinin salınmasından günümüzədək olan dövrdə baş verən bütün tarixi, ictimai-siyasi və mədəni hadisələr “Şuşa 270” sənədli filminin əsas motivini təşkil edir. Peşəkar komanda tərəfindən ərsəyə gətirilən ekran işinin çəkiliş prosesi Şuşa, Hadrut, Quba və Göygöl rayonlarında aparılıb. Əbədi və əzəli diyarımızın müxtəlif dövrləri əhatə edən taleyində həlledici rol oynayan tarixi personajlar aktyorlar tərəfindən canlandırılıb, ən önəmli hadisələr səhnələşdirilib. Filmin ssenarisində müxtəlif tarixi əsərlərdə yer alan faktlara istinad olunub.

Şuşanın Azərbaycan xalqının həyatında xüsusi yeri və rolu, qəhrəman Azərbaycan əsgərini ruhumuzun paytaxtına aparan çoxsaylı səbəblər, Müzəffər Ali Baş Komandanın diplomatik məharəti, sərkərdəlik qabiliyyəti, şəhərin azad olunmasını şərtləndirən xalq-lider-ordu birliyi filmdə sadə dillə və izahedici materiallarla izləyicilərə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Şuşa 270 il” adlı sənədli filmin çəkilməsi üçün açıq tender elan edilib. “Şahdağfilm” həmin tenderdə qalib gələrək “Şuşa-270” adlı sənədli filmi istehsal edib.