Tofiq Quliyevin xatirəsi anılıb

7 Noyabr 2022 16:00 (UTC+04:00)

Noyabrın 7-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 105 illiyinə həsr olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Tofiq Quliyev adına 12 nömrəli Musiqi Məktəbinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə tər çiçəklər düzüblər.

Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır: “Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Ona görə ki, T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl həriflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”, - deyə F.Əlizadə bildirib.

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb. Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyurdu. Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsil bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir. O, 1951-ci ildə "Azərbaycan xalq rəqsləri" toplusunun hazırlanmasında iştirak edib. Yaradıcılıqla yanaşı, T.Quliyev, həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilib. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarına layiq görülüb.

Diqqətə çatdırılıb ki, Tofiq Quliyev, həmçinin Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib.

Görkəmli bəstəkarın əsərləri dünən olduğu kimi, bu gün də, hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən sevgi və maraqla dinləniləcəkdir.