Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) davam edir. Azərbaycan bu konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Misirin ətraf mühit naziri xanım Yasmin Fuad ilə görüş olub. Bununla yanaşı, digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.
Noyabrın 18-dək davam edəcək konfransın əsas mövzuları iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma, müvafiq sahənin maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Qeyd edək ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2016-cı ildə isə Paris Sazişini ratifikasiya edib.