“Şor”un rəhbəri İlan Şorun arvadı Rusiya vətəndaşıdır

6 Noyabr 2022 18:51 (UTC+04:00)

Moldovada daxili işlər naziri Anna Revenko bu gün etiraz edən “Şor” partiyasını ölkədəki vəziyyəti və Rusiya ilə əlaqələri pozmaqda ittiham edib.

Onun dediyinə görə, qondarma etiraz aksiyaları sabitliyi pozmaq və demokratik kursu dəyişmək məqsədilə cəmiyyətə və siyasətçilərə qarşı planlaşdırılmış aksiyalardır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Moldova antikorrupsiya prokurorluğunun əməkdaşları “Şor” partiyasının regional idarələrində axtarışlar aparıblar. Səkkiz nəfər saxlanılıb. Müxalifət bu hərəkətləri prezident Maia Sandu və hakim “Fəaliyyət və Həmrəylik” partiyasının siyasi təqibi adlandırıb.

Revenkonun sözlərinə görə, axtarışlar zamanı bu fəalların etirazlarda iştirak etmək üçün vətəndaşları işə götürdüyünü, onların daşınmasını təşkil etdiyini təsdiq edən sübutlar toplanıb.

O, bunun arxasında “Moskvada qüvvələri”nin olduğunu da gizlətməyib. Moldovanın daxili işlər nazirinin sözlərinə görə, Kişinyovda keçirilən etiraz aksiyaları ölkə rəhbərliyini və onun seçdiyi Avropa kursunu gözdən salmaq məqsədi daşıyır.

Yeri gəlmişkən xatırladım ki, artıq sentyabrın 18-dən Kişinyovda Kommunist Partiyasının qoşulduğu “Şor” partiyasının müddətsiz etiraz aksiyası keçirilir. Etirazçılar qazın, digər enerji resurslarının və ərzaq qiymətlərinin görünməmiş artımından, yüksək inflyasiyadan və həyat səviyyəsinin aşağı düşməsindən şikayətlənirlər..

Bundan əlavə, etirazçılar hakimiyyəti böhranın öhdəsindən gələ bilməməkdə, rekord inflyasiyada və Rusiya ilə daha yaxşı qaz qiymətləri barədə danışıqlar aparmaq istəməməkdə ittiham edirlər.

Sonda deyim ki, biləsiniz, “Şor”un rəhbəri İlan Mironoviç Şorun arvadı Rusiya vətəndaşıdır.

Ağasəf Babayev