Şəhid Şahin Ağayevin ailəsi ziyarət olunub FOTOLAR

5 Noyabr 2022 13:31 (UTC+04:00)

8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri, "Mətbuat pr.40" (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi) ünvanlı ərazi partiya təşkilatının sədri Əlibaba Əliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Ağayev Şahin Azər oğlunun ailəsi ziyarət olunub. Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə nəticəsində tarixdə əbədi yaşayacaq, dövlətimizi qalib dövlət, xalqımızı qalib xalq olaraq təsdiqləyən Zəfər salnaməmizi yazdı. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etməklə, öz torpaqlarının və taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsi nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də şəhidlərimizin qanını almış oldu. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Ağayev Şahin Azər oğlu ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı