Regionların sosial-iqtisadi inkişafında yeni mərhələ başlayıb - TƏHLİL

4 Noyabr 2022 19:42 (UTC+04:00)

Ölkəmizin inkişafında heç şübhəsiz ki, regionların da xüsusi payı, çəkisi var və deməli, regionların sosial-iqtisadi inkişafı olduqca vacib, prioritet məsələdir. Bu səbəbdən də Azərbaycanda regionların inkişafına xüsusi diqqət ayrılıb və ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə görülən işlər, aparılan islahatlar da təbii ki, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına, əhalinin rifahının yüksəldilməsinə şərait yaratmaqdadır, hansıki bu, dayanıqlı iqtisadi inkişafın təmin olunması deməkdir. Təsadüfi deyil ki, ötən əsrin sonları ilə, müstəqilliyimizin yenidən bərpa olunduğu dövr ilə müqayisədə regionlarınızın əhəmiyyətli dərəcədə dəyişdiyinin, yeni simaya malik olduğunun şahidiyik.

İqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, yeni texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılması regional iqtisadi siyasətin əsas hədəfləridir və xatırladığımız kimi, ölkə rəhbəri, cənab İlham Əliyev hakimiyyətə gəldiyi zamandan etibarən bu hədəfləri müəyyən edərək, dövlətin yeni dəstək proqramının olacağını da elan etmişdi, hansıki biz bunun, bu dəstəyin artıq şahidiyik. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramlarının ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini də müşahidə etdik. Həmin dövlət proqramlarının regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, yəni məşğulluq səviyyəsinin artırılmasına, nəticədə də əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, bununla da yoxsulluq səviyyəsinin aşağı düşməsinə əhəmiyyətli dərəcədə təsir etdiyi də etiraf edilməlidir. Hətta etiraf edilməlidir ki, hal-hazırda icra olunan dövlət proqramı da bölgələrin sürətli inkişafına əsaslı zəmin yaradır. Ölkəmizin, dövlətimizin davamlı şəkildə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası regionların inkişafına təsirsiz ötüşmür və bu strategiya regionlarımızın inkişafını şərtləndirən əsas amil hesab olunur.

Bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində bundan sonra daha böyük nailiyyətlər, daha böyük nəticələr gözlənilir. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə, ərazilərimizin işğaldan azad edilməsi bundan sonra ölkəmiz üçün əlavə dividentlər deməkdir. Ona görə ki, kifayət qədər böyük olan həmin o işğaldan azad edilən ərazilərin iqtisadi potensialı da olduqca böyükdür. İstər əkinçilik, istər meyvəçilik, istər heyvandarlıq və istərsə də hərhansı kənd təsərrüfatı sahəsinin inkişafı üçün həmin ərazilər yararlıdır və bu da ondan xəbər verir ki, həmin bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələ başlayıb.

Əlbəttə ki, Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyub. Heç şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından istifadə olunması ölkəmizin inkişafı üçün böyük təkan deməkdir və yeni inkişaf mərhələsi dedikdə də məhz bu nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, iqtisadi əlaqələrin və ticarət əlaqələrinin bundan sonra inkişaf etməsi ilə Cənubi Qafqazda Azərbaycanın rolu və statusu daha da, özü də köklü şəkildə möhkəmlənmiş olur.

Böyük Qayıdış proqramı, işğaldan azad edilmiş ərazilərə qayıdış əlbəttə ki, eyni zamanda həmin ərazilərdə iqtisadi aktivliyin bərpası deməkdir. Artıq iqtisadi fəaliyyət tədricən bərpa olunmaqdadır. Məhz belə bir məqamda regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi daha aktual hesab olunur. Təsadüfi deyil ki, regional iqtisadi mərkəzlərin yaradılması ilə artıq növbəti keyfiyyət mərhələsinə keçid təmin olunur. Hazırda kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər görülür ki, bu da regionlarda məşğulluq səviyyəsinin artması, yeni iş yerlərinin açılması deməkdir. Həmin ərazilərə investorların cəlb olunması da təsadüfi deyil və regionların sosial-iqtisadi inkişafı baxımından müsbət tendensiya kimi xarakterizə olunur. Bu günədək 400-ə yaxın layihənin təşviq olunması, bunun hesabına da ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyuluşu, nəticəsində də 16 mindən çox yeni iş yerinin açılması artıq yeni mərhələnin başlanması istiqamətində nailiyyətlərdən xəbər verir.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin sərəncamı əlbəttə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Onu da vurğulamaq yerinə düşərdi ki, respublikamızın postpandemiya və postkonflikt dövründə, daha dəqiq desək, 2022‒2030-cu illəri əhatə edən keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olduğu sənəddə xüsusilə qeyd olunur. Deməli, regionların sosial-iqtisadi inkişafının artıq yeni mərhələsi başlanıb və bununla da iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da artacaq. Vətən müharibəsində möhtəşəm Zəfəri ilə Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də iqtisadiyyatının perspektivli inkişafı ilə bağlı əsaslı zəmin yaradıldı, hansıki bu, Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq dəyərləndirilir.

Müəllif: İnam Hacıyev

6.3.11. “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır