“Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtında keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkənin prezidenti tərəfindən Fəxri qonaq qismində dəvət edilməsi ölkəmizə və onun Prezidenti İlham Əliyevə verilən ən böyük dəyərdir. Azərbaycanın xarici siyasətində ərəb dünyası, Yaxın və Orta Şərq ölkələrinin önəmli yer tutması ikitərəfli və çoxtərəfli münasibətlərin formalaşmasında böyük rol oynayıb. Ərəb dövlətləri ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanla ərəb dünyasının ən aparıcı ölkələri - Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu münasibətlərin davamı olaraq dost və qardaş ölkələr Azərbaycanı beynəlxalq müstəvidə müzakirə olunan məsələlərdə daim dəstəkləyirlər: “Azərbaycan Ərəb Dövlətləri Liqası ilə də geniş əlaqələrə malikdir. Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda dəvət edilməsi dövlətimizin başçısı İlham Əliyevə olan hörmət və ehtiramdır, dostluq və qardaşlıq əlamətidir. Prezidentimizin Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsindən sonra Zirvə görüşündəki çıxışı hələ uzun müddət yaddaşlarda qalacaq, ərəb ölkələrinin liderləri Əlcəzair xalqının Fransanın müstəmləkəsi altında olduğu müddətdə çəkdikləri iztirab, müsibət, məhrumiyyətlər barədə dövlət başçısı İlham Əliyevin Fransaya ünvanlanan ittihamedici, həm də cəsarətli çıxışını heç vaxt unutmayacaqlar. Fransa bu gün dünyaya ədalət dərsi keçmək əvəzinə keçmişinə, başqa xalqları uzun müddət əsarət altında saxladığına, onları bütün azadlıqlardan məhrum etdiyinə, bir xalqa qarşı soyqırımı siyasəti yürütdüyünə diqqət etsə yaxşı olar. Yaxın tarixdə Azərbaycan xalqı da oxşar tale yaşayıb, 30 il torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalıb, bir milyona yaxın insanımızın, azərbaycanlının bütün hüquqları pozulub, onlar öz yurdundan, evindən, qanuni mülkiyyətindən məhrum olublar, öldürülüb və yaxud girov götürülüb, azadlıqdan məhrum edilib, kölə kimi işlərilib, orqan ticarətçilərinin hədəfinə çevriliblər. Bu müddət ərzində Fransanın da daxil olduğu beynəlxalq təşkilatlar bu faciəyə susmaqla cavab veriblər, şikayətlərimiz cavabsız qalıb, işğalçı Ermənistanın cinayətlərinə göz yumublar. İkili standartlar dünyaya demokratiya “dərsi” keçməyə çalışan güclərin əl qolunu bağlayıb.
Fransa vaxtilə Əlcəzairi işğal edib, xalqın malını, mülkünü talayıb, əlcəzairlilərə misli görünməmiş iztirablar yaşadıb. Fransa 100 illik işğalı dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanı qətlə yetirib. Əlcəzairin "1,5 milyon şəhid ölkəsi" adlandırılması da təsadüfi deyil. Ermənistan da Azərbaycanda soyqırımı törədib. Fransanın Ermənistanı dəstəkləməsinin səbəblərini də burada, bu oxşarlıqda axtarmaq lazımdır”.