İstanbulda Qaqauz Sərgisində Səidə Ömərin də fotoları yer alır

3 Noyabr 2022 17:19 (UTC+04:00)

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un dəstəyi və Qaqauz Dostluk, Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə 2-16 noyabr 2022-ci il tarixləri arasında İstanbulun Taksim metro stansiyasında Qaqauzların tarixi, memarlıq irsi, milli bayramları, adət-ənənələri, təbiəti və bütövlükdə mədəniyyətini əks etdirən III Qaqauz Foto Sərgisi təşkil olunub.

SİA-nın əldə etdiyi məlumata görə, sərgidə azərbaycanlı teleaparıcı və İstanbul Universitetinin doktorantura üzrə tələbəsi Səidə Ömərin də fotoları yer alır. Səidənin anası Feodora Vasili Qradinarın toxuduğu xalça və Qaqauz mahnısı “Mari qız” rəqsini əks etdirən fotolar maraqla qarşılanır.

Qeyd edək ki atası azərbaycanlı olan Səidə Ömərin anası qaqauz türklərindəndir.

III Qaqauz Foto Sərgisinin Türkiyənin digər şəhərlərində də təşkil olunması nəzərdə tutulur.