"Azərbaycanın mövqeyi xüsusi önəm daşıyır" - POLİTOLOQ DANIŞDI

3 Noyabr 2022 15:51 (UTC+04:00)

“Soçi görüşü nəticəsində verilən bəyanatlarla bugünə qədər əldə olunmuş razılaşmalar əsasında müəyyən olunmuş prinsiplər növbəti dəfə təsdiq edilmiş oldu. Təbii ki, ümumi prinsiplərdən kənar gündəliyə daxil edilmiş məsələlərə dair Azərbaycanın mövqeyi xüsusi önəm daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, görüş öncəsində Ermənistanın baş naziri Nikol Paşinyanın rus sülhməramlılarının Qarabağ ərazisində fəaliyyət müddətinin uzadılması və ya Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi absurd fikirlərlə əlaqədar heç bir müddəanın əks olunmaması Azərbaycan Respublikasının qətiyyətli mövqeyinin Soçi görüşü çərçivəsində aparılmış müzakirələrdə də dəyişməz olaraq qaldığının sübutudur: “Ümumilikdə görüşün nəticələri heç bir yeni qərarların əldə olunmasına əsaslanmasa da, Azərbaycan tərəfinin sülh danışıqları ilə bağlı prinsipial mövqeyinin ifadə olunduğu bir platforma oldu”.