Ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyəti iqtisadi inkişaf proseslərində ətraf mühitin qorunması məsələlərinin nəzərə alınmaması ilə bağlıdır
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlər qəbul edilib. Müvafiq proqramlar və tədbirlər planı hazırda icra hazırda icra olunmaqdadır. Bununla belə, ölkədə ətraf mühitin davamlı idarə olunması öz vacibliyinə görə gələcəkdə də ən öndə olan və daim diqqət tələb edən məsələ olaraq qalacaqdır.
Torpaq örtüyünün korlanması nəticəsində onun eroziyası və şoranlaşması kənd təsərrüfatı istehsalına və əhalinin torpaqdan gəlir vasitəsi kimi istifadə imkanlarına mənfi təsirini göstərir. Ölkə ərazisinin 60%-i yəni 672 min hektarı orta və şiddətli eroziyaya məruz qalıb. Torpaqların eroziyaya uğramasının əsas səbəblərindən biri də bəzi yerlərdə meşə örtüyünün sürətlə seyrəldilməsidir.
Kür-Araz ovalığında və Abşeron yarımadasında bir çox ərazilər hazırda yerli sənaye müəssisələrinin çirkli tullantılarının təsirinə məruz qalır ki, bu da həmin ərazilərdə torpaqda və qida məhsullarında ağır metalların və davamlı üzvi çirkləndiricilərin yığılmasına səbəb olur. Belə ki, Abşeron yarımadasında hazırda təxminən 10 min hektar torpaq sahəsi neftlə çirklənmişdir və bu, təbii biotoplara mənfi təsir göstərərək səhralaşmaya aparıb çıxarır.
Respublikada həm stasionar, həm də səyyar mənbələrdən havaya atılan çirkləndirici maddələrin ümumi miqdarı azalma meyilli olub ki, bu da, qismən 1990-cı illərin əvvəllərində baş vermiş iqtisadi tənəzzüllə bağlıdır. Lakin son dövrlərdə iqtisadiyyatda baş verən inkişafla paralel olaraq, havaya atılan zərərli maddələrin həcmi də artır. Havanın çirklənməsi paytaxt Bakı şəhərində və digər iri şəhərlərdə, o cümlədən, kimya sənayesi mərkəzi hesab edilən Sumqayıtda ciddi xarakter alıb. Atmosferin çirklənməsinə həm nəqliyyat vasitələri, həm də elektrik stansiyaları və sənaye obyektləri təsir göstərir.
Böyük şəhərlərdə nəqliyyat vasitələri havanın çirklənməsinin əsas mənbəyidir. Respublikada avtomaşınların sayı 1,5 milyonu keçmişdir. Avtomobil parkının köhnəlməsi, avtomobillərin yoxlanılması və texniki xidmətin lazımi səviyyədə olmaması, aşağı keyfiyyətli yanacaqdan istifadə havanın çirklənməsini daha da gücləndirir. Atmosferə daxil olmuş zərərli maddələrin ümumi həcminin 61%-ni avtomobil nəqliyyatından buraxılan tullantılar təşkil edir. Stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin 79%-i Bakı şəhərinin payına düşür.
Son dövrlərdə Azərbaycanda həm neft, həm də təbii qaz emalı və istifadəsi nəticəsində yaranan təhlükəli tullantıların həcmində artma müşahidə edilmişdir. Son 20 ildə təhlükəli istehsalat tullantılarının həcmi 5 dəfə artıb.
İşlənmiş qazın təmizlənməsi üçün tətbiq edilən texnologiya və avadanlıqlar köhnəldiyinə və ya ümumiyyətlə olmadığına görə, neft və qaz sənayesi kükürd, karbon və azot oksidləri ilə havanı çirkləndirən əsas mənbədir. Tullantılar əsas etibarılə qızdırıcılarda yandırılan yanacaqdan əmələ gəlir. Bu baxımdan neftayırma zavodlarının müasirləşdirilməsinə ehtiyac var. Son dövrlərdə müasir avadanlığın quraşdırılması bu sahədə tullantıların həcminin azalmasına təsir göstərmişdir. Zavod və fabriklərin, (xüsusilə də köhnə avadanlıqlardan istifadə edənlərin) şəhər ətrafına çıxarılması, sənaye müəssisələrindəki qaz-toz tutucularının tam gücü ilə işləməsi, nəqliyyat vasitələrinin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsi, təmiz yanacaq növlərinə keçirilməsi atmosferə atılan zərərli maddələrin həcminin xeyli azalmasına kömək göstərə bilər.
Ölkənin mövcud energetika sisteminin təqribən 80%-i mazut və təbii qazla işləyən istilik enerjisi stansiyalarının payına düşür. Lakin Sovet dövründə yaradılmış energetika infrastrukturu köhnəldiyindən hazırda qənaətbəxş vəziyyətdə deyildir. Belə ki, generatorların və qazanxanaların təxminən yarısı 50 ildən artıqdır ki istismar olunur. Bunun nəticəsində yanacaq sərfi artmış, istilikyaratma qabiliyyəti aşağı düşmüş və tullantıların miqdarı müvafiq olaraq artmışdır.
Azərbaycanda su mənbələrinin azlığı həm əhalinin fərdi istifadəsində, həm də kənd təsərrüfatının su ilə təchizatında ciddi problemlər yaradır. Burada problem yalnız su mənbələrinin azlığı ilə məhdudlaşmır. Eyni zamanda, suyun istifadəsində israfçılıq və su təchizatı infrastrukturunun texniki vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı problemlər də mövcuddur.
Əhalinin su təchizatı ilə bağlı digər məsələ suyun keyfiyyətidir. ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər iki müəssisədən birində atılan tullantılar icazə verilən normadan artıqdır.
Azərbaycan Respublikası əhalisinin təxminən yarısının su təchizatı Kür çayı ilə bağlıdır və Azərbaycana daxil olan suyun əksər hissəsi Gürcüstandan və Ermənistandan keçir. Gürcüstanın və Ermənistanın şəhərlərindən təmizlənməmiş çirkli suların Kür çayına axıdılması onun hidro-kimyəvi rejiminə və suyun keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, problemin regional səviyyədə həll edilməsi və beynəlxalq təşkilatlar vasitəsilə həm Ermənistan ərazisindən Kür və Araz çaylarına (ildə 350 mln. m3), həm də Gürcüstan ərazisindən Kür çayına (ildə 320 mln. m3) axıdılan çirkli suların təmizlənməsinə ehtiyac vardır.
Mövcud sənaye müəssisələrində istifadə olunan köhnəlmiş istehsal avadanlıqları ətraf mühiti çirkləndirməkdə davam edir və bəzi yerlərdə toplanmış tullantılar (xüsusilə də təhlükəli tullantılar), insanların sağlamlığı və ətraf mühit üçün böyük təhlükə yaradır. İri yaşayış məntəqələrində, xüsusilə də sənaye mərkəzlərində, məişət tullantılarının daşınması və yerləşdirilməsi işi lazımi səviyyədə təşkil olunmadığından şəhər kənarları qanunsuz olaraq illərlə yığılmış tullantı poliqonlarına çevrilib ki, bu da ətraf mühitin çirkləndirilməsinə və xəstəlik mənbələrinin yaranmasına səbəb olur.
Bu problemlərin həll edilməsi üçün həyata keçirilən proqramlarda aşağıdakılar nəzərdə tutulur;
- meşə ehtiyatlarının davamlı idarə olunması;
- su ehtiyatlarının davamlı idarə olunması;
- torpaq ehtiyatlarının davamlı idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması;
- biomüxtəlifliyin davamlı idarə olunması;
- atmosfer havasının davamlı idarə olunması;
- alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi;
- tullantıların kompleks idarə olunması;
- dağ və sahilyanı ekosistemlərin kompleks idarə olunması;
- ətraf mühitin idarə olunmasına dair normativ hüquqi bazanın, monitorinq sistemlərinin və resurslarının təkmilləşdirilməsi;
- ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi.
Ölkə ərazisində yeni meşə sahələrinin salınması nəzərdə tutulur. Eyni zamanda, meşə landşaftı əsasında ekoturizm və rekreasiya mərkəzləri yaradılacaq.
Xəzər dənizi, çay və digər su hövzələri sahillərində yerləşən yaşayış məntəqələri, sənaye, kənd təsərrüfatı və istirahət-turizm obyektləri tərəfindən suların çirklənməsinin qarşısının alınması üçün işlər həyata keçiriləcək. Baş kollektorlarda toplanan drenaj sularının təkrar istifadəsi məqsədilə onların tədqiqi aparılacaq və təkrar istifadə olunmasına dair təkliflər hazırlanacaqdır. Mövcud su təchizatı obyektlərinin və kanalizasiya sistemlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə qabaqcıl texnologiyaları tətbiq etməklə respublika ərazisində bərpa işləri həyata keçiriləcəkdir.
Bununla yanaşı su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması işləri təkmilləşdiriləcək. Torpaq ehtiyatlarının idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması istiqamətində səhralaşma ilə mübarizə üzrə işlər davam etdiriləcək. Torpaq resurslarından davamlı istifadənin stimullaşdırılması, eləcə də torpaqların münbitliyinin qorunması və artırılması, həmçinin onların su və külək eroziyasına məruz qalmasının qarşısının alınmasına dair tədbirlər həyata keçiriləcəkdir.
Biomüxtəlifliyin davamlı idarə olunması istiqamətində su, bioloji ehtiyatların artımı ilə məşğul olan müəssisələrin istehsal gücü artırılacaq, mövcud qorunan ərazilərin sahəsi genişləndiriləcək, habelə ekoturizmin inkişaf etdirilməsi məqsədilə zəruri sosial infrastruktur yaradılacaqdır. Eyni zamanda, biomüxtəlifliyin davamlı inkişafını təmin edən tingliklər, meşə heyvanlarının və quşların artırılması üçün yeni bioloji mərkəzlər yaradılacaqdır.
Atmosfer havasının davamlı idarə olunması istiqamətində atmosferə atılan istixana qazlarının miqdarının azaldılması və iqlim dəyişmələrinin ekosistemlərə və iqtisadiyyata mənfi təsirinin azaldılması işləri həyata keçiriləcək. Həmçinin istehsal müəssisələri tərəfindən atmosferə işlənmiş qaz və karbon emissiyasının səviyyəsinin azaldılması məqsədilə həmin istehsal müəssisələrinə maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.
Alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində üzvi maddəli tullantılardan istilik və gübrə alınması üzrə texnologiyaların işlənilməsi, günəş və külək enerjisi ehtiyatlarından istifadə imkanlarının tədqiqi məqsədilə yeni enerji stansiyaları inşa ediləcək.
Tullantıların kompleks idarə olunması istiqamətində əmələ gələn bərk sənaye, kənd təsərrüfatı və məişət tullantılarının təkrar xammal, enerjidaşıyıcısı, gübrə, tikinti və kompozit materiallar kimi utilizasiya edilməsi, həmçinin iri yaşayış məntəqələri üçün ekoloji və sanitar tələblərə cavab verən yeni tullantı poliqonlarının yaradılması işləri davam etdiriləcək. Yeni tullantı emalı zavodları tikilib istifadəyə veriləcək.
Ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi üçün təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materialları hazırlanaraq əhali arasında yayılması təşkil ediləcək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” çərçivəsində hazırlanıb.