“Şagirdləri vətənpərvər ruhda böyütmək ən ümdə vəzifələrdən biridir“ - BŞTİ-NİN MÜDİRİ

3 Noyabr 2022 12:01 (UTC+04:00)

“Bu il ikinci ildir ki, Zəfər tarixini qeyd edirik. Bu məqsədlə məktəblərdə silsilə tədbirlər həyata keçirilir. Bu qələbə gününü uşaqlarımız yüksək ruh yüksəkliyi ilə kollektivlə qeyd edirlər”. SİA xəbər verir ki, bu sözləri Bakı şəhəri 10 nömrəli tam orta məktəbdə “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda keçirilən tədbirdən əvvəl jurnalistlərə açıqlamasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, Zəfər tarixi bizim üçün böyük bir tarixdir: “Zəfər günü məktəb dərsliklərində və dərslərin müəyyən hissələrində əsas mövzulardan biridir. Çünki belə bir deyim var ki, “Əqidə və inanc dəyərləri qorumaq əsasında mühüm rol oynayır”. Bizim illərin o tayından süzülüb gələn vətən eşqi, əqidəsi və inancı bizim 44 günlük müharibəmizi, 44 günlük tarixin əsasında dayanan bir məsələ idi.

Böyük tarixə imza atan şəxslər Ali Baş Komandan, ordumuz, igid əsgərlərimiz, şəhid qanı ilə yazılan imzalar, qazilərin qanı ilə yazılan və onları yetişdirən müəllimlər, həkimlər, mühəndislər böyük bir xalqın həmrəyliyi bizim qələbəmizin əsasındadırlar. Bunu uşaqlara ötürmək, onları vətənpərvər ruhda böyütmək məktəbin ən ümdə vəzifələrindən biridir. Sevindirici haldır ki, bu gün biz artıq işğal tarixlərini yox, qələbə tarixini böyük ruh yüksəkliyi ilə qeyd edirik. Azərbaycan tarixi özünün yeni bir qələbəsinə başlayır.

Qələbədən sonrakı mərhələ quruculuq mərhələsidir və bu ruhda uşaqların yetişməsi də mühüm şərtidir. Çünki bizim güclü olmaqdan başqa yolumuz yoxdur. Zəfər tarixi ayrıca bir kurs kimi bütün bğlmələrdə tədris olunur. 44 günlük müharibədə dünyada hərb tarixinə yeni bir səhifə açan müharibənin bütün detalları öz əksini tapır və bu gün informasiya əsrində yaşayırıq. Müharibə dövründə bizim informasiya sahəsində qələbəmiz də xüsusi olaraq qeyd olunur”.

Ayşən Vəli