"Soçi görüşü 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün əldə edilməsi istiqamətində gedən prosesin tərkib hissəsidir. Bu görüş regiondakı siyasi, hərbi reallıqları bir daha ortaya qoydu. Azərbaycan Prezidentinin üçtərəfli görüşdən öncə Rusiya dövlət başçısı ilə görüşdə səsləndirdiyi fikirlər xarici siyasət kursumuzun qətiyyətini özündə ehtiva etdi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü ilə bağlı münasibət bildirərkən deyib.

Partiya sədrinin fikrincə, Soçi görüşünü Azərbaycan üçün uğurlu saymaq olar: "Dövlət rəhbərlərinin görüşdən sonra imzalanan bəyanat bunu deməyə əsas verir. Azərbaycan prosesin beynəlxalq hüququn çərçivəsində həllini tələb edir. Fikrimcə, bu olduqca ədalətlidir. 44 günlük Vətən müharibəsində düşmənə qarşı hərbi zəfər qazanılıb, torpaqlarımız işğaldan azad edilib. Bu gün hüquqi – sərhədlərin müəyyənləşdirilməsi və tanınması kimi məsələlər öz həllini gözləyir. Bu isə, beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Ermənistan Azərbaycanın rəsmi sərhədlərini tanımalıdır, heç bir hərbi təxribata yol verməməlidir. Azərbaycan və Rusiya liderlərin təkbətək görüşləri zamanı da cənab Prezident İlham Əliyev birmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Dövlətimizin başçısı, həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür".
Ə.Kazımova əlavə edib ki, imzalanan üçtərəli bəyanatda da önəmli prinsiplərə sadiqlik öz əksini tapdı: "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Bu olduqca önəmli bir faktordur. Çünki Ermənistan tərəfi hələ də 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməyib. Bu dəfəki görüşdə humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub. Bu isə onu deməyə əsas verir ki, Ermənistan artıq kommunikasiya və nəqliyyat sistemlərinin blokdan çıxarılması ilə bağlı pozitiv addımlar atmalıdır. Nəticə etibarı ilə, Soçi görüşü Azərbaycanın iki ilə yaxındır ki, davam edən danışıqlar prosesindəki diplomatik qələbələrinin növbətisi kimi tarixə yazıldı. Cənab Prezidentin yürütdüyü xarici siyasət kursunun qətiyyəti ölkəmizin maraqlarının təmini üçün zəmin yaradıb. Azərbaycan qalib ölkə olsa da, yenə də humanzim müstəvisindən çıxış edir və biz regionun gələcəyi üçün yeni perspektvilər vəd edən addımlar atmaqda qərarlıyıq".