Bu dönəmdə də uşaq üçüncü yaş böhranına keçir - PSİXOLOQ DANIŞDI

2 Noyabr 2022 16:03 (UTC+04:00)

“Yeniyetməlik dövründə uşaqlarda xüsusi davranışlar yaranmağa başlayır. Bu onların uşaqlıqda keçirdikləri travmaları ilə də əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, həmçinin bu proses yeniyetmələrin hormonal dəyişiklikləri ilə də bağlıdır: “Məsələn uşaqlar yeniyetməlik dönəmində çox aqresivdirsə ki, bu daha çox oğlanlarda özünü büruzə verir. Bu zaman valideynlərin onlarla necə davrandığı olduqca önəmlidir. Xarakterlərindəki bəzi dəyişikliklər onların psixologiyasına öz təsirini göstərir. Uşağın psixologiyası tam olaraq sakitdirsə, əlbəttə ki, onun davranışında və xarakterində də güclü dəyişiklik yoxdur. Amma onun xarakter və davaranışında əvvəlkindən fərqlilik varsa, daha kobud, sərt davranışlar sərgiləyirsə, bu o deməkdir ki, uşaqların psixologiyasında hər hansı bir kənara çıxmalar var. Bu zaman yaxşı olar ki, ailə üzvləri birlikdə uşağın psixologiyası ilə məşğul olsun.

Ümumiyyətrlə yeniyetməlik dövrü dərin bir dönəmdir. Bu dönəmdə də uşaq üçüncü yaş böhranına keçir. Birinci yaş böhnranı 3 yaş, ikinci yaş böhranı 7 yaş, üçüncü yaş böhranı isə 12 yaşdadır. Yeniyetməlik dövrü 12 yaşdan gənclik yaşına qədər davam edən bir dövrdür. Bu səbəbdən də həmin dövrdə valideynlər daha həssas olmalıdır. 3 və 7 yaşlarını yaxşı, tarvmasız keçirmiş uşaqda artıq yeniyetməlik dövründə də mənfi bir göstərici olmur”.