Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr edilən dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki müzakirəsi edilən kitab Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsi olaraq 3 dildə çap edilib. Kitab 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunub. Kitabın xüsusi əhəmiyyəti hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunmasıdır.
Müzakirələrdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri Eldar Əzizov qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Ötən ay Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dövlətimizin başçısını lider, ağsaqqal adlandırıb. Bu da ölkəmizin rəhbərinin dünyada artan nüfuzunun göstəricisidir.
Daha sonra çıxış edən AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA-nın Qafqazşünaslıq İnstitunun baş direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov, kitabın elmi redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun direktoru Kərim Şükürov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digər çıxışçılar kitabın əhəmiyyətindən danışaraq qeyd etdilər ki, bu kitab nəinki ölkəmizdə, eləcə də postsovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub. Ona görə də kitab gələcəkdə dərs vəsaiti kimi istifadə olunmaq üçün tövsiyə olunur.
Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Bildirilib ki, bu kitab artıq Azərbaycan, rus və türk dillərində dərc olunub, hazırda ingilis dilində nəşrlə bağlı işlər başa çatmaq üzrədir.
Sonda dəyirmi masa iştirakçılarının Bəyanatı qəbul olunub.