"Televiziyaya ailə qurmaq üçün çıxan insanları normal hesab etmirəm" - SORĞU

1 Noyabr 2022 13:02 (UTC+04:00)

Bildiyimiz kimi, günümüzdə evlilik məsələləri bir sıra televiziyalarda müzakirə mövzusudur. Belə ki, ailə qurmağa hazırlaşan, boşanan və s. bir çox insanlar problemlərini ekranda həll etmək istəyir. Bəs, bu nə dərəcədə düzgündür? Bu hallar necə dəyərləndirilməlidir? SİA mövzu ilə bağlı sorğu edərək rejissor və ekspertlərin fikirlərini öyrənib.

Rejissor, Respublikanın Əməkdar Mədəniyyət işçisi Hikmət Yaqubov : "Dünya bizim evimizdir və burada çoxlu xalqlar yaşayır. Bu xalqların da özünəməxsus adət-ənənələri var. O cümlədən, Azərbaycan xalqı da bu dünyanın bir parçasıdır və bizim özünəməxsus adət-ənənələrimiz, milli dəyərlərimiz var. Bu milli dəyərlərin içində ailə ən başlıcasıdır. Bizim ailə institutumuz elə formalaşıb ki, dədə-babalardan və soykökümüzdən süzgəcdən keçərək bu günə gəlib çıxıb.

Təbii ki, ailə məsələlərini nə sosial şəbəkələrdə, nə də televiziyalarda müzakirə etmək, ekranda ailə qurmaq, kiminləsə tanış olmaq yolverilməzdir. Ola bilər ki, insanlar kiminləsə tanış olsunlar və ailə qurmaq üçün iki gənc biri-birini tanıması da normaldır. Daha sonra, yəni münasibət formalaşdıqdan sorna böyüklərin xeyir-duası lazımdır. Bu, bizim milli-mənəvi dəyərlərimizdən biridir.

Televiziyaya ailə qurmaq üçün çıxan insanları normal hesab etmirəm. Heç bu məsələləri müzakirə edən insanların özünün ailəsi normal deyil. Heç bəlkə də o müzakirə edənlərin özü 3 dəfə evlənib boşanıb. Bütün bunların hamısı şoudur. Burada özəl kanallar pul qazanmaq məqsədi güdür. Bu məsələləri elə insanlar müzakirə edir ki, heç onların belə söhbətləri müzakirə etməyə haqqı yoxdur. İnsan birinci özündən, öz ailəsindən başlamalıdır. Birinci özün tərbiyəli olmalısan ki, sonra cəmiyyəti tərbiyə barədə mesaj ötürəsən. Ona görə də mən bunları düzgün dəyərləndirmirəm. Elə dəyərlər var ki, onu ekrana çıxarmaq olmaz.

Dünya televiziyalarında elə layihələr var ki, öncədən qurulmuş şoudur. Bizdə də belə verilişlər qurmadır. Ona görə də bu tip verilişləri qeyri-məqbul hesab edirəm".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Son illər Azərbaycanda ailə institutu sürətlə deqradasiyaya uğrayıb. Cütlüklər ailəyə qeyri-ciddi yanaşmağa başlayıblar. Bunun nəticəsidir ki, son bir neçə ildə qurulan hər üç-dörd ailədən biri dağılır. Çünki nikahın pozulması çox az adamı narahat edir. Ən pisi isə odur ki, bəzən ailələr xırda dedi-qodu, lazımsız söz-söhbət, yersiz təkəbbür üzündən dağılır. Bundan ən çox əziyyət çəkən isə məsum körpələr olur.

Ailələrin dağılmasında, nikahların pozulmasında, günahsız körpələrin valideyn himayəsindən məhrum olmasında həm də telekanalların məsuliyyəti var. Düşük seriallar, mənasız, məzmunsuz verilişlər gənclərin bu cür taleyüklü qərarı daha rahat qəbul etməsini asanlaşdırır.

Gənclərin efirdə evlənməyə can atması qeyri-ciddi yanaşmanın açıq təzahürüdür. Məncə, statistika ilə maraqlanmaq lazımdır ki, efirdə ailə quran gənclərin neçə faizi xoşbəxt olub? Telekanal vasitəsilə nikaha girən cütlüklər öz "kiçik dövlət"lərini nə qədər etibarlı qoruya bilirlər? Şəxsən mən evlilik verilişlərində bir araya gələn cütlüklərin bir ömür boyu bərabər olacağına az inanıram. Bəzən beş-altı il bir-birini sevən cütlüklər beş-altı ay bir damın altında qala bilmirlər. Zaurun, Elgizin evləndirdikləri bir ömür boyu can deyib, can eşidəcəklərmi? Bax, buna ciddi şübhəm var! Xoşbəxt olmaq hər bir insanın haqqıdır. Ancaq ünvanı düz seçmək lazımdır".

Ayşən Vəli