Soyuq vətəndaş müharibəsi - KÜNCDƏN BAXIŞ

31 Oktyabr 2022 17:16 (UTC+04:00)

Elçin Bayramlı

“Bu camaata nə olub ki, az qala söz də anlamırlar!” (Quran, Nisa 78)

Vətəndaş müharibəsinin odlu silahlarla kütləvi qarşıdurma, qardaş qırğını forması yaxın tariximizdən yaxşı məlumdur. Lakin, onun bu yazımızda danışacağımız soyuq forması da var ki, son illərdə xeyli şiddətlənib.

Sovet İttifaqının süqutundan sonra cəmiyyətdə aqressiya, qarşıdurma meylləri artmağa başladı. 90-cı illərin əvvəllərində bu daha çox silahlı qarşıdurma formasında olurdu. Üstəlik, mafiyalar, reket dəstələri, məhəllə və küçələr arası “talpa” davaları dəbə mindi. Zamanla bu mərhələni keçdik. İndi cəmiyyətdə necə deyərlər, sabitlikdir.

Əslində isə, müharibə “soyuq” müstəviyə keçib. Kriminal hadisələrin sayı getdikcə artır. Mətbuatı və televiziyanı bircə gün izləmək kifayətdir ki, zorlama, intihar, bıçaqlanma, oğurlanma, zəhərlənmə, güllələnmə, əlbəyaxa dava və s bu kimi soyuq vətəndaş müharibəsi elementlərinin getdikcə çoxaldığını görəsən.

Bu yazıda kriminal statistikanı verib vəziyyəti tam təsəvvür edə bilməyənləri də qorxutmaq istəmirəm. Lakin qeyd etməliyəm ki, xalqımız artıq belə xəbərləri adi hadisələr kimi qəbul edir və gündəlik izləyir.

Bakıda bir-birinin maşınına yol verməmək və yanındakı qıza başqasının baxması üstündə baş verən qanlı davalarda bir vaxtlar amerikan kinolarında gördüyümüz mənzərələri indi real görürük. Yaxşı ki, bu ölkədə odlu silah saxlanması qadağandır, yoxsa hər gün şəhərin ortasında adamlar bir-birini güllələyər...

Yad adamlar bir yana, son vaxtlar müharibə keçib qohumlar arasına və ailə daxilinə. Ata qızını zorlayır, oğul anasını öldürür, qardaş bacısının başını kəsir, ana körpəsini boğur... Nə baş verir? Çətin sualdır! Bu vəziyyətin səbəb və nəticələrini araşdırmaq lazımdır, bunu bir çoxları etməyə çalşırlar da. Lakin birmənalı olaraq hamı nəticə ilə uğraşır, onu aradan qaldırmaq yolları axtarır. Halbuki, səbəb aşkar edilib aradan qaldırılmalıdır.

Cəmiyyət bölündükcə kiçilir, zəifləyir. Vahid ideologiya yoxdur. Dindar kəsim onlarla təriqətə bölünüb, hər kəs digər dinə, təriqətə mənsub olanı kafir sayır, hətta bir-birinə əsəbiləşəndə “sənin qətlin vacibdir” deməkdən də çəkinmir.

İctimai-siyasi fəalllar müxtəlif kiçik partiyalar arasında bölünüb, hər kəs başqasını satqın, saxtakar hesab edir. İdeoloji bölünmə də sürətlə gedir- Millətçi, türkçü, avropaçı, amerikançı, ruspərəst, iranpərəst, ərəbpərəst, kosmopolit, leberal, sosialist, qlobalist...

Sosial qruplar sürətlə ayrılır və aralarında uçurum böyüyür. Sosial ədalət, hüquqi bərabərlik tam təmin olunmur. Evdə körpəsi acından və ya xəstəlikdən ölən insanın yanından bir harınlamış müxtəxor 150 minlik maşınla keçib onu palçığa batıranda nifrət pik həddə çatır.

Problem təkcə sosial, ideoloji, siyasi, dini, milli parçalanmada deyil, burda fiziki-bioloji (1), ruhi-psixoloji (2) və mənəvi əxlaqı (3) faktorların da böyük rolu var. Bir az açıqlayaq.

1. GMO qidaların, süni kimyəvi qidaların insanlarda ciddi problem yaratdığı məlumdur. Genetik, bioloji strukturun dəyişdirilməsi küt, ruhsuz, duyğusuz insanlar yetişdirir. Belələri adamı uf demədən milçək kimi əzib öldürürlər.

2. Teleterroru da unutmamaq lazımdır. Özəl kanallar fasiləsiz olaraq dəhşət saçır- kriminal xəbərləri ən incə təfərrüatları ilə (başını belə kəsdim, ciyərini belə çıxardım filan) evlərə doldurur. Efiri bürüyəт amerikan kinoları mənzillərə qan, ölüm, qırğın saçır. Televizor artlq evə mənfi enerji saçan qurğuya çevrilib.

3. Psixotron terror. Mediadan və internetdən durmadan əxlaqsızlıq, fahişəlik, qeyretsizlik, özbaşınalıq, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur. Gənclərə mənfi obrazlar nümunə göstərilir. Uşaqların qorxunc multfilmlərlə, verilişlərlə psixi xəstəyə çevirilər...

Səbəblər aradan qaldırılamasa, bu müharibədə dayanmayacaq. Soyuq vətəndaş müharibəsini dayandırın, eşidirsinizmi??!