Son zamanlar, 45 yaşında hamiləliyin mümkün və ya riskli olması kimi suallar tez-tez gündəmə gəlir. Təbii ki, bu yaşda hamilə qalmaq tibbi cəhətdən mümkündür. Ancaq bunun bir o qədər çətin olduğunu unutmaq olmaz. Qadınların sağlam hamiləlik keçirməsi və bu hamiləliyi normal doğumla bitirməsi üçün ən vacib amillərdən biri də yaşdır. Yaş irəlilədikcə hamiləliklə bağlı müxtəlif problemlər yaşanmağa başlayır. Buna görə də hamiləlik üçün ən uyğun yaş aralığı 20-30 yaşdır.
35 yaşından sonra hamilə qalmaq riski azalmağa başlayır. Karyera, iş və ya şəxsi həyatına görə hamiləliyin planlaşdırılması daha sonrakı yaşlarda bu riski daha da artırır. Bu nöqtədə bəhs etdiyimiz mövzu, yəni 45 yaşdan sonra hamiləlik maraq mövzusuna çevrilir.
Kişilər və qadınlar arasındakı əsas fərq qadınların məhsuldarlıq potensialının yaşla azalmasıdır. Kişilərdə sperma istehsalı hər gün milyonlara çata bilər. Yalnız irəliləyən yaşla sperma sayı və keyfiyyətində azalma olur. Qadınlar üçün isə vəziyyət çox fərqlidir. Qadınlar doğulanda müəyyən sayda yumurta ilə doğulurlar. 35 yaşından sonra yumurtaların həm sayı, həm də keyfiyyəti ciddi dərəcədə azalmağa başlayır. 40 yaşında yumurtaların sayı son dərəcə az olur və tədricən klimaks dövrünə girilir.
45 yaşında hamilə qalmanın çətinlikləri
Bu yaşda hamilə qalmaq mümkün olsa da, onları bəzi çətinliklərin gözlədiyini bilmək lazımdır. 45 yaşında hamilə qalmağı planlaşdıran bütün qadınların bu çətinliklər haqqında məlumatlandırılması vacibdir.
Qeyd edək ki, 45 yaşdan yuxarı hamiləlik zamanı uşağın tələf olma riski artır. Bunun iki fərqli səbəbi var. Birincisi, embrionda xromosom anomaliyalarının artması hallarıdır. Sözügedən ehtimal 35 yaşında 30% olarkən, 45 yaşında 70% kimi çox ciddi bir səviyyəyə yüksəlir. Xromosom nöqtəsində anomaliyalar olduqda, aşağı düşmə ilə nəticələnən hamiləlik riski də artır.
Digər səbəb isə irəli yaşlarda anatomik problemlərdir. Qeyd etmək lazımdır ki, xüsusilə uşaqlıq mioması aborta səbəb ola bilər.
45 yaşdan yuxarı analardan doğulan körpələr üçün hansı risklər var?
- Hamiləlikdə 40 və ya 45 yaşında doğulan körpələrin Daun sindromuna tutulma şansı 1% olur. Ananın yaşı 49-a çatdıqda bu ehtimalın 10%-ə qədər yüksəldiyini söyləyə bilərik. Eyni zamanda, körpələrdə daha fərqli anomaliyaların olması riski artır. Vaxtından əvvəl doğuş və ölü doğum riskinin artdığını nəzərə almaq lazımdır. Bu yaşda hamiləliyi planlaşdıran qadınların həkimləri ilə danışmaları və genetik testlər haqqında məlumat almaları da vacibdir. Bundan əlavə, sağlam hamiləliyin yolları haqqında məlumat almaq və həkim tövsiyələrinin tətbiqi vacib məsələlərdəndir.
İlk olaraq bilməlisiniz ki, hamiləlik dövrünün sağlam keçməsi üçün bəzi məqamlara diqqət yetirilməlidir. Bu baxımdan, aşağıdakı təklifləri nəzərdən keçirmək faydalıdır:
- Prenatal qayğı vacibdir
- Balanslı və sağlam bir pəhriz yaradın
- Müntəzəm olaraq məşq edin
- Normal çəki aralığında qalmağınızdan əmin olun.
- Stressdən uzaq durun
- Siqaret və spirt istifadəsindən çəkinin.
Qadınlar 35 yaşa qədər asanlıqla hamilə qala bilirlər. 35 yaşdan sonra yumurta ehtiyatının azalması nəticəsində hamilə qalma şansı azaldığı halda, 40 yaşdan sonra bu nisbət xeyli azalır.
İrəli yaşda hamiləlik qadının məhsuldarlıq sisteminin zəifləməsi səbəbindən böyük risk daşıyır. Bu səbəblə qadınların mümkün olduğu qədər yüksək məhsuldarlıq dövrlərində uşaq sahibi olması həm sağlam hamiləlik prosesi, həm də mümkün risklərdən qorunmaq üçün böyük əhəmiyyət kəsb edir.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
2019-cu ildə aparılan araşdırmalara görə, Aİ ölkələrində qadınların əksəriyyəti ilk dəfə 20-40 yaşları arasında ana olur. Bu yaşda AB-də ilk dəfə ana olanların nisbəti yüzdə 92 olarkən, Türkiyədə bu rəqəm yüzdə 95-ə yüksəlir.
Avropa Statistika İnstitutunun Eurostat-ın 2017-ci il məlumatlarına görə, Aİ-də 20 yaşa qədər ilk dəfə doğum edən anaların nisbəti 3,7 faizdir. Bolqarıstan yüzdə 12,5 ilə bu yaş kateqoriyasında ən çox doğulan ölkələrdən biridir. Ondan sonra 12,1 faizlə Rumıniya, 8,5 faizlə Macarıstan gəlir.
Türkiyədə ilk dəfə uşaq dünyaya gətirən 20 yaşdan kiçiklərin nisbəti yüzdə 5,4-dür. Lakin 2018-ci ildə bu rəqəmin 4,8 faizə endiyi görünür.
AB ölkələri arasında gənc anaların ən az olduğu ölkə yüzdə 1 ilə Danimarkadır. İtaliya və Sloveniya 1,1 faizlə ikinci yerdədir.
Cərrah, mama-ginekoloq Ləman Əliyeva: "Hamiləlik yaşla deyil, orqanizmlə bağlıdır. Əslində, hamilə olmaq yaşlarının öz həddi var.
Ümumilikdə, 18 yaşından başlayaraq hamilə qalmaq olar. Hətta 48 yaşda da hamilə qalmaq olur. Lakin bir ginekoloq olaraq biz bunları məsləhət görümürük. Çünki həm tez, həm də gec yaşda hamilə qalmaq çox risklidir.
Yaxşı olar ki, 21-22 yaşdan 35 yaşa qədər olan hamiləlik olsun. Bu, normaldır. 35 yaşdan sonra isə risk olma ehtmalı yüksəkdir. Ümumilikdə isə, bunlar orqanizmlə bağlı olan fərdi xüsusiyyətlərdir".
Qadınların fiziologiyası və anatomik quruluşu baxımından hamiləliyin baş verməsi üçün ən uyğun dövr 21-30 yaş arası olsa da, dünyada bu yaş aralığının altında və üstündə çoxlu hamiləliyə rast gəlinir. 40 yaşlı hər dörd qadından biri sağlamlıq problemi olmamasına və müntəzəm cinsi əlaqəyə girməsinə baxmayaraq hamilə qala bilmir.
Qadınların sağlam hamiləlik prosesi və sağlam körpə dünyaya gətirmələri üçün ideal yaş aralığının 20 ilə 32 arasında olduğu qəbul edilir. Bu yaşlar qadınlar üçün ən məhsuldar və ən təhlükəsiz dövrü əhatə edir. Menstruasiyanın nizamlı olduğu bu dövrlər yumurtlamanın da sağlam olduğunu göstərir və hamiləlik ehtimalı yüksək sürətlə artır.
İdeal yaşda hamiləliyin üstünlükləri nələrdir?
Hamiləlik yaşı nə qədər tez olarsa, körpənin Daun sindromlu olma ehtimalı bir o qədər azdır. Anomaliya ehtimalı 35 yaşından sonra artarkən, bu nisbət 38 yaşından sonra ciddi ölçülərə çata bilir. Bunun səbəbi yaşla birlikdə yumurta ehtiyatlarının azalması və insanın həyat tərzindən asılı olaraq kimyəvi maddələrə və infeksiyalara məruz qalmasıdır. Bədənin məhsuldarlığının zəifləməsi səbəbindən həm gələcək ana, həm də körpə üçün ciddi təhlükələr yaranır.
Erkən hamiləliklərdə də risk faktorları qaçılmaz olacaq, çünki orqanizmin məhsuldarlığı yeni aktivləşdirdiyi dövrlərdə yaşanan dəyişikliklər hələ öz sistemini qura bilmir. Erkən hamiləliklərdə ölü doğum, tələf olma riski yüksəkdir. Bu səbəbdən sağlam hamiləlik və sağlam körpələr üçün qadınların ən uyğun yaşlarda hamilə qalması, fiziki və psixoloji cəhətdən də hazır olması çox vacib bir məsələdir.
Ayşən Vəli