Sağlamlığın pisləşməsi insanların gəlir əldə etmək imkanlarına, habelə uşaqların məktəbdə davamiyyətinə və təlimdə müvəffəqiyyətinə mənfi təsir göstərir, insanların yoxsulluqdan çıxmaq imkanlarını məhdudlaşdırır. Yoxsul insanların, ümumən mövcud səhiyyə xidmətlərindən istifadə etmək üçün kifayət qədər maliyyə vəsaiti olmur ki, bu da onlarla yoxsul olmayanlar arasındakı bərabərsizliyi gücləndirir. Məhz bu səbəbdən icbari tibbi sığorta sisteminin tətbiq olunması həddən artıq təqdirəlayiqdir və bu sistemin daha da genişləndirlməsinə ehtiyac var.
Ailələrin aztəminatlılığı uşaq və ana ölümü hallarına təsir edən yeganə amil olmasa da, aztəminatlılığın bu göstəricilərə mənfi təsiri şübhəsizdir. Belə ki, yoxsul ailələrdən olan qadın və uşaqların hamiləlik və erkən uşaqlıq dövründə lazımi səviyyədə qidalanması və keyfiyyətli səhiyyə xidmətlərindən istifadə etməsi imkanları digər ailələrə nisbətən aşağı olur.
Müstəqillik əldə edildikdən sonrakı dövrdə ölkədə xəstəliklərin iki istiqamətdə inkişafı müşahidə olunur. Bir tərəfdən, yoxsul ölkələr üçün keçid dövründə səciyyəvi olan yoluxucu xəstəliklərə (məsələn, vərəm, brusellyoz və s.) tutulma halları artıb, digər tərəfdən isə, inkişaf etmiş ölkələr üçün səciyyəvi olan qeyri-yoluxucu xəstəliklərin (məsələn, ürək-damar və qan dövranı ilə bağlı xəstəliklər) baş verməsi halları yüksəlib.
Qeydiyyata alınmış xəstəliklərin 90%-i qeyri-yoluxucu xəstəliklər kateqoriyasına aid olsa da, yoluxucu xəstəliklərin antisanitariya şəraitində daha sürətlə yayılması səbəbindən yoxsul əhali arasında bu xəstəliklər daha geniş yayılmışdır. 1990-cı illərin sonlarından başlayaraq, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması sahəsində irəliləyişlər əldə olunsa da, hazırda qarşıda duran vəzifə bu azalma meylini qoruyub saxlamaqdan ibarətdir.
İİÇV/QİÇS-in yayılması hazırda kompakt xarakter daşıyır və həmin xəstəliklər xüsusilə müəyyən qruplar, yəni məhbuslar, narkomanlar, fahişələr, homoseksuallar, miqrantlar arasında yayılıb. Əhalinin müəyyən qrupları arasında qida çatışmazlığı, xüsusilə də qidalandırıcı mikroelementlərin çatışmazlığı mövcuddur. Belə ki, hamilə qadınlar arasında anemiya halları geniş yayılıb ki, bu da sonradan uşaqların sağlam inkişafına təhlükə yaradır.
Adətən, qohumlar arasında nikah nəticəsində yaranan irsi qan xəstəliyi olan talassemiya halları da son illərdə xeyli artıb.
Bir çox hallarda qeyri-yoluxucu xəstəliklərin artması müharibə, yoxsulluq və ekoloji problemlərin yaratdığı streslə bağlı olsa da, sağlam həyat tərzinin əhəmiyyəti haqqında maarifləndirmənin gücləndirilməsi kimi qabaqlayıcı tədbirlər bu problemin həllində səmərəlidir. Bu baxımdan, ümumilikdə, əhali arasında düzgün qidalanma, gigiyena və körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyəti, habelə alkoqol, tütün, təhlükəsiz olmayan cinsi əlaqələr, kontraseptiv vasitələr əvəzinə abortdan istifadə edilməsi və qohumlararası nikahın ziyanlı tərəfləri barəsində maarifləndirmə tədbirləri xəstəliklərin profilaktikasına müsbət təsir göstərər.
Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və qeyri-yoluxucu xəstəlikləri məhdudlaşdırmaqdan ötrü profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı, bu sahənin qarşısında duran digər mühüm məsələ əsas səhiyyə xidmətlərindən bərabər istifadə imkanlarının təmin edilməsidir. Bu, eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bilavasitə bağlıdır.
Dövlət səhiyyə müəssisələrində əsas xidmətlərin rəsmən pulsuz olmasına baxmayaraq, bu sahədə əməkhaqqı aşağı olduğuna görə qeyri-rəsmi ödənişlər problemi meydana çıxırdı. Bu isə yoxsulların səhiyyə xidmətlərindən istifadə imkanlarını azaltmış olurdu. Nəticədə yoxsul əhali çox zaman xəstəliklərini müalicə etmək üçün ya ənənəvi üsullara müraciət edir, ya da həkim göstərişi olmadan dərmanlar qəbul edir, bəzən isə səhiyyə xidmətlərindən istifadə etsə də, ya tam müalicə kursu keçə bilmir, ya da həkimin tövsiyə etdiyi bütün dərmanları ala bilmirdi. Belə vəziyyət isə onların səhhətini daha da ağırlaşdıraraq sonrakı mərhələdə müalicəni mürəkkəbləşdirir və müalicə xərclərini daha da artırırdı. Lakin icbari sığorta sisteminin tətbiqi bu bu sahədəki problemlərin çoxunu aradan qaldırdı.
Xəstəxana xidmətləri üçün xərclər ana və uşaq ölümünün səviyyəsinə də təsir edir. Yoxsul ailələrdən olan qadınların doğum evlərində bu ödənişləri etmək imkanları məhdud olduğundan onlar bəzən ev şəraitində doğuşa üstünlük verirlər ki, bu da ağırlaşma halları ilə bağlı riski artırır. Doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından zahı və hamilə qadınların ölümü hallarının sayı 2003-cü ilə nisbətən 2 dəfəyədək artıb.
Bu baxımdan, səhiyyə xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması bilavasitə idarəetmənin səmərəliliyinin artırılması, korrupsiya ilə mübarizə və səhiyyə sektoru işçilərinin əməkhaqlarının yüksəldilməsi məsələləri ilə sıx bağlıdır.
Epidemiya zamanı yoxsul əhalinin müraciət etməsi və müvafiq xidmətlərlə təmin edilməsi üçün isə cəmiyyətin hər bir üzvünün fövqəladə hallar üzrə tibbi yardımdan bərabər istifadə imkanlarının təmin edilməsinin böyük əhəmiyyəti var. Buna görə də ölkədə fövqəladə hallar üzrə tibbi yardım sisteminin mövcudluğu və bununla da, yoluxucu xəstəliklərin yayılmasına nəzarətin gücləndirilməsi vacibdir. Sonuncu pandemiyada bir çox çətinliklər olsa da ümumilikdə Azərbaycan əksər ölkələrə baxanda əhaliyə daha çox pulsuz tibbi yardım göstərə bildi.
Səhiyyə sahəsində qarşıda duran digər məsələ əhaliyə göstərilən səhiyyə xidmətlərindən istifadə imkanları ilə yanaşı, onun keyfiyyəti məsələsidir. Belə ki, ümumilikdə ölkə ərazisinin səhiyyə müəssisələri ilə, demək olar ki, əhatə olunmasına baxmayaraq, mövcud binaların və avadanlıqların vəziyyəti, habelə tibbi heyətin təmin etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Səhiyyə xidmətlərinin keyfiyyətindəki fərqlər şəhər və kənd yerlərində bu sahədə bərabərsizliyə şərait yaradır. Bu baxımdan, təmin edilən səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkənin bütün regionlarında yüksək səviyyəli bərabər səhiyyə xidmətlərini təmin etmək məqsədilə, bu sahəyə yönəldilən dövlət investisiyaları artırılmalıdır. Gələn ilin büdcəsində səhiyyə xərclərinin 11,5 faiz arıtılaraq 1,9 milyard manata çatdırılması təqdirəlayiqdir. Bununla belə, bu göstərici bir sıra inkişaf etməkdə olan ölkələrdəki maliyyələşmə səviyyəsindən aşağı göstəricidir.
Səhiyyə xidmətlərinə ayrılan xərclərin artırılması ilə yanaşı cari xərclərin səmərəliliyinin təmin edilməsi də zəruridir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” səhiyyə üçün ayrılan dövlət vəsaitlərinin idarə olunmasının mövcud mexanizmlərinin dəyişdirilməsi, maliyyələşmənin yeni iqtisadi əsaslarının yaradılması və nəticə etibarı ilə ötən ildən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanması bir tərəfdən, səhiyyəyə ayrılan dövlət vəsaitlərinin daha səmərəli və əhalinin tibbi ehtiyacları ilə daha sıx əlaqələndirilməklə istifadəsinə şərait yaradır, digər tərəfdən isə, səhiyyənin maliyyələşməsinin yeni mənbəyinin yaradılmasına, həmçinin bütövlükdə sistemin şəffaflığının artırılmasına təkan verir.
Səhiyyə xidmətlərinin keyfiyyəti həm də tibb işçilərinin peşəkarlığından və təlimlərin səviyyəsindən asılıdır. Buna görə də ali təhsil müəssisələrində tibbi kadrların hazırlığı vəziyyətinə yenidən baxılması və onun təkmilləşdirilməsi zəruridir.
Bu sahənin iqtisadi inkişaf sektoru (dövlət investisiyaları) ilə əlaqəsi xüsusilə təmiz su əldə etmək imkanlarının yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, bu imkanın olmaması suda həll edilən quru südlə qidalanan körpələrin həyatı üçün təhlükə yaradır (hazırda 3 aylığına qədər olan körpələrin yalnız 1/3-i ana südü ilə qidalanır). Uşaqlar arasında xəstələnmə və ölüm halları, həm də təmiz olmayan sudan istifadə nəticəsində baş verən ishalla bağlıdır. Bu, eyni zamanda, uşaqlar arasında parazitar xəstəliklərin yayılmasına gətirib çıxaran amillərdəndir. ÜƏP-in və Səhiyyə Nazirliyinin apardığı son tədqiqatın nəticələrinə əsasən, ibtidai sinif şagirdlərinin 1/3-i bağırsaq parazitlərinə yoluxur.
Yuxarıda deyilənlərə əsasən, hazırda səhiyyə sahəsinin qarşısında duran əsas məsələ profilaktik tədbirlərin gücləndirilməsi ilə yanaşı, keyfiyyətli və münasib səhiyyə xidmətlərindən bərabər istifadə imkanların təmin edilməsindən ibarətdir.
Elçin
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” çərçivəsində hazırlanıb.