Birinci Qarabağ müharibəsində iştirakçısısını tanıyaq - FOTO

28 Oktyabr 2022 13:38 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Otorinolorinqologiya şöbəsinin tibb bacısı İlhamə Səfərova birinci Qarabağ müharibəsi başlayan zaman, tibb bacısı kimi könüllü olaraq cəbhəyə yollanıb. SİA xəbər verir ki, İlhamə Səfərova 1992-1996-cı illərdə Silahlı Qüvvələrin Ağdam rayonunda yerləşən N saylı Hərbi Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsində baş tibb bacısı kimi fəaliyyət göstərib, Ağdam rayonunun şiddətli döyüşlər gedən ərazilərində yaralanan əsgərlərin çıxarılmasında, ilk yardımın göstərilməsində və yaralı hərbiçilərin N saylı Hərbi Hospitala təxris olunmasında yaxından iştirak edib. Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi zamanı İlhamə xanım özü də xəsarət alıb.

Sevindirici haldır ki, tibb bacısı İlhamə Səfərovanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2002-cü ildə dövlətimiz tərəfindən ev ilə təmin olunub, 2010-cu ildə isə avtomobil ilə təmin edilib. İlhamə xanım I Qarabağ müharibəsi zamanı göstərdiyi tibbi xidmətlərə görə çoxlu sayda Fəxri Fərmanlarla təltif edilib.

Qeyd edək ki, İlhamə Səfərova 1988-1990-cı illərdə 2 saylı Tibb məktəbidə tibb bacısı fakültəsində təhsil alıb. O, əmək fəlaiyyətinə 1990-ci ildə dövlət tibb müəssisəində tibb bacısı kimi başlamışdır. İhamə xanım 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında tibb bacısı kimi çalışır.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında tibb bacısı İlhamə Səfərovanın da payı var.