Açılan sandıq, görünən reallıq – Putin nə dedi? ANALİTİK+AKTUAL

28 Oktyabr 2022 11:21 (UTC+04:00)

Yaxud, parçalanmış və mövcud olmayan “Minsk qrupunun” sözdə həmsədr ölkələri ayrı-ayrılıqda hansı məqsədlərini güdürlər?

Rusiya prezidenti Vladimir Putinin “Valday” Diskussiya klubunun plenar iclası zamanı Qarabağ münaqişəsinin həlli, sülh müqaviləsinin imzalanmasına doğru gedən (və ya getməyən-R.R.) prosesi ilə bağlı irəli sürdüyü fikirləri əslində daha əvvəllər, yəni torpaqlarımızın işğala məruz qaldığı dövrlərdəki bir sıra nüansları yenidən gündəmə gətirmiş oldu. Bəs nə idi həmin nüanslar və qarşıdakı məqsədlər nələrdən ibarətdir? Yəni Putin “Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir”, ifadəsini işlətməyinə işlədib, amma sonrakı ifadələrdən hansı nəticələri hasil etmək mümkündür?

Status-kvo cəhdləri: Qarabağ münaqişəsi həmin vaxtlardan dondurulmağa çalışılırdı

Putin çıxışı zamanı artıq bu gün mövcud olmayan ATƏT-in Minsk qrupunun fəaliyyəti dövrü həmsədr ölkə olaraq Rusiyanın təkliflərini açıqlayıb. “Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək”, deyən Rusiya prezidenti qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib: “Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların ora qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunkü vəziyyətə gətirib çıxardı”.

Məhz bu fikirlərdə hansı məqamlar diqqət çəkir? Qarabağın işğalı dövründə Rusiya ilk növbədə özünü aparıcı moderator kimi təqdim etməsi ilə yanaşı, həm də prosesdəki danışıqlarda ABŞ və Fransadan fərqli olaraq tərəflər arasındakı əsas cinahı (əsasən, müxtəlif dolayı yollarla Ermənistanın maraqlarından çıxış edən tərəf-R.R.) olduğunu göstərməyə çalışıb. Halbuki, söhbət işğal altındakı ərazilərindən gedirdi və bu ərazilər beynəlxalq hüquq çərçivəsində Azərbaycanın suveren ərazi vahidləri idi və bu gün də, bundan sonra da belə olacaq.

Fakt budur ki, həmin dövrlərdə iki böyük ərazimizin – Kəlbəcərin və Laçının erməni işğalında qalması yönündə hətta ölkəmizə qarşı təzyiqlər də olub. Təbii ki, rəsmi Bakı bununla razılaşa bilməzdi və razılaşmadı da! Sonrakı proseslərdə - 44 günlük Vətən müharibəsində həmin fakt özünü sübuta yetirdi.

Qaldı ki insanlarımızın qaçqın olaraq beş rayona geri qaytarılmalarına və s. kimi “humanitar” xarakterli məsələlərə, bütün bunlar sadəcə boğazdan yuxarı deyilən fikirlərdir, daha dəqiq desək, qeyri-səmimi təsirlər bağışlayır. Digər tərəfdən isə Qarabağ münaqişəsi həmin vaxtlardan dondurulmağa çalışılırdı. Yəni status-kvo cəhdləri də buna hesablanmışdı. Diqqət yetirsək görərik ki, “beş rayonun qaytarılması”, sonrakı iki rayonun sonrakı illərdə müzakirəyə çıxarılması üzərindəki var-gəllər də belə qənaətə gəlməyə zəmin yaradır.

Rusiya Qərbin regiona daxil olmasına son ana qədər imkan vermək fikrində deyil, amma...

Daha bir amil budur ki, hazırda Rusiya Ukraynada apardığı uğursuz müharibəsi kontekstində Cənubi Qafqaz regionundan əlinin üzülməsini istəmir və bunu açıq şəkildə nümayiş etdirir. Yəni rəsmi İrəvanın Qərbə doğru irəliləməsini həzm etməyən Rusiya Ermənistana təhdid mesajını verməyi də unutmayıb. Lakin həmin mesajın ikibaşlı olduğunu da nəzərdən qaçırmamalıyıq. Misal üçün, “Ermənistan hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq lazımdır, biz bunu dəstəkləyirik”, deyən Putin bir tərəfdən İrəvanın diqqətinə çatdırıb ki, Rusiya Ermənistandan əlini çəkərsə, güclü Azərbaycan qarşısında aciz qalacaq, hətta Qərb belə ona istədiyi yardımlarını göstərə bilməyəcək. Üstəlik, Rusiya Qərbin regiona daxil olmasına son ana qədər imkan vermək fikrində deyil, amma...

Amma başqa tərəfdən, Putin demək istəyib ki, yalnız Rusiyanın mövcudluğu Ermənistanın Qarabağa hər hansı yöndəki, misal üçün, Qarabağda qalan separatçılarla əlaqələrini saxlamaq təsirlərini saxlaya bilər (???!!!-R.R.)

Rusiya prezidentinin "Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diktə edə bilmərik" fikri də bu cür düşünməyə zəmin yaradır. Qaba ifadə ilə izah etsək, Putin demək istəyib ki, “İrəvan, hər şey sənin özündən asılıdır”...

Fəqət gəlin görək, Ermənistan və onun yönəldiyi, altına yıxıldığı yeni siyasi məşuqu - Qərb qalsın bir yana, heç Azərbaycan buna imkan verəcəkmi?

Faktiki olaraq ona eyham vurulub ki, Rusiya danışıq masasında əsas moderator qismindəki çıxış cəhdini qoruması ilə həll olunmayan problemlərin yenidən özü də uzunmüddətli dondurulmasına öz təsirlərini göstərmək istəyir. Fəqət gəlin görək, Ermənistan və onun yönəldiyi, altına yıxıldığı yeni siyasi məşuqu - Qərb qalsın bir yana, heç Azərbaycan buna imkan verəcəkmi?

Təbii ki, rəsmi Bakı bu məsələnin birdəfəlik qapadılması və öz xeyrinə həll olunması istiqamətində bütün müvafiq addımlarını atıb və Prezident İlham Əliyev dəfələrlə (!!!-R.R.) vurğulayıb ki, Qarabağ Azərbaycandır və bunu əsla, heç bir qüvvə inkar edə bilməz. Üstəlik, ölkəmizə qarşı təzyiq göstərməklə reallaşdırmağa çalışılan hər hansı təsir mexanizmləri görüntü xarakterindən o tərəfə keçməyəcək. İstər Rusiyanın regionda qalması üçün bəlli məsələləri dondurmaq cəhdləri yönündəki fəaliyyəti, istərsə də ATƏT missiyasının Ermənistanda fəaliyyətə başlaması – bunların heç biri Azərbaycan dövlətinin və xalqının maraqları üzərindən xətt çəkə bilməz. Həmçinin, vaxt uzandıqca, zaman keçdikcə açılan sandıqlar üzə daha çox reallıqları çıxarmış olur. Nəticədə zaman da, vaxt da yalnız və yalnız bu məsələdə müxtəlif cəhdlər edən iki qütbün – həm Qərbin, həm də Rusiyanın zərərinə işləyir.

Rövşən RƏSULOV