Orta Ləki kəndində şəhid Anar İsrəfilovun anım tədbiri keçirilib FOTOLAR

27 Oktyabr 2022 17:25 (UTC+04:00)

Ağdaş rayonunun Orta Ləki kəndində 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsrəfilov Anar İsrəfil oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunmuşdur. Tədbirdə Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov və əməkdaşları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmiş, şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, valideyinlərinə başsağlığı verilmişdir. Tədbir daha sonra Yuxarı Ləki kənd qəbiristanlığında davam etdirilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhid Anar İsrəfilovun döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılmışdır. Orta Ləki və Yuxarı Ləki kənd tam orta məktəblərinin şagirdləri ədəbi-bədii kompazisiya səsləndirmişlər. Qəbiristanlıqdakı şəhidlərin məzarları ziyarət olunmuş, üzərlərinə əklil və gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. İsrəfilov Anar İsrəfil oğlu 4 yanvar 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yollanan Anar İsrəfilov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuş, oktyabrın 26-da Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfatından bir müddət sonra Anarın oğlu dünyaya gəlmiş və körpəyə atasının adı verilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.