“Təəssüflər olsun ki, ictimai iaşə obyektlərində və restoranlarda gigiyena və təmizlik qaydalarına riayət olunmaması ilə bağlı bir sıra problemlər yaşanır”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri açıqlayıb ki, bu kimi problemlər təkcə bizim ölkəmizdə deyil, bir çox dünya dövlətlərində də müşahidə edilir: “Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, illər bundan öncə İsveçrədə ofisant qarşıma yemək qoyarkən əllərinin kirli olması faktı ilə qarşılaşdım. Bu hala şahid olan kimi tələb etdim ki, əllərini yuyub, mənim yeməyimi yenidən gətirsin. Yəni burdan da o nəticəyə varmaq olur ki, restoranlarda gigiyena qaydalarına riayət olunmaması halları təkcə Azərbaycanda baş vermir. Qida Təhlükəsizlik Agentliyi əsasən iaşə obyektlərində çalışan işçilərin səhhətlərində hər hansı bir problemin olub-olmaması ilə araşdırmalar aparır. Çünki həmin ictimai yerlərdə qidaların hansı formada saxlanılmasını vətəndaşdan gizlədə bilərsən, lakin orada çalışan işçiləri kimdənsə gizlətmək mümkün deyil. Qida Təhlükəsizlik Agentliyi isə bu sahədə demək olar ki, lazım olan işlərin 10 faizini belə görə bilmir. Məhdud insan resusları ilə dövlət orqanı bu qədər böyük bir şəbəkəni nəzarət altında saxlaya bilməz. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyinin bir neçə il bundan öncə apardığı televiziya layihəsi çərçivəsi şəhərin mərkəzində yerləşən və olduqca məşhur ada sahib olan restoranların birində yemək hazırlanma yeri çox bərbad bir şəkildədir. Həmçinin dondurulmuş yeməkləri qızdıraraq vətəndaşların qarşısına qoyurlar. Söhbət Nizami küçəsində yerləşən restoranlardan birində baş verib. Nəhayət biz nail olduq ki, restoranlardan birində monitorinq qoyularaq istehlakçı zalda oturduğu zaman mətbəxdə baş verən prosesləri izləmək imkanı qazansın. Biz bu prosesi cəmi 1 restoranda həyata keçirdə bildik. Fikrimcə, hər bir restoranda bu kimi sistem quraşdırılmalıdır. Təbii ki, iaşə obyektlərində bu kimi halların yaşanması istehlakçının sağlamlığına ziyan vuraraq, qəfil zəhərlənməyə və s. xəstəliklərə yol açır”.