Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti iflic olub - QURUM RƏSMİSİ AÇIQLADI

26 Oktyabr 2022 18:37 (UTC+04:00)

Heydər Əliyev prospektində ciddi şəkildə tıxac müşahidə olunur. Hazırda həmin istiqamətlərdə avtomobillər tam hərəkətsiz bir şəkildə dayanıb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu prospektdə irəliləmək istəyən vətəndaşlar tam 40 dəqiqədir ki, yolda qalıb. Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna Bakı şəhər Dövlət Yol Polisi idarəsinin baş inspektoru polis mayor Araz Əsgərli cavab verib.

Qurum rəsmisi qeyd edib ki, Heydər Əliyev prospekti ən uzun prospektlərdən biri hesab olunur: “Bildiyiniz kimi hazırda yollarda pik zamanlamadır və gündəlik olaraq bu saatlarda müəyyən prospektlrədə tıxaclar müşahidə edilir. Sözügedən prospektdə yaranan sıxlıqın əsas səbəbi həmin istiqamətdə hərəkət edən avtomobillərin sayının çox olması ilə əlaqədardır. Bu vəziyyətin qəza və ya başqa bir halla əlaqəsi yoxdur. Bununla əlaqədar olaraq qurumumuz tərəfindən yaranmış vəziyyətin aradan qaldırılması və tıxacın tənzimlənməsi üçün mərhələli şəkildə işlər görülür".