Yaxud Zatulinə və Simonyana vurulan “xəyanətkar” damğası
“Bəyin oğurlanması” filmində bir hissə var, bəyi oğurlayan kinoçəkəndərdən tələblərinin nə olduğunu soruşanda bildirirlər ki, “icazə verin toyu kinoya çəkək”. Zatulinin Ermənistan və ermənilər üçün etdikləri filməbənzər hadisələrin də son hissəsi qalırdı, o da Duma sədrinin müavininin əməllərini kinoya çəkmək, onun artistlik işinə qiymət vermək. İnsafən, Zatulin rolunun öhdəsindən “məharətlə” gəlirdi. Amma, nankor ermənilər “uçitel” Konstantinə son nominasiyanı çox gördülər, üstəlik onun neçə illik əməyini bir hərəkətlə yerə vurdular…
Guya Zatulin erməniləri tanımırmış, ona dönük çıxacaqlarını bilmirmiş. Rusiya Dövlət Dumasının deputatı hələ də Ermənistan Respublikasına girişinə qadağa qoyulmasının səbəblərini anlamaqda çətinlik çəkir. Necə ola bilər ki, gecə-gündüz Ermənistanı və erməniləri haqsız olduqları halda “haqlı”kimi cəmiyyətə sırıyasan, haqlı Azərbaycanı isə haqsız çıxarasan, sonunda səni Ermənistanda “arzuolunmaz şəxs”, beynəlxalq dillə desək “persona non grata” elan edələr. Zatulinə od qoyan da bu yanaşmadır. Rusiya Dövlət Dumasının sədr müavini ermənilər üçün nələri etməyib ki. Zatulinin yaratdığı “Lazarev klubu” oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı. Yeni çağırışlar, ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri də Konstantin Zatulindir. Hələ 2018-ci ildə bu klubun təşkilatçıları tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov və digər şəxslər tərəfindən səsləndirilən və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdürdü. Bəli, bu, həmin Zatulindir.
Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko İrəvanın Zatulinə Ermənistana giriş qadağası qoymasına reaksiya verib, “30 il erməni maraqlarına xidmət etmək – sonra pişik kimi zibil qabına atılmaq...”.
Ermənistan hakimiyyəti Zatulin və Rusiya I kanalının rəhbəri Marqarita Simonyanın da ölkəyə girişinə qadağa qoyub. Paşinyan komandası Zatulinə və Simonyana bildirib ki, onların bəyanatları Ermənistana zərər vurur. Belə ki, Zatulinin bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir.
Buradan belə bir nəticəyə gəlmək olar ki, Ermənistan Rusiya Dövlət Dumasının və mediasının ciddi gücündən, dəstəyindən imtina etdi. Bəli, Paşinyan bu addımı ilə siyasi oriyentasiyasının Qərbə meylli olduğunu təsdiq edir. Məntiqi sual yaranır, niyə Zatulin və Simonyan? Cavab da qəliz deyil, Zatulin, xüsusilə Köçəryan-Sərkisyan komandası ilə yaxındır. Simonyanın rəhbərlik etdiyi media resursları isə Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşıdır və Nikolun rəqibləri üçün platforma rolunu oynayır. Paşinyan Rusiyanın maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcəyini və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna etmir. Buna görə də ilkin olaraq Kremlin emmisarlarını neytrallaşdırır.
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan "Lazarev Klubu"nun beşinci iclasında iştirakdan imtina edib. Erməni spiker Simonyan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanladığı məktubda bunu Səmərqənddə keçiriləcək MDB PPA Şurasının növbəti iclasında iştirak edəcəyi ilə izah edib.
Zatulinin özü müsahibəsində Ermənistana girişin gözlənilmədən qadağan edilməsini təhqir adlandırıb. O, Ermənistan hakimiyyətinin qərarının onun ermənipərəst fəaliyyətinə təsir etməyəcəyini əmin edib, Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə qarşı hərəkətlərini xəyanət adlandırıb.
Ermənistan Xarici İşlər Nazirliyi Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası üzrə komitəsi sədrinin birinci müavininin ölkəyə girişinə qadağa qoyulması barədə məlumatı olmadığını bildirib. Əvəzində isə Zatulin bildirib ki, respublika rəhbərliyinin onun fikrincə, “Qərbin maraqlarına” yönəlmiş siyasətindən narahatdır.
“Nə üçün imkan verməliyik ki, xarici ölkə vətəndaşı, bir məmur da olsun, daxili işlərimizə qarışsın? Əgər başqa ölkədən olan siyasətçi daxili siyasi həyatımıza qarışıb, baş nazirin istefaya getməsi ilə bağlı bəyanatlar verirsə, hesab edirəm ki, belə bir addım gözlənilən və məqsədəuyğun idi”. Bunu oktyabrın 25-də jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın qudası Qraçya Akopyan Konstantin Zatulinin birinci seçkilərə qadağa qoyulması qərarını şərh edərkən deyib.
Ermənistanın hazırkı hakimiyyəti Bakı və Ankaranın maraqlarından çıxış edərək anti-erməni və anti-Artsax siyasətini davam etdirir, bu barədə isə “Ermənistan” bloku bildirib. Paşinyan komandasından Zatulinə bildirilib ki, “onun bəyanatları Ermənistana zərər vurur”, beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir.
Bundan əvvəl “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan öz bəyanatları ilə dəfələrlə Ermənistan hakimiyyətini tənqid edib. Belə ki, 2020-ci ilin yayında Qarabağda başlayan yeni müharibə fonunda Simonyan Ermənistan hakimiyyətinə müraciət yazıb: “Rusiyadan uzun illər aldığınız yardımlara cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir. Siz ölkəni anti-Rusiya QHT-ləri ilə doldurmusunuz, onlar sizin ərazinizdəki gənclərə Rusiyada hökuməti necə devirməyi öyrədirlər. Siz Qafqazda anti-Rusiya qüvvələri üçün tramplin oldunuz. Nəticədə, bütün etdiklərinizdən sonra Rusiyanın sizə tüpürməyə və incitməyə bütün mənəvi haqqı var. Qərbə inanmaqdan, ümid etməkdən öncə, bu Qərbə tam olaraq qul olan ölkələrə nəzər salın. Götürək elə mənim də vətənim sayıla biləcək Ermənistanı. Ermənistan lideri sayılan Paşinyanı mənim burda tənqin etmək fikrim yoxdur. O, Putinlə 100 dəfə də görüşsə də, mənim ona qarşı fikirlərim dəyişməyəcək. Mənim fikrimcə, o, erməni deyil. Baxın, Ermənistanda hazırda nələr baş verir – orta məktəblərin ibtidai siniflərində “seksual orientasiya” dərsləri... Mən uşaqlıqda “seks” sözünü İrəvanda desəydim, məni elə vurardılar ki... Bu prosseslər ermənilərin mentalitetini dəyişməyə yönəlib. Geyparadlar, LQBT-yə Ermənistandan dəstəklər bu prossesin bir qoludur”.
RT-nin baş redaktorunun bu açıqlamalarını RBC telekanalına müsahibəsində şəxsən baş nazir Nikol Paşinyan şərh edib. O qeyd edib ki, Simonyanın Ermənistan-Rusiya münasibətləri ilə bağlı yazısı erməni dairələrində və Ermənistanda kəskin mənfi reaksiyaya səbəb olub və İrəvan bütün iddiaları əsassız hesab edir.