2023: Qlobal böhran şəraitində makroiqtisadi göstəricilərimiz nə vəd edir? - ANALİZ

26 Oktyabr 2022 13:45 (UTC+04:00)

n il üçün sosial mlü dcə rclərində k artım var

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Gələn il büdcəsində bütün göstəricilər üzrə ciddi artım var. Azərbaycan tarixində büdcə gəlirləri və xərcləri gələn ilin sosial-iqtisadi mənzərəsini təsəvvür etməyə imkan verir. Əvvəlcə rəqəmlər üzərində bunu nəzərdən keçirməyə çalışaq.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülmüşdür.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Göründüyü kimi, ölkəmizin iqtisadi gəlirləri artdıqca sosial müdafiə və təhlükəsizlik xərcləri də artır. Təhsil xərclərinin 42,4 faiz artaraq 4,4 milyard manata çatdırılması təhsil sahəsində ciddi inkişafa imkan verəcək həddədir.

Daha bir sevindirici məqam qeyri-neft gəlirlərinin 12,2 faiz, başqa sözlə 14,4 milyard manat artmasıdır. Nəticədə Dövlət Neft Fondundan büdcəyə transfertlər də 237,5 milyon manat azalır. Bu, həm də ölkə iqtisadiyyatının neftdən asılılığının xeyli dərəcə azalması deməkdir.

Ümumiyyətlə, büdcə gəlirlərinin yuvarlaq desək 5 milyard, xərclərinin isə 6 milyard manat artması çox böyük nailiyyətdir. Bu, respublika tarixində ən böyük artım göstəricisidir.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsaitin 37,7 faiz artraraq 3 milyard manata çatdırılması, həmin ərazilərdə həyatın daha sürətlə bərpa edilməsinə imkan yaradacaq.

Ölkənin müdafiə xərclərinin 17,1 faiz artırılaraq 5,3 milyard manata çatdırılması da vacib addımlardandır. Güclü ordu dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi isə çox vacibdir.

Ən vacib məqamlardan biri də aqrar sektorun inkişafı ayrılan xərclərin 32 faiz artırılaraq 1,2 milyard manata çatdırılmasıdır. Qlobal ərzaq böhranı və qida qıtlığı şəraitində bu sahəyə diqqətin artırılması son dərəcə vacibdir. Əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına, bahalaşmanın qarşısının alınmasına, yerli istehsalın artırılmasına çalışılması həyati dərəcə vacib məsələdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün xərclərin də 38,6 faiz artırılaraq 625 milyon manata çatdırılması bu sahədə vəziyyəti daha da yaxşılaşdıracaq.

2023-cü ildə sosial sahəyə ayrılan vəsaitlərin 1,3 milyard manat və ya 9,3 faiz artırılaraq 15,2 milyard manata çatdırılması nəzərdə tutulur. Dövlət büdcəsinin az qala yarısı sosial xərclərə ayrılıb ki, bu da sosial büdcə deməkdir.

Ümumiyyətlə, 2023-cü ilin dövlət büdcəsi gələn il üçün sosial-iqtsadi inkişafın daha da sürətlənəcəyi və qlobal iqtisadi böhan şəraitində Azərbaycanın öz inkişafını daha da artırdığını göstərən əsas faktdır. Üstəlik, nəzərə alsaq ki, neftin qiyməti büdcədə həddən artıq pessimist proqnozla 50 dollar götürülüb və hazırda neftin qiynətinin bundan təxminən 2 dəfə artıq olması o deməkdir ki, Neft Fondunun gəlirləri də xeyli artacaq.

Buraya təbii qazın qiymətinin həddən artıq bahalaşması və qarşıdan gəln qışda daha da bahalaşacağı proqnozlarına bu barədə onu demək mümkündür ki, ölkəmizin qaz ixracından əldə edilən gəlirləri daha çox artracaq. Bu il ərzində bu gəlirlər 4 dəfə artıb. Gələn isə daha çox artra bilər.

Pandemiyanın başa çatması ilə turizm sektorunun yenidən bərpa olunacağı da iqtisadi aktivliyə öz təsirini göstərəcək. Azad olunmuş ərazilərdə əkin-biçin və heyvandarlıqdan əldə olunan gəlirlər də ölkədə məhsul istehsalını artıracaq.

Ümumiyyətlə, beynəlxalq maliyyə institutları 2023-cü ildə ÜDM-in nominal dəyərinin 100 milyard manata çatacağını proqnoz edirlər. Bu isə tariximizdə ən böyük ümumi daxili məhsul deməkdir. Belə bir iqtiaadi qüdrətə malik olmaq həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm siyasi nüfuzunu artırır, həm də müdafiə və təhlükəsizliyini təmin edir.

Hazırda ölkənin stratei rezervləri 56 milyard dollar dəyərindədir. Gələn il üçün bu rəqəm 60 milyarda çata bilər. Bu isə həm iqtisadi təhlükəzilik yastığı, həm də gələcək üçün yığılmış çox böyük bir ehtiyat fond deməkdir.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi artıq özünü tam şəkildə göstərir. Bu vəziyyət sosial rifahın da yüksəlməsinə şərait yaradır. 2023-cü ilin dövlət büdcəsi bu istiqamətdə proqramların gücləndiriməsi üçün hər cür imkanlara malikdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” çərçivəsində hazırlanıb.