Doğma Qubadlı sən azadsan!!!

25 Oktyabr 2022 17:45 (UTC+04:00)

Bu gün 25 oktyabr 2022-ci il biz Azərbaycan xalqı, Qubadlının azad olunmasının ikinci ilini qeyd edirik. Ancaq istər həyatımızın əziz günləri, istər qaranlıq günləri bizim unudulmaz yaşadığımız tarixi günlərdir. Axı biz erməni vandallarının vəhşiliklərini, 1993-cü ilin 31 avqust tarixində Qubadlını işğal etmələrini, Zəngəzurla birlikdə Qubadlının kəndlərini yandırıb, dinc əhaliyə divan tutub, əzab-əziyyət vermələrini nece unudaq ? Meşələri yandırmaq ? Bu ermenilər həm də bir təbiət vəhşisi olduğunun göstəricisidir.

Otuz illik həsrətdən sonra İkinci Qarabağ Müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 25 oktyabrında Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğaldan azad etdi və üçrəngli bayrağımız həmin ərazilərdə qürurla dalğalandırdı. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklərin götürülməli olduğunu yaxşı bilirdi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm surətdə hərbçilərimizə atəş açırdı. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 кəndi işğalçılardan təmizləndi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda səfərində bildirdi ki: “Şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi. Onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi” Azərbaycan Ordusu asan olmayan bu məsələni qüdrətiylə həll etdi.

Qubadlının işğaldan azad edilməsi erməniliyin mahiyyətini bir daha açdı. Məlum oldu ki, işğal edilmiş ərazilərdə erməni vandalizmi sözlə ifadə edilməsi mümkün olmayan dağıntılar, vəhşiliklər törədib. Qubadlıda müəyyən niyyətlə xaricdən gətirilmiş ermənilər üçün Xanlıqda qəsəbə salınıb.

Bu, ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılma prosesinin davamı idi. Azərbaycan Ordusu bu prosesi də işğal kimi darmadağın etdi. Qubadlıda törədilmiş dağıntılar da, Xanlıqda salınmış qəsəbə də müharibə cinayətləridir. Bu cinayətlərə nə Ermənistanın özü, nə də onu İkinci Qarabağ müharibəsindən sonra dəstəkləyən dövlətlər də heç nə ilə bəraət qazandıra bilməz. Ermənistan bu cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Qubadlı öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu gün qürurla deyirik ki, Qubadlımız, sən bizimsən. Daha qubadlıların başlarının üstündən güllələr uçuşmayacaq, göz işlədikcə uzanıb gedən çöllərində güllər pərvazlanacaq, dağı-yamacı mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək.

Qubadlı rayonu əvvəlkindən də gözəl olacaq. Çünki Qubadlı iki ildir ki, azaddır və burada həyat yenidən canlanır. Bu xöşbəxtliyi bizə yaşadan Qubadlının və digər rayonların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 25 oktyabr münasibətilə bütün Qubadlı rayon əhalisini, onların timsalında bütün keçmiş məcburi köçkünləri, o cümlədən, Azərbaycan xalqını bu əziz gün münasibətilə təbrik edirəm.

Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatının fəalı