Avarçəkmə üzrə "Mingəçevir reqatası"nda qalib olan idmançılar danışdı - SORĞU

23 Oktyabr 2022 16:31 (UTC+04:00)

Avarçəkmə üzrə "Mingəçevir reqatası" beynəlxalq yarış həyata keçirilib. Reqatanım ilk günü və açılış mərasimi Suqovuşanda, son iki mərhələsi isə Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş tutub. Yarışda Azərbaycan komandası ilə yanaşı 13 ölkə və 150 qədər isə idmançı iştirak edib. SİA mövzu ilə əlaqədar olaraq Avarçəkmə üzrə "Mingəçevir reqatası-2022" beynəlxalq yarışında iştirak edən idmançıların fikirlərini öyrənib.
Türkiyəli idmançı Eşe Sukarman: "Mən ilk dəfədir ki, Azərbaycanda oluram. Sözün əsl mənasında çox gözəl ölkədir. Bizi burada çox yaxşı şəkildə qarşılayıb, qonaq etdilər. Bizim yaxşı yarışmağımız üçün hər bir şey yüksək səviyyədə hazırlanmışdır. Yarış çox mübarizəli bir şəkildə həyata keçdi. Amma hər şeyə rəğmən bu yarış mənim üçün çox maraqlı bir təcrübə oldu".

Azərbaycanlı idmançı Riyad İsmayıllı: "Mən keçirilən yarış ərzində 2 dəfə medal qazandım. Rəqiblərim gürcü və ukraynalı idi. Yarış zamanı ukraynalı rəqibimi keçə bilsəm də, gürcü rəqimə qarşı eyni performansı göstərə bilmədim. Ümumilikdə yarış çətin keçdi çünki rəqiblərimiz çox güclü idi. Mən öz müəllimlərimə təşəkkür edirəm ki, bizə yaxşı dərslər keçərək bu cür yarışlarda iştirak etməyimizə səbəb olurlar. Hər zaman göstərdikləri diqqət və qayğıya görə isə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına öz minnətdarlığımızı bildiririk".

Türkiyəli idmançı Taha Aydın: "Mənim Azərbaycana artıq ikinci gəlişimdir. Bizi gözəl şəkildə qarşıladıqları üçün əziyyəti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bu gün çox gözəl şəkildə yarış təşkil olunmuşdur. Düşünürəm ki, rəqiblərimlə bərabər çox maraqlı mübarizə apardıq".

Azərbaycanlı idmançı Rəşad Dadaşov: "Fikrimcə, yarış çox çətin keçdi. Lakin buna baxmayaraq Azərbaycan komandası güclü bir şəkildə mübarizə apardı. Bizim üzərimizdə müəllimlərimizin çox böyük əməkləri var. Ona görə ki, biz davamlı olaraq onlarla birgə məşqlər keçirik və buna görə də yüksək nəticələr əldə edə bilirik".