"Azərbaycan Avarçəkmə Federasiysı işğaldan azad olunmuş ərazilərimizdə, cənnət Qarabağımızda, Suqovuşanda ikinci beynəlxalq yarış təşkil etdi". SİA xəbər verir ki, bu sözləri Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov bildirib.
Qurum rəsmisi qeyd edib ki, ilk beynəlxalq yarışı idman tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən "Prezident Kuboku -2022" beynəlxalq reqatası idi: "Həmin beynəlxalq yarışda Azərbaycanla bərabər 5 ölkə iştirak edirdisə, bu gün reqatamızın ölkə baxımından say tərkibi daha genişlənib. Hazırda Avarçəkmə üzrə "Mingəçevir reqatası"-da Azərbaycanla bərabər 13 ölkə mübarizə aparır, 150-yə yaxın idmançı bizimlə iştirak edir. Reqatanın birinci günü və açılış mərasimi Suqovuşanda keçirildi. Azərbaycan idmançıları 14 medal əldə etdilər. Oktyabrın 22-23-də isə Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində reqatanın növbəti hissəsi, final görüşləri və mükafatlandırma mərasimi baş tutacaq. Mingəçevirdə əsasən 500 metrlik məsafədə kanoe və kayak üzrə yarışlar keçiriləcək".