İtaliya Prezidenti yeni hökuməti qurmağı Giorgia Meloniyə tapşırıb

21 Oktyabr 2022 21:21 (UTC+04:00)

İtaliya Prezidenti Sercio Mattarella yeni hökuməti formalaşdırmağı sağçı koalisiyanın namizədi Giorgia Meloniyə tapşırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyada hökumətin qurulması ilə bağlı siyasi məsləhətləşmələr yekunlaşıb. S.Mattarella Kuirinale Sarayında sentyabrın 25-də keçirilən seçkilərdə parlamentin hər iki palatasında səs çoxluğu qazanan sağçı koalisiyanın üzvləri – “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni, “İtaliya Qardaşları” Partiyasının sədri Giorgia Meloni və “Leqa” Partiyasının lideri Matteo Salvini ilə görüşüb. İtaliya Prezidenti daha sonra koalisiyanın rəhbəri G.Meloni ilə təkbətək görüş keçirib. Görüşdə S.Mattarella G.Meloniyə yeni hökuməti qurmaq vəzifəsini verib.

Giorgia Meloni isə yeni hökuməti formalaşdıracaq nazirlərin siyahısını İtaliya Prezidentinə təqdim edib.

Yeni hökumətin üzvləri oktyabrın 22-də and içərək vəzifəyə başlayacaqlar.