Yoxsulluğun azaldılması proqramı: son 20 ildə nəyə nail olunub? – I HİSSƏ

21 Oktyabr 2022 12:00 (UTC+04:00)

2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər.

Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur. Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından Prezident Heydər Əliyev imzalayıb.

Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edildi.

Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə Respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bu isə ölkədə mövcud olan sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Belə ki, 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmişdir. 2007-ci ildə isə bu rəqəm 15,8 %-ə təşkil edirdi.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) hazırlandı. Bu proqram yoxsulluq səviyyəsini daha da azaltdı. Hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5-6 faiz civarındadır. Bu isə son 20 ildə yoxsulluq səviyyəsinin 10 dəfəyədək azaldılması deməkdir.

Gəlirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm vasitə olsa da, yoxsulluğun azaldılmasına təsir edən yeganə amil deyildir. Ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan, körpə və uşaq ölümü, ana ölümü, ərzaq təhlükəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri kimi göstəricilərin monitorinqinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Yoxsulluğun yuxarıda sadalanan aspektlərinin monitorinqi üçün göstəricilərin müəyyənləşdirilməsində bir sıra çətinliklər olsa da, mövcud məlumatlar əsasında aşağıdakıları ümumiləşdirmək olar:

- müasir dövrdə atmosferin ozon qatının dağıdılması, iqlimin pisləşməsi, bioloji müxtəlifliyin kəskin azalması, aramsız təbii fəlakətlər, ətraf mühitin çirklənməsi müxtəlif xəstəliklərin geniş yayılmasına gətirib çıxarır. Respublikanın əhalisi arasında tənəffüs orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklər, qan dövranı sisteminin xəstəlikləri, həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edir;

- vərəm və malyariya kimi qarşısı asanlıqla alına bilən yoluxucu xəstəliklərə tutulma halları azalsa da, onların nəzarətdə saxlanılması vacibdir. Bunun üçün isə, ictimai səhiyyə xidmətlərində profilaktik tədbirlərin maliyyələşdirilməsi və uşaqların immunlaşdırma proqramları ilə tam əhatə olunması üçün müvafiq dövlət investisiyaları tələb olunur;

- məcburi köçkünlərlə yanaşı, əhalinin digər həssas qrupları arasında da az qidalanma və düzgün qidalanmama problemləri mövcuddur. Bu baxımdan, həmin qruplar üçün bu sahədə xüsusi proqramların həyata keçirilməsi məqsədəuyğundur;

- məktəblərdə qeydiyyat səviyyəsi yüksək olsa da, təhsilin keyfiyyətində fərqlər qalmaqdadır. Bu fərqlərin aradan qaldırılması və bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi məqsədilə dövlət büdcəsində təhsil sektoruna ayrılan xərclərin artırılması davam etdirilməlidir;

- əhalinin həssas təbəqələrinin yaşayış şəraitinin qənaətbəxş olmaması onların sağlamlığına mənfi təsir göstərir. Sıx məskunlaşma, təmiz olmayan yanacaqdan istifadə, fasiləsiz elektrik enerjisi təchizatının və mərkəzləşdirilmiş su təchizatının olmaması məcburi köçkünlərin geniş kütləsinin və digər həssas qrupların qarşılaşdığı əsas problemlərdəndir. Həmin qrupların sosial infrastrukturunun yaxşılaşdırılması dövlət investisiya qoyuluşunun prioritet istiqamətlərindəndir.

Sirr deyil ki, ölkənin digər şəhər və kənd yerlərinə nisbətən Bakıda gəlir əldə etmək imkanları kifayət qədər yüksədir. Bakıya nisbətən digər regionlarda əhalinin yaşayış səviyyəsi aşağı, məşğulluq imkanları isə məhduddur. Bu baxımdan, regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, o cümlədən, yerli xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif sahələrin inkişaf etdirilməsi zərurəti mövcuddur.

Əmək qabiliyyətli yaşda olan əhalinin yoxsulluq riskinin yüksək olması (pensiya yaşında olanlarda isə risk daha yüksəkdir) göstərir ki, mövcud məşğulluq ev təsərrüfatlarını və fərdləri yoxsulluqdan kifayət qədər qoruya bilmir. Bu baxımdan, məşğulluğun yüksək gəlirli və səmərəli olmasını təmin etmək, yəni yüksək əlavə dəyər tutumu olan sahələri inkişaf etdirmək və geniş əhali kütləsinin natamam məşğulluğunu tam səmərəli məşğulluqla əvəz etmək vacibdir.

Uşaqlar, çoxuşaqlı ailələr ən yüksək yoxsulluq riskinə malikdir. Ev təsərrüfatlarında uşaqlarla əlaqədar əlavə xərclər tələb olunduğundan həmin ailələrdə böyüklərin gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqla yoxsulluq riskini azaltmaq mümkündür.

Eyni zamanda, aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir. Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir.

Son zamanlar planetar miqyasda ərzağa olan tələbatın durmadan artması, enerji resurslarının qiymətlərinin kəskin surətdə yüksəlməsi, habelə əkin torpaqlarından bioenerji xammalı yetişdirilməsində istifadə olunması ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olmuşdur. Bu isə ölkədə əhalinin aztəminatlı hissəsinin ərzaqla təminatına və ümumilikdə həyat səviyyəsinə mənfi təsir göstərir. Dünyada və respublikada mövcüd olan vəziyyət ərzaq təhlükəsizliyi məsələlərinə yeni prizmadan baxılmasını tələb edir.

Yoxsulluq sosial və institusional məsələlərlə yanaşı, iqtisadi məsələləri də əhatə edən çoxşaxəli bir problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq, çoxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində mühüm amildir.

İqtisadi artımın davamlılığını təmin edən ən başlıca cəhətlərdən biri iqtisadi inkişafın sahəvi və coğrafi diversifikasiyasıdır. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, həmçinin, regionların tarazlı inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil edir.

Makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması ölkənin bütün dövlət xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini tələb edir. Tədqiqatlar göstərir ki, inflyasiyanın sürətli artımı ilk növbədə əhalinin yoxsul təbəqələrinə daha ağır zərbə vuraraq, yoxsulluq həddindən bir az yuxarı səviyyədə olan ailələrin yoxsulluğa düçar olmalarına gətirib çıxarır. Bu baxımdan makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın təmin edilməsi, ölkənin gəlir və xərclərinin səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir.

Son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, sahibkarlığın inkişafı geniş vüsət almış, xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması genişləndirilmişdir. Bütün bunlar əhalinin gəlir əldə etmək imkanlarının artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsirini göstərmişdir. Lakin qlobal təhdidlər, dünya bazarında məhsulların bahalaşması, Azərbaycan əhalisinə də öz təsirini göstərmişdir. Bir çox məhsullarda və xidmətlərdə bahalaşma olmuş, əhalinin gəlirlərinin real dəyəri azalmışdır. Dövlət bunu kompensasiya etmək üçün maaş və pensiyaların, sosial yardımların artırılmasına çalışır. Hazırda Milli Məclisdə bununla bağlı müzakirələr davam edir.

Davamı növbəti yazıda

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” çərçivəsində hazırlanıb.