"Səs" qəzetinin redaksiyasında YAP-ın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
"Səs" qəzetinin redaksiyasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş "Yeni Azərbaycan Partiyası: 30 İL DÖVLƏTÇİLİK UĞRUNDA" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Milli Məclisin deputatı, YAP Nəzarət Təftiş Komissiyasının üzvü Elman Nəsirov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP fəalı, memar Sədrəddin Əkbərli, YAP Suraxanı rayon təşkilatının fəal gənci Fərəh Məcidzadə iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev "Səs" qəzetinin redaksiyasında ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrlə bağlı ənənəvi olaraq, dəyirmi masaların təşkil olunduğunu bildirib. Növbəti dəyirmi masanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunduğunu və yubiley münasibətilə silsilə olaraq redaksiyamızda dəyirmi masaların keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
B.Quliyev YAP-ın keçdiyi şərəfli tarixi yola nəzər salaraq, YAP-ın xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərdiyini bildirib: "Yeni Azərbaycan Partiyası ölkənin həyatında müstəsna rol oynayan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan siyasi partiya olaraq dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərinin təmin edilməsində mühüm rol oynayıb. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Bu gün artıq YAP-ın yaranma tarixindən 30 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir".
"Bugünkü müasir, müstəqil Azərbaycan dövləti yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb", - deyən B.Quliyev bildirib ki, müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli, məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu gün tarixi bir dövrə nəzər salaraq, müzakirələrimizdə dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik olan və müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri hesab edilən hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradılması və inkişaf yolu ilə bağlı fikirlərimizi ifadə edək.
BƏHRUZ QULİYEV:
- Qafar müəllim, ötən əsrin 90-cı illərində yaranmış ictimai-siyasi ab-havaya, mənzərəyə nəzər salaq. YAP hansı zərurətdən yarandı?
YAP YARANIŞI İLƏ AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ FİKİR, SİYASİ FƏALİYYƏT VƏ MÜBARİZƏLƏR TARİXİNƏ YENİ BİR KEYFİYYƏT GƏTİRDİ
QAFAR ƏLİYEV, YAP Qaradağ rayon təşkilatının sədri:
- İlk olaraq bildirim ki, YAP siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiyadır. O zaman Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü. YAP-ın yaradılması Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan həmin illərdə ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, ölkədə qeyri-sabitlik tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. 30 il əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixində mühüm hadisəyə çevrildi. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini, məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı "91-lər" Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasını irəli sürmüşdür. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara ünvanladığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Məhz bundan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək.
BƏHRUZ QULİYEV:
- Elman müəllim, ötən əsrin 80-ci illərinin sonunda mürəkkəb siyasi situasiya yaranmışdı və həmin dövrü necə xarakterizə edərdiniz?
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ÖZÜNÜN ƏMƏLİ FƏALİYYƏTİ İLƏ DOĞMA XALQININ ƏBƏDİ MƏHƏBBƏTİNİ QAZANARAQ, ƏSL ÜMUMMİLLİ LİDERƏ ÇEVRİLMİŞDİR
ELMAN NƏSİROV, Millət vəkili:
- Artıq həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, SSRİ-nin dağılması labüd idi. Naxçıvanda gedən proseslər Sovet İttifaqının dağıdılmasını sürətləndirmişdi. Ulu Öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etmişdir. 1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. 1990-cı il iyul ayının 22-də Heydər Əliyevin Naxçıvana gəlməsi, elə həmin ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağının qaldırılması böyük hadisə idi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi mühüm bir hadisəyə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq, atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Həmin dövrdə siyasi hakimiyyətdə olanlar Heydər Əliyevin hakimiyyətə gəlməsindən çox narahat idilər. Ancaq Azərbaycan xalqının Heydər Əliyevə ehtiyacı var idi. 1992-ci ilin oktyabr ayının 16-da "Səs" qəzetində 91 nəfər qabaqcıl vətənpərvər ziyalının müraciəti dərc olundu. Həmin ilin oktyabr ayının 24-də Heydər Əliyev "Səs" qəzeti vasitəsilə 91 nəfərin müraciətinə cavab verdi. Ziyalıların Heydər Əliyevə müraciəti və partiya yaratmağa cəlb edilməsi, Onun ziyalılara müsbət cavabı o dövrün əhəmiyyətli hadisələrindən biridir. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı irəli çəkdi və artıq Azərbaycan tanınmağa başlandı. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarından bəhrələnərək, gələcəyə doğru inamla addımlayır. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə inkişaf etdi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.
CƏNUBİ QAFQAZIN ƏN BÖYÜK SİYASİ PARTİYASI OLAN YENİ AZƏRBAYCAN PARTİYASININ NÜFUZU DAVAMLI OLARAQ ARTIR
AZƏR BADAMOV, Millət vəkili:
- Bu gün əlamətdar bir gündür. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda Beynəlxalq Hava Limanın açılışını edirlər. Bu, ölkəmiz üçün olduqca əhəmiyyətli hadisədir. Müasir dövrümüzdə Azərbaycanın hər bir yerində inkişafı görürük. 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini, məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi. YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Partiyamız qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yol keçərək, ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atmışdır. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır. Ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Bu baxımdan, xüsusi vurğulamaq istəyirəm ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradır. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə, Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.
BƏHRUZ QULİYEV:
- Sədrəddin müəllim, YAP-ın loqosunun necə müəyyənləşməsi haqqında fikirlərinizi eşitmək maraqlı olardı.
QAZANILAN NAİLİYYƏTLƏR, İNKİŞAF VƏ TƏRƏQQİ, HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİNİN BƏHRƏSİDİR
SƏDRƏDDİN ƏKBƏRLİ, YAP fəalı, memar:
- İlk olaraq bildirim ki, mən 90-cı illərin əvvəllərində tələbə olaraq Moskva şəhərində təhsil alırdım. Ölkəmizdə baş verən hadisələr Moskvadan, uzaq məkandan daha aydın görünürdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən Bakıya yeridilən sovet ordu hissələri xalqımıza vəhşicəsinə divan tutdu. Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan, məhz Ulu Öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu Öndər Vətəninin harayına yetişərək, beynəlxalq mətbuat konfransı keçirdi, Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açdı. Qeyd edim ki, mətbuat konfransı keçirildikdən sonra, axşam saat 9-da nümayəndəliyə vəhşicəsinə hücum olundu. Təhsilimi baş vurduqdan sonra mənə Naxçıvanda işləmək təklif olundu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmlətdi, Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaranmışdı, amma olun loqosu yox idi. 80-nə qədər mənim variantım var idi. Onları Heydər Əliyevə təqdim etmək üçün məni Naxçıvana göndərdilər və Ulu Öndərlə görüşüm. Həmin loqolardan üçünün üzərində dayandı, amma sovet dövründə də ulduzla ifadə olunan loqolar çox olubdur. Ulu Öndərin ağac diqqətini xüsusi olaraq cəlb etmişdir. Həmin loqonun üzərinə dayandı və bu, YAP-ın simvoluna çevrildi.
BİZ XOŞBƏXT GƏNCLİYİK Kİ, BELƏ DÖVLƏTDƏ YAŞAYIRIQ
FƏRƏH MƏCİDZADƏ, YAP Suraxanı rayon təşkilatının fəal gənci:
- Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Bu gün biz xoşbəxt gəncliyik ki, belə bir dövlətdə yaşayırıq. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu gün Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Mənim bir gənc olaraq, 2019-cu ildə seçkili orqanda iştirak üçün namizədliyimin irəli sürülməsi və bələdiyyə üzvü seçilməyim gənclərə olan diqqətin bir nümunəsidir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür. YAP gənləri fəaldırlar və müxtəlif səpkili layihələrin keçirilməsində təşəbbüskardırlar. Bizim Azərbaycan ordusu zəfər qazanmış bir ordudur. Müasir gəncliyin belə vətənpərvər ruhda formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndər və Onun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan diqqət-qayğısı daim göz özündədir. Biz bu gün fəxr edirik ki, rəhbərimiz Cənab İlham Əliyevdir.
(ardı var)
Nəzakət ƏLƏDDİNQIZI