Bildiyimiz kimi, bu gün texnologiya və tibb sürətlə inkişaf edir. Bu səbəbdən də günümüzdə bir çox insanlar bədənlərində, yaxud üzlərində özlərinə xırda da olsa kompleks etdiyi bir şeyi estetik əməliyyat etdirirlər.
Estetik əməliyyat artıq cinslərə bölünmür. İndi həm kişilər, həm də qadınlar fiziki cəhətdən xoş görünməyəndə plastik əməliyyata müraciət edirlər. Həm sağlamlıq, həm də fiziki gözəllik baxımından üstünlük verilən estetik əməliyyatlar bədənin yenidən qurulmasını təmin edir. Bu əməliyyatların bəziləri dünyada tez-tez həyata keçirilir.
Bəs, estetik əməliyyat etdirmək günahdırmı? Hansı hallarda günah hesab edilir? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Artıqlıq, eybəcərlik, yanıq, çəpgözlük və s. aradan qaldırılması dini cəhətdən günah deyil. Çünki o, lazımdır.
Bəs, ən geniş yayılmış estetik əməliyyatlar hansılardır?
Burun estetiki
Rinoplastika - estetik aləmdə ən çox tətbiq edilən əməliyyatlardan biridir. 18 yaşdan yuxarı hər kəsə tətbiq olunan rinoplastika çox populyardır. Bir çox insan üçün üzünə uyğun bir buruna sahib olmaq estetik gözəllik baxımından böyük əhəmiyyət kəsb edir. Rinoplastika ilə burnun təbii görünməsi və insanın üzünə uyğun olması üçün yenidən qurulması mümkündür. Bu əməliyyat tənəffüs problemi və burun sınığı kimi müxtəlif sağlamlıq problemlərinə görə də edilə bilər.
Rinoplastika əməliyyatı 2 mərhələdə həyata keçirilir.
Əməliyyatdan əvvəl həkim nəzarəti altında ediləcək dəyişikliklər planlaşdırılır və xəstə lokal anesteziya ilə əməliyyata alınır. Burun sümüyü və qığırdaqlarında lazımi konfiqurasiya təmin edildikdən sonra tikişlər qoyulur.
Ümumiyyətlə, burun əməliyyatı təxminən 40 dəqiqə çəkir və xəstə eyni gündə evə buraxılır. Əməliyyatdan 7-10 gün sonra tikişlərin alınması ilə rinoplastika əməliyyatı tamamlanır.
Ancaq əməliyyatdan sonra burnun oturması adətən bir neçə ay çəkir, ona görə də ilk 2 ayda günəş eynəyi istifadə etmək qadağandır.
Burun estetik əməliyyatı həm plastik cərrahlar, həm də LOR mütəxəssisləri tərəfindən həyata keçirilən əməliyyatdır.
Sinə estetiki
Bu əməliyyat adətən inkişaf etməmiş döş toxumasını dolğunlaşdırmaq və həcmini artırmaq üçün edilir. Həm də hamiləlikdən sonra südvermə səbəbi ilə sallanan sinənin qaldırılmasını və bərpasını təmin edir.
Sinə böyütmə əməliyyatlarında istifadə edilən implantların növü və forması fərqli olsa da, struktur baxımından hamısı silikon üzlüklüdür. Ümumiyyətlə, sinə böyütmə əməliyyatı bədəndə görünən çapıqlar olmaması üçün qoltuq altında aparılır. Əməliyyat müddəti təxminən 1-2 saatdır.
Bunun xaricində sinə kiçiltmə və qaldırma əməliyyatları tez-tez həyata keçirilir. Çox böyük olan və sağlamlıq problemlərinə səbəb olan artıq döş toxumasının çıxarılması sinə kiçiltmə, sallanan sinənin yenidən qurulması isə sinə dikləşdirmə əməliyyatı sayılır.
Sinənin sallanması fiziki görünüş baxımından fərdlərdə narahatlıq yaratsa da, çox böyük döşlər bel və bel ağrısı kimi müxtəlif problemlərə səbəb olur.
Bundan əlavə, həddindən artıq isti havalarda döş toxuması altında göbələk və infeksiya inkişafı müşahidə edilə bilər. Sinə estetik əməliyyatlarında ortalama sağalma müddəti 2 həftədir və xəstə 3 həftə ərzində gündəlik həyatına qayıda bilir. Təxminən 2 aydan sonra idman fəaliyyətlərinə başlaya bilər.
Liposaksiya
Liposaksiya - ümumiyyətlə qadınlara tətbiq edilən, bud və omba nahiyyələrindəki artıq piylərin çıxarılmasına imkan verən estetik əməliyyatdır. Bəzi hallarda qarın nahiyəsinə və ətrafına liposaksiya tətbiq oluna bilər.
Liposaksiyanın ultrasəs, lazer və klassik daxil olmaqla müxtəlif növləri var. Hansı növ liposaksiyadan istifadə ediləcəyi əməliyyatın aparılacağı nahiyədən, piy toxumasından və həkimin tövsiyəsindən asılıdır.
Əməliyyatda xəstəyə ümumi anesteziya tətbiq edilir. Daha sonra nahiyədəki yağ toxumaları parçalanaraq bədəndən çıxarılır.
Əməliyyatdan sonra xəstə bir neçə gün xəstəxanada qala bilər və təxminən 3 həftə korset taxmalıdır. 3 həftə sonra gündəlik rahat həyata qayıtmaq mümkündür, lakin ağır idman hərəkətlərinə başlamaq üçün bir neçə ay gözləmək lazımdır.
Qarın gərmə
Mini qarın gərmə əməliyyatı keysəriyyə əməliyyatına bənzər kəsiklər edilərək cinsiyyət bölgəsi ilə göbək arasındakı sallanmanın azaldılması ilə həyata keçirilir. Tam qarın gərmə əməliyyatı çanaq səviyyəsində kəsiklə aparılır. Bu əməliyyatda göbək çıxarılır, hamiləliklə ayrılan əzələlər bir-birinə tikilir, qarın boşluğuna korset tikilir və qarın nahiyəsi sıxılır. Qarın gərmə liposaksiya ilə birlikdə tətbiq oluna bilər. Doğuş və sürətli kökəlmə nəticəsində yaranan çatların aradan qaldırılmasında da təsirlidir.
Abdominoplastika ümumiyyətlə qarın nahiyəsində çox sayda çat və sallanma olan qadınlara tətbiq edilir. Əməliyyatdan sonra 2 həftə ərzində sağalma əldə edilir və 3 həftədən sonra gündəlik həyata qayıtmaq mümkündür. İdmana 1,5 ay ərzində başlamaq olar, amma əməliyyatdan sonra dənizə, hovuza getməzdən əvvəl ən azı 4 ay gözləmək lazımdır.
Üz gərmə
Üz gərmə estetikası müəyyən yaşdan sonra göz və dodaq ətrafındakı qırışları, qara dairələri və qocalma əlamətlərini aradan qaldırmaq üçün tətbiq edilir. Alın və boynu əhatə edən bu əməliyyat həkim nəzarəti altında olan insanın ehtiyaclarına uyğun formalaşdırılır.
Yanaq xətlərinin aydınlaşdırılması, sallanan hissələrin yığılması, qırışların və gülüş xəttlərinin aradan qaldırılması kimi prosedurlar üzü canlandırmaq və cavanlaşdırmaq üçün təmin edilir. Bu əməliyyatların uzunmüddətli olması üçün adətən müəyyən bir müddətdən sonra təkrar edilməsi lazımdır.
Estetik əməliyyatlar adətən ideal insan görünüşünü əldə etmək üçün edilir. Lakin bəşəriyyət minilliklər ərzində öz görünüşünü və formasını dəyişib. Bunların bir çoxu sanki insan cildindən çıxmaqdır. Buna ingiliscə "bədən modifikasiyası" deyilir.
Estetik əməliyyatlar ümumiyyətlə İslam dinində məcburi olmadıqca edilməməsi lazım olan bir tətbiq olaraq təyin olunur. Bunu Nisa surəsinin 119-cu ayəsi də sübut edir. Bu ayədə qeyd edilib ki, Şeytanın əmr etdiyi “Allahın yaratdığının, yəni təbii olanın dəyişdirilməsidir. Bu səbəbdən bir əməliyyatla doğuşdan gələn xüsusiyyətin dəyişdirilməsi “şeytani” bir iş kimi qəbul edilir. Ancaq tibbi zərurət yarandıqda, etdirmək olar.
Plastik cərrahiyyə müdaxilələri ilə bağlı aşağıdakı qayda və tədbirləri qeyd etməklə ümumi qiymətləndirmə aparıla bilər:
1. Bədənə müdaxilə yalnız tibbi ehtiyac və zərurət halında, bir növ müalicə olaraq tətbiq edilməli və bu həddi aşılmamalıdır.
2. Daha asan və sadə yol estetik əməliyyat olmamalıdır. Yəni, asan yol dedikdə estetik seçilməməlidir.
3. Məqsəd ilkin təbiəti dəyişmək olmamalı, fitri (genetik) xüsusiyyət və forma, yaş və təbii inkişafları dəyişmək niyyətində olmamalıdır.
4. Aldatmağa, anlaşılmazlığa gətirib çıxarmamalı və belə bir məqsəd daşımamalıdır.
5. Qarşı cinsə bənzəmək niyyəti olmamalıdır.
Kamil bir yaradıcı olan Allah bizlərə öz üstün qüdrətini göstərir. Çənə sınığı, burun əyriliyi, dodaqların şişməsi, üz yanıqları kimi anadangəlmə və ya qazanılmış şərtlərin düzəldilməsi müalicədir, estetik əməliyyat deyil. Burun kəsilibsə, burnunun düzəldilməsi də bir müalicədir. Bunlar estetik müalicənin əhatəsinə düşür. Dinimiz baxımından bunun heç bir qəbahəti yoxdur. Ancaq Allahın yaratdığından başqa bir insana çevrilmək istəyən kişi və qadınlara bu tip əməliyyatlar qadağandır. Bu Allahın yaratdığına müdaxilə və insanları aldatmaqdır.
Hər dövrün və yaşın öz gözəlliyi var. Yaşlanmaq istəməyən insanların üz gərdirmə kimi əməliyyatları dinimizə ziddir. Əgər dəhşətli qüsur yoxdursa, digər hallar Allahın fitrətinə müdaxilə olduğu üçün haramdır.
Əgər burunda ət varsa, onu kəsdirmək caizdir. Çünki Allah bizim üçün dində heç bir çətinlik yaratmamışdır. Yuxarıda izah etdiyimiz hədisdəki “gözəllik üçün” kəlməsi məsələyə aydınlıq gətirir. Plastik cərrahiyyə və bədəndəki dəyişikliklər vacib bir nöqsanı və ya nasazlığı aradan qaldırmaq niyyəti ilə deyil, gözəllik niyyəti ilə edilərsə haramdır. Əgər bir zərər və çirkinliyi aradan qaldırmaq niyyəti ilə onu adi hala gətirmək üçün edilsə, caiz olar. Buna əsasən, nəfəs almasına mane olan burun ətinin çıxarılması müalicə olacağı üçün dini cəhətdən heç bir etiraz yoxdur.
Beynəlxalq Estetik Cərrahlar Birliyinin (ISAPS) 2015-ci il üzrə hesabatına görə, bir ildə 3,969,147 üz estetik əməliyyat reallaşdırılıb. 1,264,702 prosedur göz əməliyyatı, 730,287 prosedur rinoplastika üzrə olub. 2015-ci ildə 758,590 abdominoplastika, 50,086 vaginal cavanlaşdırma, 1,394,588 liposaksiya, 2,790,138 süd vəzlərinin estetik əməliyyatı həyata keçirilib. Araşdırmalara əsasən, dünyada bu bazarın həcmi illik 13-33% artır. Yaxın üç ildə dövriyyənin 240 milyard dollara çatacağı gözlənilir. Lakin bir məqamı da vurğulayaq ki, hələ də qeyri-cərrahi prosedurların sayı çoxluq təşkil edir. Dünyada 21,696,671 qeyri-cərrahi estetik prosedur reallaşdırılıb.
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: “İnsan üçün zərurət hal əmələ gələrsə, estetik əməliyyat etdirmək günah deyil. Bəs, bu zərurət hallara nələr daxildir? Məsələn, insanın üzündə, gözündə, bədəninin hər hansı bir hissəsində qəza nəticəsində olan hallar, yaxud yanıq yarası olan insanlar məcburiyyət qarşısında qalıb estetik əməliyyat etdirə bilər. Buna heç bir qadağa və məhdudiyyət yoxdur.
Amma insanın səbəbsiz yerə estetik əməliyyat etdirməsi doğru deyil. Yəni, öz orqanizmini təhlükəyə ataraq sırf gözəllik üçün estetik əməliyyat etdirə bilməz. Gözəllik üçün orqanizm təhlükəyə atılarsa, bu günah hesab edilir.
Əgər insan üçün can təhlükəsi yoxdursa və həkim tam şəkildə qarantiya verirsə ki, hər şey qaydasında gedə bilər, bu zaman insan azaddır.
Məsələn, insanlar gözəllik üçün də bunları edir. Əgər insanın cəmiyyətdə burnu, ayağı, qolu, barmağı qınaq yaradırsa, belə bir hal varsa, onu əməliyyat etdirirlər. Buna heç bir qadağa yoxdur. Dində yeganə qadağa odur ki, insan üçün ölüm təhlükəsi yaranacaqsa, bu riskə gedilməməlidir. Digər hallarda insan ixtiyarı və azaddır”.
Bəs, estetik əməliyyat qiymətləri dünyada və ölkəmizdə hansı qiymət aralığındadır?
Həkiminizin təcrübəsi, işinə hörməti, əməliyyat zamanı və əməliyyatdan sonra sizə təqdim edəcəyi nəticələr və baxım xidmətləri plastik cərrahiyyə qiymətlərini təyin edən ən mühüm amillərdir.
Əməliyyatla bağlı nüanslar:
Plastik əməliyyatın müddəti, əməliyyatın çətinliyi,
Əməliyyatdan sonra xəstəxanada qalma,
Cərrahiyyədə istifadə olunan cərrahi materialların yenilənmə müddətləri,
Əməliyyatda sizin üçün istifadə olunacaq birdəfəlik materiallar,
Həkiminizin bu mövzuda aldığı əlavə təlim,
Korsetlər, sarğılar, sarğı materialları,
Reanimasiyaya ehtiyac duyma ehtimalı
Optimal iş mühiti üçün işıqlar, fotoqrafiya, video qeyd sistemləri.
Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə yerli həkimlər tərəfindən edilən rinoplastika əməliyyatlarının qiyməti 2017-ci ildə 1100-2000 AZN, türk həkimləri tərəfindən edilənlər isə təqribi 1800-3000 AZN aralığındadır.
Türkiyədə də plastik əməliyyatların qiymətləri klinikaların veb səhfələrində göstərilmir. Müxtəlif jurnalist araşdırmalarına görə, estetik rinoplastikanın dəyəri 3000 -12000 tl (1419-5676) arasında dəyişir.
Ayşən Vəli