Dmitri Verxoturov: Sülh üçün ilk növbədə sərhədlərin delimitasiyası vacibdir - MÜSAHİBƏ

20 Oktyabr 2022 14:40 (UTC+04:00)

Rusiyalı ekspert: “Regionda sülhün əldə olunması Ermənistanın Avropa ilə rəqsindən daha çox əhəmiyyətlidir”

Postsovet məkanı üzrə tanınmış rusiyalı ekspert, publisist və ictimai xadim Dmitri Verxoturov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda baş verən hadisələr və gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İran ordusunun Azərbaycanla sərhəddə keçirdiyi təlimləri necə şərh edərdiniz?

- Mən bunu dəfələrlə demişəm: Ermənistan İran üçün ticarət pəncərəsidir və Tehran sanksiyalara məruz qaldığından və onunla az ölkə ticarət etdiyi üçün bu problem orada həm də Ermənistan ərazisindən istifadə etməklə həll olunur. Göründüyü kimi, İran Ermənistan ərazisindən həm mal, həm də pul nəql edir. Hesab edirəm ki, eyni səbəbdən Ermənistanla sərhəd İran üçün strateji əhəmiyyət kəsb edir və Tehran bu ticarət dəhlizini bağlamaq istəməzdi.

- Bəs Brüsselin təmsil etdiyi avropalı vasitəçilərin iştirakı ilə Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı normallaşması prosesini necə qiymətləndirirsiniz?

- Açığını desəm, danışıqlar prosesində heç bir irəliləyiş görmürəm. Görünən odur ki, Paşinyan çox da aydın olmayan məqsədləri və qeyri-müəyyən nəticələri olan qəribə siyasi oyun aparır ki, bu da hətta Ermənistanın özündə də çaşqınlıq və qınaq doğurur. Ona görə də, çətin ki, avropalı vasitəçilərin iştirakı ilə hər hansı sazişi danışıqlar prosesində irəliləyiş adlandırmaq olar. Əslində, xəritələrdə sərhədlərin delimitasiyası və cızılması və mübahisələrin sülh yolu ilə həlli üçün komissiya yaradılmalı idi. Bu halda müəyyən irəliləyişdən danışmaq olar. Və bu gün, məncə, müsbət tendensiyalar görünmür.

- Bu yaxınlarda Fransa prezidenti Rusiya Federasiyasının Cənubi Qafqazdakı siyasətindən, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçilik rolundan çox xoşagəlməz tərzdə danışdı. Parisin bu hücumunu necə şərh edərdiniz?

- Makronun üslubundan deyə bildiyimə görə, o, hər zaman Cənubi Qafqazda münaqişəni qızışdırmağa və bununla Rusiyaya əlavə problem yaratmağa, onu Ukrayna problemindən yayındırmaq ümidi ilə çalışır. Bu hesablamanın özünü doğrultmayacağı aydındır, lakin belə bir cəhd baş verir.

Digər bir məsələ odur ki, Rusiya üçün Cənubi Qafqazda sabitliyin qorunması vacibdir və bunun üçün Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Rusiyanın marağı ondan ibarətdir ki, qonşu dövlətlər vahid coğrafi məkanda dinc yanaşı yaşasınlar.

Eyni kontekstdə Türkiyə faktorunu da qeyd edərdim. Mövcud vəziyyət Türkiyəyə bir çox münaqişələrdə vasitəçiyə çevrilmiş nüfuzlu bir ölkə olmaq üçün tarixi şans verib. Və güman edirəm ki, hətta Praqada Ərdoğanla Paşinyan arasında ünsiyyət imkanının olması faktında da Türkiyənin rolu görünür. Aydındır ki, Ankara da Rusiya kimi bu münaqişəni həll etməyə çalışır və onun vasitəçilik səyləri də Bakı ilə İrəvan arasında danışıqlarda faydalı ola bilər.

- Son zamanlar Fransa siyasi isteblişmenti anti-Azərbaycan kampaniyasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Bu proseslərin arxasında nə dayanır?

- Avropalı siyasətçilərin indiki məntiqini anlamaq çətindir, çünki onlar çox vaxt öz maraqlarının ziyanına hərəkət edirlər. Belə olan halda Fransa Azərbaycanı anti-Azərbaycan qətnamələri ilə özündən uzaqlaşdırmamalı idi. Güman edirəm ki, bu yolla Parisdə Azərbaycana təzyiq göstərməyə çalışırlar ki, Ermənistana qarşı daha itaətkar olsunlar.

-Ermənistan hansı məqsədlə Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib?

- İnanıram ki, Nikol Paşinyan, Azərbaycanla sərhəddə yeri gəlmişkən, artıq iflasa uğramış Aİ missiyasının yerləşdirilməsi ideyasını irəli sürməklə Avropa İttifaqına xidmət etmək istəyib və bundan özü üçün nəsə alacağını gözləyir. Düşünmürəm ki, avropalı müşahidəçilər hansısa yolla münaqişə vəziyyətini dəyişsinlər, birincisi, onlara inam yoxdur, ikincisi, onların bu problemi həll etmək səlahiyyəti yoxdur.

Digər tərəfdən, Ermənistan-Azərbaycan sərhədi ilə bağlı məsələlər Bakı və İrəvanın daxili işləridir. Bəli, Rusiya və Türkiyəni vasitəçi kimi- birlikdə və ya ayrı-ayrılıqda dəvət edə bilərlər, lakin Azərbaycan-Ermənistan sərhədində avropalı müşahidəçilərin olması, fikrimcə, danışıqlar prosesinə heç bir irəliləyiş gətirməyəcək.

- Cavablarınıza əsasən, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması ehtimalı həddən artıq azdır?

- Mən hesab etmirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağını gözləmək lazım deyil, amma münaqişə uzanır, orada çoxlu iştirakçılar, deməli, bir çox maraqlar var. Müvafiq olaraq, sülh yolu ilə həll prosesi də uzun çəkəcək. İndiki mərhələdə bütün mübahisəli məsələlərin həlli üçün ilk növbədə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası vacibdir. Bu, Ermənistanın Makron və Aİ ilə rəqs etməsindən daha vacibdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.