Xəstəliklə mübarizənin əsas yolu erkən diaqnoz və erkən müalicə hesab olunur

19 Oktyabr 2022 16:24 (UTC+04:00)

Oktyabr ayında bütün dünyada Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə aylığı keçirilməsi artıq ənənə halını alıb. SİA xəbər verir ki, aylığın keçirilməsini ilk dəfə 1993-cü ildə Dünya Səhiyyə Təşkilatı elan edib. Bu xəstəliklə mübarizə aylığı hazırda dünyanın 44 ölkəsində qeyd edilir. Onkoloji qadın xəstəlikləri sırasında süd vəzi xərçəngi birinci yeri tutur və bu xəstəliyə tutulanların sayının ildən-ilə artması böyük narahatlıq doğurur. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin sonoloqu Tükəzban Abdullayeva bildirib ki, süd vəzi xərçəngi, süd vəzi toxumasını əmələ gətirən hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır. Bu hüceyrələrin mutasiyası nəticəsində yaranan bir xəstəlikdir. Artıq bir neçə ildir ki, dünyada xərçəngin hər səkkiz hadisəsindən birində döş şişi əmələ gəlir. İlkin mərhələlərdə şişin əmələ gəlməsi ağrısız və demək olar ki, simptomsuz keçir, buna görə də erkən mərhələlərdə nadir hallarda xəstəlik aşkar edilib diaqnoz qoyulur. Bu xəstəliklərdən ölüm hallarının çox olması bütün bədənə yayılan və ilk növbədə limfa düyünlərinə, sonra isə digər orqanlara təsir edən metastazlarla bağlıdır. Süd vəzi xərçəngi uzun müddət aşkar edilməzsə, diaqnoz qoyulmazsa, xəstəliyə qalib gəlmə ehtimalı bir o qədər azdır.

Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə Gününün qeyd edilməsində məqsəd süd vəzi xərçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarının izah edilməsi, başqa sözlə, insanları bu sahədə maarifləndirməkdir.