Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-laborantı Səbinə İbrahimova “Laborator diaqnostikada molekulyar-genetik müayinələrin əhəmiyyəti” mövzusunda ətraflı məlumat verib. SİA xəbər verir ki, dr.Səbinə İbrahimova bildirib ki, tibb elmində artıq çox aktual olan molekulyar-genetik müayinələrin inkişafı, onların klinikada istifadəsi və aparılan genetik analizlərin laborator diaqnostikası böyük əhəmiyyətə malikdir.
İlk növbədə, insan genomu, insan genetikası və müxtəlif patoloji proseslərin nəticəsində yaranan genetik xəstəliklər müasir dövrün aktual problemləridir və insandan olan nümunələrin genomunun nukleotid ardıcıllığının sintez edilib, öyrənilməsi çox vacibdir. Genetik analizlərin aparılması üçün spesifik üsullar istifadə olunur:
Genealoji üsul; Əkizlər üsulu; Sitoloji üsul; Biokimyəvi üsul; Populyasiya üsulu; Molekulyar-genetika üsulu.
Son əsrdə sürətlə yayılaraq böyük insan tələfatına səbəb olmuş İspan qripi, qara yara, taun, vəba, quş qripi (H1N1), ebola, HİV, MERS, SARS COV-2 kimi yoluxucu mikrobial xəstəliklər tibb, səhiyyə və insan sağlamlığı sahəsində ciddi problemlər yaradıb. Bu problemlərin öhdəsindən gəlmək üçün molekulyar-genetik müayinələrin inkişafı çox vacibdir.
Molekulyar-genetika üsulu-Polimeraz Zəncirvari Reaksiyasının (RT-PCR) köməyi ilə, məsələn, hepatitlərin HBV, HCV və s. mürəkkəb genotiplərinin təyini, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplasma, xlamidiya, sitomeqalavirus, herpes I və II, mikoplasma və bir sıra başqa infeksiyalar aşkar olunur. Qeyd olunan üsul xüsusən bakteriya və virus etiologiyalı olan xəstəliklərdə üç suala cavab verir: 1. anormal genin və patogen mikrobun olub-olmamasını müəyyənləşdirir; 2. “müalicə etməli və ya etməməli” - suallarına cavab verir; 3. aparılan terapiyanın keyfiyyətinin nəzarətinin aparılmasını təyin edir.
Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının əsas məqsədi:
Yeni növ koronavirus (COVİD-19) infeksiyasını digər kəskin respirator infeksiyalardan (KRİ) ayırd etmək o gədər də asan deyil, çünki əlamətlər qeyri-spesifikdir və istənilən virus xəstəliklərdə həmin əlamətlərə rast gəlmək mümkündür. Məsələn, “İnfluenza” A virusu klassik gedişatında yüksək hərarət, baş ağrısı, öskürək, gözdə konyunktivit kimi əlamətləri ilə oxşardır və bütün KRİ-də müşahidə edilə bilər. SARS COV-2-nin “omikron” variantının xüsusi simptomları hələ də öz təsdiqini almayıb və fərddən fərdə dəyişə bilər. Simptomlardan daha çox yayılan (“omikron” variantına yoluxan xəstələrdə) başağrısı, əzələ ağrısı, hərarət, yuxarı tənəffüs yollarında öskürmə və asqırmanın daha az olması müşahidə olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq molekulyar-genetik müayinələr aparılmalıdır.
Mutasiya nəticəsində virusun yoluxdurucu gücü artıb, ancaq SARS COV-2-nin yeni variantların patogenliyi zəifləyib. Qeyd etmək istərdim ki, virusun alfa, betta, qamma, delta və “omikron” ştamları onu göstərir ki, virusun yayılma imkanları nə qədər çox olarsa, onun dəyişmə, yəni mutasiya imkanları da bir o qədər çoxdur. Və əlavə eləmək istərdim ki, mutasiya virusun yaşama formasıdır və hər dəfə virus mutasiyaya uğrayaraq bir xüsusiyyətini itirir, digər yeni xüsusiyyətləri əmələ gətirir.
ÜST-ün məlumatlarına görə dünyada “omikron” ştamının –B.A.4 və B.A.5 mutasiyaya uğramış genetik variantlarının və onların subvariantlarının B.A.2.75 (“kentavr”) və BQ.1.1 (“Cerberus”) yayılması təsdiqlənir. Virusun yeni variantları, əhalinin əksəriyyətində immunitetin zəiflədiyi, fərdi və ictimai qoruyucu tədbirlərinin maksimum dərəcədə zəiflədiyi, mövsümi iqlim dəyişikliklərinin KRİ-nın yayılmasına səbəb olduğu bir vaxtda gəlir.
Sonda qeyd etmək istərdim ki, geniş istifadə olunan PZR testləri və antigenə əsaslanan sürətli diaqnostik testlər SARS COV-2-nin aşkarlanmasında davam edir.