Bill Qeyts “Taliban”la əməkdaşlığından danışdı - FOTO

18 Oktyabr 2022 05:12 (UTC+04:00)

Amerikalı milyarder Bill Qeytsin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan “Bill və Melinda Qeyts Xeyriyyə Fondu” Əfqanıstanda “Taliban” hərəkatının hökuməti ilə əməkdaşlıq edir. SİA xəbər verir ki, bu barədə biznesmen “The Telegraph” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, poliomielitlə mübarizə çərçivəsində fondun tərəfdaşları Qətərdə “Taliban”la görüşüblər. Bununla belə milyarder əlavə təfərrüatlar açıqlamayıb.

Özünün “Taliban” nümayəndələri ilə görüş keçirməyə hazır olub-olmaması ilə bağlı suala isə milyarder birbaşa cavab verməyib.

“Düzünü desəm, bu mövzunun məxfi olub-olmadığını bilmirəm. Mən poliomielit kampaniyasına kömək etmək üçün çox şey edərdim. Bu, fondun əsas prioritetidir”, - deyə o, vurğulayıb.

Biznesmen bütün dünyada poliomielitlə mübarizə üçün əlavə 1,2 milyard dollar ayrıldığını da açıqlayıb.