Biz 30 il əzəli torpaqlarımızdan aralı qaldıq. 30 ilin həm əvvəlində, həm də axırında minlərlə şəhid verdik, qazi qazandıq. Yüzlərlə itkinimiz oldu ki, bu gün də gözlərimiz yollarda onları axtarır, onları gözləyirik.
Biz torpaqlarımızı itirmişdik. 30 il idi ki, əzəli yurdlarımız yağı tapdağı altında idi. Sərvətlərimiz talan edilmiş, yurdlarımız viranəyə çevrilmişdi. 30 ilin əvvəlində dövlətimizə rəhbərlik edənlərin bağışlanmaz günahı ucbatından itirdiyimiz torpaqlarımız və 30 ilin sonunda işğaldan azad edilmiş torpaqlarımız uğrunda canından, sağlamlığından keçən Vətən oğullarının böyük əksəriyyəti şəhid və qazi oldu.
Dövlətimiz həm Birinci, həm də İkinci Vətən müharibəsində şəhid olan vətəndaşlarımızın ailələrinə, həm də qazilərimizə hərtərəfli köməklik, diqqət, qayğı göstərir. Onlar mənzillə, avtomobillə təmin olunur, birdəfəlik pul yardımları alır, yaranan bütün problemləri dərhal aradan qaldırılır.
Bəli, dövlətimiz hər an öz şəhidinin ailəsinin və qazilərimizin arxasındadır. Lakin bir sual meydana çıxır: şəhid ailələrinə və qazilərimizə qayğı tək dövlət tərəfindən göstərilməlidirmi? Əlbəttə ki, xeyr. Onlara qayğı hər bir vətəndaşın, xüsusilə şirkət rəhbərlərinin, sahibkarların, ümumilikdə hər kəsin borcudur. Lakin bunu edirikmi?
Canlarını Vətənimiz, torpaqlarımız, ərazi bütövlüyümüz yolunda qurban verən şəhidlərimiz, sağlamlıqlarını itirən qazilərimiz- Zəfərimizin memarları bizim hamımızın 30 illik nisgilinə, kədərinə son qoydular. 30 il əvvəlki şəhidlərimiz də ərazi bütövlüyümüz, Vətənimiz üçün canlarından keçmişdilər. Onlar ümumilikdə bir amal üçün döyüşdülər, şəhid və qazi oldular.
Torpaq namus, şərəf məsələsidir. Onlar bizim namus və şərəfimizmi xilas və azad etdilər. Mənliyimizi, mənəviyyatımızı - torpağımızı bizə qaytarıb, özləri bu dünyadan köç etdilər və yaxud da sağlamlıqlarını itirib bir ömür məhdud sağlamlıqla yaşmağa məcbur oldular.
Belə isə onların həyat yoldaşına, övladlarına qayğı, kömək, diqqət nə üçün tək dövlətimizin üzərinə düşməlidir? Bizim milli sərvətlərimiz hesabına milyonlarla gəliri olan şirkət sahiblərimiz, sahibkarlarımız, iş adamlarımız var. Nə üçün gözləyirlər ki, şəhid ailələrinin və qazilərin bütün problemləri dövlət tərəfindən həll olunsun? Onlar şəhid ailələri və qazilərimiz üçün nə lazımdırsa, edə bilərlər. Özlərinin işə, övladlarının baxçalara düzəlməsində, gündəlik qarşılaşdıqları bütün problemlərin həllində yardımçı ola bilərlər. Ayrı-ayrı rayonlarımızda onlarla belə şəxslər var. Düzdür, eşidirik də, bilirik də ki, onlar arasında şəhid ailələrinə və qazilərimizə köməklik göstərən, qayğıları ilə maraqlananlar var. Lakin biz onların daha çox sayda olmasını arzu edirik. Çünki şəhid və qazilərimiz hər birimizin övladıdır. Onların arxada qoyduqları ailələri, övladları da hər birimizin bacı- qardaşı, övladı olmalıdır.
Yenə də vurğulamaq istəyirəm. Dövlətimiz onlara hərtərəfli qayğı göstərir. Lakin biz də öz növbəmizdə köməkliyimizi göstərməli, onlardan diqqətimizi əsirgəməməliyik. Onlar heç bir problemlə üzləşməməlidirlər. Çünki onların bu gün olmayanları-şəhidlərimiz və sağlamlığını itirənləri-qazilərimiz bizə torpağımızı bəxş ediblər.
Biz bu dünyada yenə də həyatımıza istədiyimiz kimi davam edirik. Onlar isə bizim xoşbəxt, azad, suveren yaşamağımız üçün canlarını, sağlamlıqlarını qurban veriblər. Arxada qoyduqlarını isə bizlərə əmanət ediblər. Belə olan halda onlara qayğı hər bir vətəndaşın işidir, borcu və vəzifəsidir.
Elə kiçik problemlər var ki, onları yerindəcə həll etmək asandan asandır. Lakin bəzi hallarda həmin problemləri böyüdüb dövlət qurumları səviyyəsinə qaldırırıq. Bizə bu, yaraşarmı? Şəhid ailəsinin bir nümayəndəsinin və hər hansı qazimizin problemini həll etməyə, ailəsinə baş çəkməyə, qayğıları ilə maraqlanmağa, ehtiyaclarını vaxtında həll etməyə bizlər axı borcluyuq. Biz bunu etməliyik. Bacarmırıqsa, dövlətimizdən öyrənməliyik. Dövlətimiz şəhidinin ailəsini, qazisini necə diqqətdə saxlayırsa, ona qayğı göstərirsə, bizlər də bunu etməyə borcluyuq. Unutmayaq ki, onların hesabına bu gün qürurla danışırıq. Onların hesabına sülh və əmin-amanlıq şəraitində yaşayırıq və qazanırıq...
Mətanət Məmmədova